Əlaqə Arxiv
news Image
2014.03.05
15:05
| A A A
Dilimizə qənim kəsilənlər
Sayalı Sadıqova: «Terminologiya Komissiyası tərəfindən bu hallara qarşı mübarizə tədbirləri hazırlanır» Nizami Cəfərov: «Milli şirkətlər də çox zaman maraqlı olurlar ki, onların obyektlərinin adları beynəlxalq dillərdə olsun»

Bu gün ölkəmizdə, xüsusən də iri şəhərlərdə bəzi mağaza, ayrı-ayrı iaşə obyektlərinin, eyni zamanda şirkətlərin adlarında xarici sözlərdən istifadə olunur. Bundan başqa istər televiziya ekranlarında, istərsə də küçə boyu gördüyümüz müəyyən reklam lövhələrində o qədər xarici sözlər işlədilir ki… Halbuki, reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, burada Azərbaycan dili, özü də normalara uyğun tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Amma bu bir reallıqdır ki, artıq bəzi hallarda bu hədd gözlənilmir.  

AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova Mövqe.az saytına verdiyi açıqlamada artıq komissiya tərəfindən bu hallara qarşı mübarizə tədbirlərinin hazırlandığını dedi:  "Xatırladım ki, Azərbaycan Respublikasında dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub.  Həmin proqramda da bildirilir ki, bu gün Azərbaycan dilçiliyinin inkişafı üçün geniş isitqamətlər açılıb.  Və bu baxımdan alınma sözlərin qarşılıqları ilə əvəz edilməsi, reklamlarda da daha çox milli sözlərin işlədilməsi ön plana çəkilib.  Bunlar nəzər alınaraq Terminologiya Komissiyası, eyni zamanda Maarifləndirmə Şöbəsi də xüsusi planlar hazırlayır. Bütün bu hallar hamısı qanunlarla, xüsusi qərarlarla tənzimlənəcək". 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, dilçi alim Nizami Cəfərov isə xarici sözlərdən istifadə olunmasının qloballaşmanın nəticəsi kimi görür: "Bu qloballaşmanın nəticəsidir. Dünyanın hər yerində beynəlxalq leksika geniş yayılıb. Xüsusilə də reklamlarda, elanlarda, ticarət obyektlərinin,  yeməkxanaların adlarında və s. geniş şəkildə beynəlxalq sözlərdən istifadə olunur. Bu ounla bağlıdır ki, transmilli beynəlxalq şirkətlər dünyanın hər yerində var və onlar özləri ilə bərabər ölkələrə emblemlərini, adlarını gətirirlər. Eyni zamanda milli şirkətlər də çox zaman maraqlı olurlar ki, onların obyektlərinin adları beynəlxalaq dillərdə olsun. Bu, ən çox da xüsusi nüfuz qazanmaq məqsədi ilə edilir. Adətən daha çox market adlarında, ayrı-ayrı şirkətlərin adlandırılmasında onların beynəlxalq olduğunun bildirilməsi üçün belə sözlərdən istifadə olunur".

Bu halın dilimiz üçün xüsusi bir təhlükə törətmədiyini deyən Nizami Cəfərov öz milli şirkətlərimizin də milli adlarımızla dünyada tanıdılmasını məqsəduyğun hesab edir. Dilçi alim düşünür ki, bizim brendlərin də xarici firmalarla rəqabət imkanları olmalıdır: "Amma bu, dilimiz üçün bir o qədər də təhlükəli bir şey deyil. Bir halda ki, dünyanın hər yerini əhatə edir, dünyanın hansı ölkəsinə getsəniz, eyni məşhur, brend firmaların adlarını görəcəksiniz. Bu adlar da əsasən ingilis dilindədir. Amma başqa dillərdə də var. Dediyim kimi, bunu Azərbaycan dilinin işlənməsinə məhdudiyyət kimi anlamaq düzgün deyil. 

Sadəcə bir məsələni qeyd etmək lazımdır ki, gərək bizim milli şirkətlərimiz də beynəlxalq səviyyəyə çıxsınlar. Çalışsınlar ki, özlərini milli adlarımızla tanıtsınlar. Necə ki, Bakı şəhərində beynəlxalq firmaların adları var, çox maraqlı olardı ki, Londonda, Parisdə, Berlində, Moskvada və digər yerlərdə  azərbaycanca, türkcə mağaza adları, lövhələr, elanlar və s. olsun. Məhz bunun üçün çalışmaq lazımdır. 

Gələn beynəlxalq şirkətlərin isə qarşısını almaq olmaz. Bu, beynəlxalq qaydadır. Amma onlarla rəqabət aparmaq olar ki, onların ölkəsində də  bizim dilimizdə sözlər səslənsin. Əslində, bizim üçün də simvolik olan adlar var. Məsələn, bizim mineral sularımız, müəyyən içkilərimiz var ki, onlar bizim adımızla dünyaya idxal olunur. Bu mənada dünya brendləri ilə rəqabət aparmaq imkanları var. Amma  başqa dillərdə də sözlərin işlənməsi dilimiz üçün böyük təhlükə sayılmır. Çünki onlar daha çox görüntü ilə bağlıdır və ünsiyyət leksikonuna o qədər də daxil olmur". 


Sizin Reklam Yeriniz