Bu gün bir sıra ticarət mərkəzlərində müştərilərin müxtəlif yollarla aldadılması hallarına tez-tez təsadüf olunur. Bəzi hallarda Çin istehsalı olan keyfiyyətsiz məhsulların etiketlərinin dəyişdirilərək buraya məşhur brendlərin yarlıqlarının yapışdırılmasına hallarına rast gəlinir. Belə məhsulları məhşur brendin aid olduğu ölkədən gətirilmiş kimi əhaliyə təqdim edirlər. Bu, təbii ki, qiymətlərdə də öz əksini tapır.
Birbaşa olaraq istehlakçıların
hüquqlarının pozulması faktı olan bu halla bağlı Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az saytına verdiyi açıqlamada
qeyd edir: "Ölkədə istehlakçı siyasəti qurulmalı, onların
hüquqları mükəmməl şəkildə qorunmalıdır. Eyni zamanda, satılan hər
bir məhsulun sənədi olmalıdır. Azərbaycanda sənaye mallarının
95%-nin ümumiyyətlə, heç bir sənədi yoxdur. Nə mənşəyi ilə, nə
qiyməti ilə bağlı heç bir sənəd var. Əlbəttə, dövlətin istehlakçı
hüquqlarını qoruyan qurumlarının monitorinqləri, maarifləndirmə
işləri mütəmadi olaraq həyata keçirilməlidr. Bu kimi halların baş
verməsinin səbəbi də lazımlı tədbirlərin həyata
keçirilməməsidir".
İqtisadçı ekspert Natiq Cəfərli problemin
həlli üçün məşhur brendlərin Azərbaycanda rəsmi dilerlərinin
açılmasını təklif etdi: "Bu işin həyata keçirilməsində məqsəd
alıcıların daha çox cəlb edilməsidir. Onlar bilirlər ki, alıcılar
əlbəttə ki, daha çox tanınmış brendlərə üstünlük verirlər.
Ayrı-ayrı brendlərin Çində rəsmi dilerləri olsa da, bu şəkildə
satılan məhsullar qeyri-rəsmi şəkildə istehsal olunanlardır. Bəzi
məhşur brendlər rəsmən Çində istehsalla məşğuldurlar. Kustar
üsulu ilə hazırlanmış, amma üzərində hər hansı bir brendin nişanı
olan malların satışının yayğın olması isə Azərbaycanda və bütün
ölkələrdə var. Bunun qarşısının alınmasının yeganə üsulu nəzarətin
gücləndirilməsi, rəsmi müqavilərlə işlənilməsi, rəsmi dilerlərin
Azərbaycanda fəaliyyət göstərməsidir. Çünki Azərbaycanda iri
brendlərin rəsmi dilerləri olsa, onların öz marağı olacaq ki,
bazarı nəzarətdə saxlasınlar. Hər hansı bir qanun pozuntusu olsa,
bu barədə müvafiq orqanlara xəbər verəcəklər. Bu rəsmi dilerlər
şəbəkəsi Azərbaycanda yaranmasa, saxta məhsulların məhşur brend
yarlığı ilə satılmasına qarşı mübarizə çətin olacaq. Ona görə
də, təşviq proqramları elan edilməli, dövlət rəsmi dilerlərin
Azərbaycana gəlişi üçün daha yaxşı şərait yaratmalıdırlar ki,
onlar da mallarının bazarda qeyri-qanuni şəkildə satılmasına
nəzarət edə bilsinlər və mənfi hal yaşandıqda tez xəbərdarlıq
etsinlər. Problemin həllinin birinci yolu budur.
İkinci problem isə məlumat çatışmazlığıdır. Televiziyalarda, media orqanlarında bu barədə verilişlər təşkil olunmalı, izahlar aparılmalı, əhali bilgiləndirilməlidir. Və istehlakçıların hüquqlarının müdafiəsi ilə birbaşa məşğul olan qurumlar, əsasən də İqtisadiyyat və Sənaye Nazirlyinin müvafiq orqanları bu barədə şikayətlərə operativ baxmalı və daha tez nəticə çıxartmalıdırlar".