Əlaqə Arxiv
news Image
2012.06.05
16:45
| A A A
Azərbaycanda İKT sahəsində təhsil

"Əgər universitetlərdə adi WI-FI sistemi yoxdursa, internetə çıxış yoxdursa, biz hansı İKT-ının təhsildə rolundan və ya İKT sahəsində təhsildən danışa bilərik ki?"

Bu gün müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompyüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır.
Bu səbəbdən də, təsadüfi deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Üçüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İnformasiya – kommunikasiya texnologiyaları cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur.

Azərbaycanda İKT sahəsində təhsilin tarixi çox gənc olsada, müəyyən tədbirlər və addımlar atılmışdır.

Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.

Qeyd edək ki, adi dərs sistemindən fərqli olaraq, kompyüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində  kompyüterdə mümkün olan  bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı" lövhə, həmçinin kompyüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji  biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə  tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

"Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompyüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompyüterdə izləyə bilərlər.
İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.
Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı  şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompyüterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompyüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.

İnformasiya və Texnologiya universitetinin rəhbəri Rasim Əliquliyev verdiyi müsahibəsində ölkədə lazımi kadrların yetərincə olduğunu qeyd etdi: "Azərbaycanda İKT-nın böyük əhəmiyyəti var. Xüsusiylədə təhsil sahəsində, informasiya biliklərinə yiyələnmək 1950 - ci illərindən Azərbaycanda bir sıra istedadlı gənclərin xarici ölkələrə göndərilməsindən başladı. Artıq o vaxtdan kadrlar hazırlanırdı. Hal – hazırda Azərbaycanda təhsil sistemində İKT - na çox böyük əhəmiyyəti var. Bu gün yeni - yeni texnologiyalar meydana gəlir. Və təbiiki bizdə çalışırıq ki, bu texnologiyalar elm prosesində tədbiq edilsin. Bunuda qeyd etmək lazımdır ki, 70-ci illərdə Azərbaycanda iqtisadiyyat, kənd təsərrüfatı üzərində qurulmuşdursa, artıq 70-ci illərdən sonra informasiya texnologiyalarının əsası qoyuldu. Buna baxmayaraq çox az bir müddətdə biz bucür inkişaf etdik. İndi desək ki, təhsil sistemində İKT - na lazım olan yer ayrılmır düzgün olmazdı. Mən demirəm ki, təhsildə hər şey bizim ürəyimizcədir. Lakin unutmamaqda lazımdır ki, İKT-nın tarixi Azərbaycan üçün çox gəncdir, oki qala bizim təhsil üçün.
Hal - hazırda İKT-nın təhsil sistemində tədbiq edilməsi üçün ölkədə bir sıra işlər görülür. Lakin mən əminliklə deyirəm ki, Azərbaycanda İKT üzrə çox savadlı kadrlar var. Bu isə o deməkdir ki, təhsil sistemində İKT-na xüsusi yer ayrılır. Biz bu gün milli kadrlarımızın sahəsində inkişaf edirik".

Bloqçu İlqar Mirzə isə İKT sahəsində təhsilin Azərbaycanda lazımi səviyyədə olmadığını qeyd etdi: "Azərbaycan təhsilində İKT-na böyük əhəmiyyət verilsədə, bu bir o qədərdə inkişaf etdirilməyib. Ali təhsilli gənclərimizin lazımi səviyyədə informasiya texnologiyalarından bilikləri olmur. Bunda isə ilk öncə təhsil sistemi günahkar görülür. Əgər biz ali savaddan danışırıqsa, buna İKT bilikləridə daxildir. Bu isə bu günün gənclərində yox səviyyəsindədir. Çünki təhsil zamanı, istər orta məktəbdə, istərsədə ali təhsil ocaqlarında İKT bilikləri lazımi səviyyədə örgədilmir. Əgər universitetlərdə adi WI-FI sistemi yoxdursa, internetə çıxış yoxdursa, biz hansı İKT-ının təhsildə rolundan və ya İKT sahəsində təhsildən danışa bilərik ki? Hər şeyin əsası təhsil olduğundan, ilk öncə təhsil ocaqlarında lazımi səviyyədə kadrlar yetişdirmək lazımdır".

Bu gün Azərbaycanda, Azərbaycanın təhsilində və onun cəmiyyətində rolu olduqca böyük olan İKT inkişaf etməkdədir. Hər gün sürətlə yenilənən İKT Azərbaycan təhsilində də, öz mühim yerini tutub. Çünki 21-ci əsrdə ölkə inkişafı üçün ilk öncə təhsilin səviyyəsinin yüksək olmasıdır. Bunun üçünsə İKT sahəsində təhsilin inkişafı gərəkdir.

 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz