Əlaqə Arxiv
news Image
2014.02.04
17:55
| A A A
Çörək hələ də paketlənmədən satılır
İmran Abdullayev: «Çörəyin qablaşdırılması hələ qanunla tənzimlənmədiyinə görə, açıq şəkildə satışına icazə verilir» Eyyub Hüseynov: «Tələb olmasa, çörək də açıq şəkildə satılmaz»

Bu gün şəhərin bir çox mağazalarında yenə çörək məhsullarının açıq şəkildə satıldığını görürük. Məhsulun hazırlanmasında əməl olunan sanitariya qaydaları bir yana, çörəklərin açıq şəkildə piştaxtalara düzülməsi də gigiyenik tələblərə cavab vermir. Bundan başqa, çörəyin daşınmasında xüsusi çörək maşınlarından yox, adi avtomobillərdən istifadə olunur. Halbuki, çörəyin paketlərə qoyularaq, qablaşdırılaraq satışa buraxılması olduqca vacibdir. 

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev Mövqe.az saytına verdiyi açıqlmada Azərbaycanda bununla bağlı konkret qanun olmadığına görə, sahibkarlara açıq şəkildə çörək satmağa icazə verildiyini dedi: "Çörəklə bağlı normativlər qüvvədə deyil. Bu səbəbdən çörəyin paketlənməsi məcburi xarakter daşımır. Ona görə də sahibkarlar çörəkləri qablaşdırmadan da satışa buraxa bilərlər. Amma bu çörəkləri satışa çıxararkən da sanitariya qaydalarının tələblərinə mütləq əməl olunmalıdır. Çörəyin daşınmazdan öncə avtomobildə çörək rəfləri düzəldilməli, geniş tutumlu və bağlı olmalı, əlavə məhsulların daşınmasına yol verilməməlidir. Bütün normativlər gözləndikdən sonra həmin nəqliyyatda çörək daşınmasına icazə verilə bilər.  Qaydalara riayət edilmədiyi təqdirdə, əlbəttə ki, sahibkar inzibati qaydada cəzalandırılır. Yoxlamalar aparılır, müvafiq sənədlər hazırlanır və s. Amma çörəyin qablaşdırılması hələ qanunla tənzimlənmədiyinə görə, açıq şəkildə satışına icazə verilir". 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə çörəyin açıq şəkildə satışının əhalinin tələbatı ilə bağlı olduğunu düşünür: "Bu tamamilə istehlakçının tələbatı ilə bağlıdır. Azərbaycan əhalisi isti çörək yeməyə meyillidir .Nə qədər ki, əhali tələb edir, belə şəkildə çörək satılacaq. İsti çörəyi isə, paketləşdirmək, qablaşdırmaq olmur. Əslində, belə çörək orqanizmə zərərlidir. İsti yeyilən çörək gec həzm olunur və bir sıra mədə-bağırsaq xəstəliklərini yarada bilər. Əhali bu ziyanları başa düşməlidir. Ona görə də, tələb olmasa, çörək də açıq şəkildə satılmaz". 



Sizin Reklam Yeriniz