Azərbaycanda əhalinin mənzilə olan tələbatının artan xətt üzrə inkişaf etdiyi heç kimə sirr deyil. Bununla belə, tikinti sahəsində aparılan işlər tələbata hələ də adekvat deyil. Belə fikirlər səslənir ki, əhalinin mənzillə təmin edilməsi üçün dövlətin proqram qəbul etməsinə ehtiyac var. Bu proqram əsasında ucuz mənzillərin inşasının reallaşdırılması vacib sayılır. Daşınmaz əmlak üzrə eksepertlər bunun nə formada həyata keçirilə biləcəyi haqda Movqe.az-a danışıblar.
"Əmlak Bazarı İştirakçıları" İctimai
Birliyinin eksperti Rövşən Talıbzadə bir çox dünya
ölkələrində həyata keçirilən sosial xarakterli dövlət
proqramlarının Azərbaycanda da tətbiqi üçün geniş imkanlar olduğunu
deyir: "Ümumiyyətlə, beynəlxalq təcrübəyə baxsaq, görərik ki, bir
çox ölkələrdə dövlət tərəfindən bu tip proqramlar həyata keçirilib.
Burda məqsəd ölkə əhalisinin aztəminatlı və yaxud da digər mənzilə
ehtiyacı olan təbəqəsini evlə təmin etməkdir. Sovet dönəmində də bu
kimi addımlar atılırdı. İnsanlar ev almaq üçün növbəyə dayanırdılar
və onlarda hardasa ümid var idi ki, nə vaxtsa növbə çatanda
mənzillə təmin olunacaqlar. Hazırda da bu modelin daha müasirləşmiş
formasını tətbiq etmək olar. Məsələn, ən azı aztəminatlı ailələrin,
ağır iş rejimində çalışan insanların həyat şəraitini yaxşılaşdırmaq
üçün onlara bu kimi mənzillərin tikilməsi məqsədəuyğun olardı.
Düzdür, hal-hazırda bizdə müəyyən peşə sahibləri üçün mənzillər
tikilir. Məsələn, hərbçlər üçün, neft işçiləri üçün, jurnalistlər
üçün və digərləri binalar tikilərək onlara təqdim edilib. Bu kimi
binaların müəyyən ağır iş rejimində çalışan və ya aztəminatlı
təbəqə üçün də tikilməsi doğurdan da gözəl bir hal olardı. Bunun
üçün Azərbaycanda kifayət qədər maaliyyə imkanları, resurslar
mövcuddur. Xüsusən də mərkəzdənkənar ərazilərdə belə şəhərciklərin
salınması, bu kimi evlərin yaradılması ilk növbədə əhalinin
tələbatının ödənməsində mühüm oynayar. İkinci tərəfdən isə bu
tədbir urbanizasiyasının qarşısı alardı. Kənar ərazilərdə kifayət
qədər boş torpaq sahələri var ki, orada şəhər tipli qəsəbələr
salına bilər. Belə bir təklif qəbul olunarsa, müəyyən növbə ilə
hansısa ailələrə evlər verilsə, yaxşı olar. Bu, bizim Mənzil
Məcəlləsində də öz əksini tapır. Proqram ən azından, sosial kirayə
formasında da həyata keçirilə bilər. Kommersiya xarakterli yox,
sosial kirayə formasında bunu etmək olar. Müəyyən faiz ödəməklə
insanlar bu evlərdə məskunlaşıb, zamanla həmin mənzillərə sahib ola
bilərlər. Bunu bələdiyyələrlə qarşılıqlı şəkildə həyata keçirmək
olar".
Ölkədə evsiz insanların çoxalması
nəticəsində sosial gərginliyin yarana biləcəyini deyən "MBA LTD"
şirkətinin rəhbəri Nüsrət İbrahimov da bu istiqamətdə dövlət
proqramlarının həyata keçirilməsinin vacibliyini vurğuladı: "Ölkədə
müəyyən bir mənzil siyasəti qurulmalıdır. O siyasətə uyğun olaraq
müəyyən müddətə qəbul olunmuş proqramlar əsasında əhali evlə təmin
olunmalıdır. Bu gün Azərbaycanda 9,5 milyon əhali var. Bu əhalinin
nə dərəcədə mənzillə təmin olunması və real mənzilə tələbin nə
qədər olması sual altındadır. Bu tələbi ödəmək üçün ildə nə qədər
tikintinin aparılması, hər adambaşına neçə kvadratmetr mənzilin
düşməli olduğu müəyyənləşdirilməli və bu sahədə işlər görülməlidir.
Təbii ki, bugünkü mövcud qiymətlərlə əhalinin hamısı mənzillə təmin
oluna bilmir. Bir qismi üçün qiymətlər uyğundursa, digər qismi üçün
deyil. Kasıb əhalini də evsiz buraxmaq olmaz. Bu səbədən dövlət
müvafiq proqramlar qəbul etməli və ilbəil o proqramın icrası ilə
bağlı hesabat verməlidir".