Əlaqə Arxiv
news Image
2014.02.21
16:22
| A A A
Süni materiallardan hazırlanan təhlükəli məişət əşyaları
Adil Qeybulla: «Elə maddələr var ki, onların istifadəsi həddindən artıq zərərlidir» Eyyub Hüseynov: «İsti xörək, isti su, qida kimi yeyinti məhsulları plastik qablarda saxlanmamalıdır»

Bu gün gündəlik həyatımızda süni materiallardan istifadə kifayət qədər geniş yayılıb və bu proses getdikcə daha böyük sürətlə davam etməkdədir. İstər geyim, istər yeyinti məhsullarını saxlandığı plastik qablar, elə süni materiallardan hazırlanan mebellər, texnoloji alətlər və s. hamısı hər an köməyimizə çatsalar da, onlardan bəzilərinin orqanizmə təsiri haqqında fikirlər birmənalı deyil. 

Artıq həyatımızın mühüm bir hissəsinə çevrilən süni materiallardan tamamilə imtina edilməsinin mümkün olmadığını düşünən tibbi-ekspert Adil Qeybulla Mövqe.az saytına verdiyi aşıqlamada belə materiallardan hazırlanmış əşyaları orqanizm üçün yarada biləcəyi təhlükəli hallardan danışdı: "Əslində, bəzən təbii materialın da orqanizmə mənfi təsiri ola bilir. Məsələn, yun məhsullarından düzəldilmiş geyimlər bəzi insanlarda allergiya yarada bilir. Elə sintetik materiallar da var ki, analoji halın yaranmasına səbəb  olur. Lakin belə materiallardan birdəfəlik imtina etmək də olmur. Çünki, bugünkü həyatımız yalnız təbii materiallardan ibarət deyil. Bütün dünya əhalisini təbii materiallarla təmin eləmək mümkün deyil. Bu sintetik materiallar artıq gündəlik həyatımıza daxil olub. Və məişətimizin çox mühüm bir elementidir. Amma elə maddələr var ki, onların istifadəsi həddindən artıq zərərlidir. Məsələn, plastik qabları götürək. Bu gün plastik qablarda su, ərzaq və s. saxlanılır. Bu qablarda bioksin adlı maddə mövcud olur ki, o da toksiki təsirə malikdir. Bu kimi plastik qablar, Çin istehsalı olan oyuncaqlar həddən artıq zərərlidir. Bunlar haqda həddindən artıq deyilib və yazılıb. Həmin sintetik materiallardan hazırlanmş Çin istehsalı geyim məhsulları ilə də bağlı çox ciddi məlumatlar var. Bu məsələlərlə bağlı müvafiq qurumlar məşğul olmalıdırlar və bu cür zərərli maddələrin respublika ərazisinə idxalına icazə verilməməlidir. Hesab edirəm ki, insanlar elektron KİV-lər, televiziya, qəzet və jurnallar vasitəsilə mütəmadi olaraq məlumatlandırılmalı, maarifləndirilməlidirlər ki, diqqətli olsunlar".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələyə münasibətini bildirdi: "Bunların qida üçün uyğun olanı da var, təhlükəli olanı da. Lakin onlar bir-birindən ciddi fərqlənmirlər. Məsələn, Azad İstehlakçılar birliyinin araşdırmasına görə,hazırda ölkə istehsalatında 2 növ strec filmdən istifadə olunur ki, bunlardan da biri PVC mənşəli olmaqla tərkibində ziyanlı DOP, DOA yağlarını cəmləşib. Həmçinin bu strec filmlər pis qoxulu və sarımtıl rəngli olmaqla digərlərindən seçilir. Azərbaycana Çindən,İrandan, Türkiyədən və digər ölkələrdən idxal olunan PVC strec filmlərin etiketində PVC mənşəli olması gizlədilir, əvəzində isə qida sənayesinə yararlı olduğu qeyd olunur. PVC mənşəli streclər həddindən artıq təhlükəlidir. Ərzaq məhsullarının bükülməsində istifadə edilən PVC mənşəli strec filmlər istehlakçılarda onkoloji xəstəliklərin yaranmasını sürətləndirir.  Biz AİB olaraq bununla bağlı dövlət orqanları qarşısına məsələ qaldırmışıq.  Bu, konkret araşdırılmış məsələdir. Bu gün demək olar ki, bütün broyler zavodları, ət istehsalı obyektləri məhsulun bükülməsində təhlükəli streclərdən istifadə edirlər. Əhali bilməlidir isti xörək, isti su, qida kimi yeyinti məhsulları bu cür  plastik qablarda saxlanmamalıdır. Onun bu cür istifadəsinə icazə verilmir və əhaliyə də məsləhət görülmür".  

Sədr onu da dedi ki, hazırda satışda PVC tərkibli streclərlə yanaşı təhlükəsiz, qorxusuz və şəffaf növlü politelin mənşəli və qida sənayesində istifadəsinə şəraiti olan streclər də var. Onlardan istifadə olunması isə istehlakçı sağlamlığı üçün önəmlidir.

 

 

 


Sizin Reklam Yeriniz