UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Hervard Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı Azərbaycanda uşaqlarla bağlı ayrıca Ombudsman institutunun yaradılmasını təklif edib və qurumun buna dəstək verdiyini açıqlayıb. Hervardın sözlərinə görə, ombudsman qadınların, uşaqların müdafiəsində çox böyük rol oynayır, Azərbaycanda uşaqların müdafiəsi sahəsinə xüsusi həssaslıqla yanaşır.
Movqe.az-a açıqlamalarında hüquqşünaslar bu təklifi dəyərləndiriblər.
"Müvəkkil" Hüquq Mərkəzinin
sədri Səməd Vəkilov bildirir ki, belə bir ombudsmanlığın
yaradılması, Azərbaycanda erkən nikahlardan tutmuş, uşaq əməyinin
istismarı, insan alveri kimim problemlərin həllində önəmli rol
oynaya bilər: "Dünyanın bir çox ölkələrində ölkələrdə uşaq
hüquqları üzrə, informasiya üzrə, jurnalist hüquqları üzrə
ombudsmanlar var. Bizdə informasiya üzrə səlahiyyətlər də ölkəmizdə
mövcud yeganə ombudsmana verilib. Amma uşaq hüquqları üzrə ayrıca
ombudsman institutunun yaradılması daha yaxşı olardı. Mən belə bir
təklifi alqışlayıram. Baxmayaraq ki, Azərbaycan uşaq
hüquqları üzrə əksər beynəlxalq konvensiyalara qoşulub, amma bunlar
səmərəli deyil.
Ombudsman elə səlahiyyətli bir şəxsdir ki, o, heç kimdən asılı deyil. Hər bir məsələ haqda araşdırma aparmaq haqda səlahiyyəti var. Uşaq hüquqları üzrə ayrıca ombudsmanlığın yaradılması Ailə Məcəlləsində nəzərdə tutulduğu kimi 18 yaşdan kiçik şəxslərin ayrı-ayrı problemlərinin həllində mühüm rol oynaya bilər. Məsələn, erkən nikahlar azala bilər, uşaq əməyindən istifadə halları, insan alveri və bu kateqoriyadan olan məsələlərin ciddi şəkildə araşdırılması və həlli sahəsində irəliləyişlır əldə oluna bilər. Düzdür, bu məsələlərlə məşğul olan ayrı-ayrı dövlət qurumlarımız da var. Lakin nəzərə almaq lazımdır ki, ombusman tərəfsiz statusu olan təsisatdır. Ona görə gözəl olardı ki, uşaq hüquqları üzrə ayrı bir ombudsmanlıq fəaliyyət göstərsin".
Hüquqşünas
Əliməmməd Nuriyev də bu təklifi müsbət qarşılayaraq uşaq hüquqları
üzrə ombudsmanlığın yaradılmasının bu sahədə bir sıra problemlərin
həllinə müsbət təsir edəcəyini deyir: "Bizdə hazırda mövcud
Ombudsman institutu bütün hüquq və azadlıqlar, onların müdafiəsi
ilə bağlı məsələlər üzrə məsul olan bir qurumdur. O cümlədən uşaq
hüquqlarının müdafiəsi də ombudsmana həvalə edilib. Amma əlbəttə
ki, hüquqların geniş miqyasda olması, uşaq hüquqlarının müdafiəsi
ilə bağlı fərqli bir yanaşmanın vacibliyi və əhəmiyyətliliyi bu
institutun ayrıca qurum kimi fəaliyyət göstərməsini zəruri edən
amillərdən biri kimi çıxış edə bilər. Hesab edirəm ki, doğurdan da
bu gün Azərbaycanda uşaqların hüquqlarının müdafiə olunmasına
yanaşma dəyişilməlidir və daha geniş miqyas almalıdır. Burda
ən mühüm amillərdən biri də uşaq hüquqlarını müdafiə edən Ombudsman
institutunun yaradılması ola bilər. İnsan hüquqları üzrə
ombudsman Elmira Süleymanova da müxtəlif vaxtlarda belə bir
institutun yaradılması haqda fikirlər söyləyib. O baxımdan da
düşünürəm ki, belə bir Ombudsman institutunun yaradılması pis
olmazdı. Bununla uşaq hüquqlarının pozulması ilə bağlı məsələlərin
həllinə daha dəqiq, daha hərtərəfli yardım göstərilə
bilər".
Azərbaycanda uşaq hüquqları üzrə ombudsmanın yaradılması ideyası 2005-ci ildə meydana çıxıb. Həmin il bu təklifi Uşaq Hüquqları üzrə QHT Alyansı irəli sürüb və Alyans bu ideyaya ictimai vəkillik edib. Hesab olunur ki, uşaq ombudsmanın yanaşmaları, istifadə etdiyi metodikalar böyüklərə yanaşmalardan tamamilə fərqli olmalıdır.