Əlaqə Arxiv
news Image
2014.03.11
15:31
| A A A
Yol qəzalarında piyadaların köməyinə mülki məsuliyyəti sığortası çata bilər
Xəyal Məmmədxanlı: «Sığorta növləri içərisində əslində, ən zərurilərindən biridir» Mustafa Abbasbəyli: «Azərbaycanda hal-hazırda bu sığorta növü bir qədər başqa formada tətbiq olunur»

Dünyada geniş şəkildə yayılmağa başlayan sığorta növləridən biri də mülki məsuliyyəti sığortasıdır. Bir çox xaric ölkələrdə istifadə olunan bu sığorta növü müəyyən üstünlüklərə malikdir. Belə ki, gündəlik həyatımızda tez-tez yol-nəqliyyat hadisələri baş verir. Qəzalar zamanı günah bəzi hallarda sürücüdə, bəzi hallarda isə piyadada olur. Nəticədə tərəflərdən biri daha çox ziyana düşmüş olur və bəzi hallarda xərcləri qarşılaya bilmir. Sözügedən vətəndaş məsuliyyəti sığortası belə hallarda piyadaların köməyinə çatır. Belə ki, əgər vətəndaşlar bu sığorta növündən yararlanırlarsa və qəza zamanı təqsir onda olsa belə, həm onun, həm də qarşı tərəfin xərclərini sığorta şirkəti ödəyir. Bəs bizdə bu zaman insanların köməyinə gələ biləcək mülki məsuliyyəti sığortası tətbiq olunurmu?

Sığortaçı ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, mülki məsuliyyətin sığortası əmlak sığortası sinfinə daxil olan sığorta növlərindən biridir: "Bu sığorta növü sığortalı şəxsin başqa üçüncü şəxslərin əmlakına, həyat və sağlamlığına vurduqları ziyana görə məsuliyyətinin sığortasını nəzərdə tutur. Sığorta növləri içərisində əslində, ən zərurilərindən biridir. Ona görə ki, sığorta ödənişini alan şəxs ( üçüncü şəxs) heç bir təqsiri olmadan sığortalının hərəkəti və ya hərəkətsizliyi nəticəsində ziyan çəkir. Mülki məsuliyyət sığortasının dünyada 20-yə yaxın növü tətbiq edilir. Bunların içərisində ən geniş tətbiq olunanlardan biri "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası" dır ki, bu ölkəmizdə icbari qaydada tətbiq olunur. Belə ki, Azərbaycanda bütün avtomobillər öz mülklərini icbari şəkildə sığortalayırlar. Həmin o sığortaya görə avtomobilin sahibini təqsiri ucbatından başqa birisi zərər çəkirsə, şirkət həm avtomobilə, həm də şəxsə dəymiş zərəri ödəyir".

Digər ekspert Mustafa Abbasbəyli də Mövqe.az saytına verdiyi açıqlamada məsuliyyət sığortasının bir qədər başqa formada da olsa, ölkəmizdə tətbiq olunduğunu bildirdi: "Azərbaycanda hal-hazırda bu sığorta növü bir qədər başqa formada tətbiq olunur. Bildiyiniz kimi, icbari sığorta piyadaların vurulmasına qarşı da tətbiq olunur. Burda 5000 manat sığorta ödənişi nəzərdə tutulubdur. Əgər təqsir sürücüdədirsə və yol-nəqliyyat hadisəsi nəticəsində piyada zərər görübsə, onun müalicəsinə, vəfat edibsə, həmin şəxsin varislərinə 5000 manat sığorta ödənişi edilir. Bunun könüllü növləri də var. Bütün sığorta şirkətləri bu növdən istifadə edir. Könüllü şəkildə şəxs öz əmlakını istənilən məbləğdə sığorta etdirir. Bu halda isə şəxs vəfat edərsə, ona dəymiş zərər qarşılıqlı razılaşma əsasında və ya məhkəmə qərarı əsasında müəyyən olunduğu məbləğdə vəfat etmiş şəxslərin yaxınlarına verilir". 

Lakin ekspert sığortanın yalnız sığortaçı tərəf günahkar olduğu halda ödəndiyini deyir: "İstənilən halda əgər bu məsuliyyət sığortasıdırsa, yalnız təqsir olduğu halda tətbiq olunur. Xarici ölkələrdə də, Azərbaycanda da bu şəkildədir. Məsuliyyətdən söhbət gedirsə, təqsir mövcud olmalıdır". 


Sizin Reklam Yeriniz