Bir sıra Qərb ölkələrində yüksək ixtisaslı kadrların hazırlanmasında universitetlərlə bərabər, özəl peşə məktəbləri də mühüm rol oynayır. Bu gün Azərbaycanda bir çox sahələrdə ixtisaslı kadrların çatışmadığı bir həqiqətdir. Bu fonda bizdə də yüksək ixtisasıl kadrlar hazırlaya biləcək özəl peşə məktəblərinin yaradılması bu sahədə vəziyyətə necə təsir göstərərdi?
Bu gün özəl sektorun iqtisadiyyatın
böyük bir hissəsini əhatə etiyini deyən ekspert Qüdrət İsaqov bu
fond özəl peşə məktəblərinin də yaradılmasının labüd olduğunu
deyir: "Özəl orta məktəblər olduğu kimi, özəl peşə məktəbləri də
olmalıdır. Bu da onunla bağlıdır ki, bu gün Azərbaycanda özəl
sektor gündən-günə inkişaf edir. Bu sektor gələcəkdə iqtisadiyyatın
demək olar ki, bütün sahələrini əhatə edəcək. Dövlət sektorunun
həcmi get-gedə daha da kiçilir və özəl sektor genişlənir. Məsələn,
neft dövlət sektorudur. Amma gələcəkdə bu da özəlləşdiriləcək.
Energetikanın müxtəlif sahələri də o cümlədən. Yəni, zamanla özəl
sektor öz payını daha da artıracaq. Ona görə də, özəl müəssisələr
və özəl sistem üçün mütləq özəl peşə məktəbləri, liseyləri və s.
olmalıdır. Burda bütün xərclər, özəl sektorun nümayəndəsi
tərəfindən, yəni məktəbin nəzdində olduğu müəssisənin sahibi
tərəfindən ödənəcək. Onlar bu məktəbləri yaratmaqla öz müəssisələri
üçün ixtisaslı kadrlar hazırlayacaqlar. Bizdə özəl sektor inkişaf
etdikcə, özəl peşə məktəblərinin yaradılması da onunla paralel
olaraq inkişaf etməlidir".
Digər ekspert Məhərrəm Zülfüqarlı
isə bu gün Azərbaycanda özəl məktəbləri açacaq böyük
şirkətlərin olmadığını deyir: "Bü gün Azərbaycanda elə böyük
şirkətlər yoxdur ki, onların nəzdində özəl peşə məktəbləri açılsın.
Yaxın zamanlarda yəqin ki, həyata keçirilər. Amma hazırda ölkəmizdə
yeni xarakterli peşə məktəbləri açılıb ki, onlar ixtisaslı kadrlar
yetişdirirlər. Məsələn, Turizm Institutun nəzdində xüsusi
peşə məktəbi yaradılıb ki, bu sahədə mütəxəssislər yetişdirir.
Bundan başqa eyni zamanda Neft Şirkətinin nəzdində də neft
sahəsində çalışmaq üçün texniki sənət sahibləri yetişdirən peşə
məktəbi açılıb. Onları inkişaf etdirmək lazımdır. Artıq bu
məktəblər Sovet dövründəki kimi formal xarakter daşımır və
harda ehtiyac varsa, orda açılır. Ona görə də, özəl peşə
məktəblərinin açılması yəqin ki, bu işin inkişafına kömək
edəcək".