Bu gün bir çox küçə böyü düzülən rəngarəng reklam və elan lövhələrində xoşagəlməz hallara da rast gəlmək az qala adi hala çevrilib. Söhbət belə reklam və elanlarda Azərbaycan dilinin qrammatik qaydalarının bəzən kobud şəkildə pozulmasından gedir. Xüsusən divarlara yapışdırılan elanlarda qrammatik qaydalara ümumiyyətlə, çox hallarda diqqət edilmir. Rus, türk, ingilis sözlərindən yerli-yersiz istifadə edilməsi də bir tərəfdən dilin leksik normasına ziddir. "Afsiantka teleb olunur", "İsdi peraşki" kimi yazılara çox yerdə rast gəlmək mümkündür. Bu, dilimizin korlanması baxımından kifayət qədər ciddi məsələdir.
Azərbaycan Dillər
Universitetinin professoru Həbib Zərbəliyev məsələ ilə bağlı
Movqe.az-a münasibət bildirib. Dilçi son dövrlərdə istər mediada,
istərsə də reklam və elanlarda qrammatik səhvlərin daha
qabarıq surətdə nəzərə çarpmasını son illər kitab oxumaq
vərdişimizin azalması ilə əlaqələndirir. Professor deyir ki,
birincisi, bu yazıları mütəxəssislər hazırlamalıdır.
İkincisi, təəssüf ki, bu gün bizim ümumiyətlə, kitab oxuma
mədəniyyətimiz çox aşağı səviyyədədir: "Çox az adam kitab oxuyur.
Qrammatik vərdişlər məktəbdə öyrəndiyimizlə yanaşı, kitab oxumaqla,
daimi mütaliə ilə formalaşır. Kitab az oxunur deyə, heç televiziya
ekranlarında da 10 aparıcıdan 7-8-i normal danışmır. Ona görə də
həm məktəbdə yaxşı baza qoyulmalıdır, həm də insan öz
üzərində işləməlidir. O ki qaldı reklamlara, bunların hazırlanması
ilə mütəxəssilər məşğul olmalıdırlar. Hər firma sahibi istədiyi
kimi mətn yaza bilməz. Bu yolverilməzdir".
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli də bildirir
ki, reklam və elanlarda qrammatik normaların pozulması dilin özünə
xələl gətirir: "Problemin qarşısının alınması üçün bu işlə məşğul
olanlar əvvəla Azərbaycan dilini yaxşı bilməlidir. Əgər dili
yaxşı bilmirlərsə, mütəxəssislərə müraciət etsinlər. Çünki o
reklamın səhv yazılması, lövhələrdə iri hərflərlə yazılan səhvlərin
daha da diqqət çəkməsi reklam sahibi üçün çox böyük qüsurdur. Bu,
qətiyyən yolverilən deyil. Müvafiq dövlət proqramında da küçə
reklamlarının, afişaların yazılışının normaya uyğun olmasının
vacibliyi vurğulanır. Hesab edirəm ki, belə problemlər həll
olunmaması bütövlükdə Azərbaycan dilinə xələl gətirir. Çünki,
bunlar Azərbaycan dilinin normalarının pozulması faktıdır və
qarşısı mütləq alınmalıdır".
Qulu Məhərrəmli bildirib ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi də bütün müəssisələrə bu mövzuda kömək etməyə, mütəxəssis yardımı etməyə hazırdır.
Şöbə müdiri onu da qeyd edib ki, bu hallar davam edərsə, gələcəkdə inzibati addımlar da atıla bilər: "Cərimələrin tətbiq olunması inzibati addımdır. Dilçilik İnstitutunun elə sanksiyalar tətbiq etmək imkanı və hüququ yoxdur. Lakin gələcəkdə bununla bağlı inzibati addımların atılması məqsədəuyğun olardı. Çünki inzibati addım hər zaman daha effektli olur. Ona görə də, gələcəkdə tətbiqi gözlənilir".
Hələlik isə reklam və elanlarda dil qaydalarını pozulması halaları davam edir. Araşdırmalar onu da göstərir ki, alınma sözlər heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılır. Məsələn, "Online xidmət", "Avangard", "Globus", "Granit" və sair. Bəzən isə ana dilində olan adlar "ə" hərfinin "e" hərfinə çevrilməsi ilə yazılır: "Mermer", "Gözellik salonu", "Perde evi". Ümumiyyətlə, Azərbaycan dilinin qayda pozuntuları daha çox reklam lövhələrində və özəl sahibkarlıq obyektlərinin adlarında müşahidə olunur. Hesab olunur ki, bu problemin həllində ilk olaraq qanunlarımıza müraciət olunmalıdır. Obyektlərə adlarının qoyulması, reklam lövhələrinin hazırlanması zamanı "Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun şərtlərinə əməl edilməlidir.