Aparılan araşdırmalar Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayının artan xətt üzrə inkişaf etməkdə olduğunu göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ə verilən məlumata görə, 2012-ci ildə belə boşanmaların sayı 146 olduğu halda, 2013-cü ildə 211 olub. Xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayı ötən ilə nisbətən 44,5 faiz artıb
Əvvəlki illərdə isə bu boşanmaların sayı daha az olub. Azərbaycanda 2009-cu ildə xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı 75, 2010-cu ildə 78, 2011-ci ildə 76 boşanma halı qeydə alınıb. Ümumilikdə ötən il ölkədə 86 892 nikah bağlanıb ki, onun da 2780-i xarici vətəndaşlarla olub. Rəqəmlərin müqayisəli təhlili əcnəbilərlə bağlanan nikahın heç də əhmişə etibarlı və uzunömürlü olmadığıın üzə çıxarır.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur
Sofiyeva Movqe.az-a xarici vətəndaşlarla bağlanan nikahlardan
boşanma hallarının artmasının səbəblərindən danışıb. Onun sözlərinə
görə, Azərbaycan qadınlarının xarici və ya Azərbaycanda
vətəndaşlığı olmayan şəxslərlə qurduğu nikahlar içərisində birinci
yeri Rusiya və ya Gürcüstan vətəndaşı olan azərbaycanlı
kişilər tutur. İkinci yerdə Türkiyə vətəndaşları durur. Sonra isə
digər ölkələr. Bu cür nikahlardan boşanma hallarının bir çox
səbəbləri ola bilər: "Məsələn, başqa ölkədə yaşamağa uyğunlaşa
bilməmək, başqa ölkənin, millətin adət-ənənəsini qəbul edə bilməmək
və yaxud da sadəcə olaraq, xarakter uyğunsuzluğu. Səbəblər
müxtəlifdir. Hər bir ailənin özünəməxsusluğu olduğu kimi, boşanma
amilləri də hər ailəyə məxsus özəl səbəblərdən ola bilər. Bu,
individual xarakter daşıyır. Amma qeyd etmək lazımdır ki, uğurlu
nikahlar da var".
Aynur Sofiyeva xarici vətəndaşlarla olan nikahların sayının ümumi nikahların içərisində elə də çox olmadığını vurğulayaraq belə nikahlardan boşanma hallarının da hər hansı ciddi demoqrafik problem yaradacığının gözlənilmədiyini dedi: "Uğursuz nikahların sayı isə elə də böyük göstərici deyil. Azərbaycanda 2013-ci ildə 86852 ümumi nikah olubsa, bunun cəmi 2780-i əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış nikahlardır. Bu, elə böyük rəqəm deyil ki, bu nikahlardan pozulmuş ailələrin sayı demoqrafiyaya təsir etsin. Bu cür nikahlardan boşanmaların sayı 2012-ci ildə 148 olubsa, 2013-cü ildə 211 olub. Bu da elə böyük fərq deyil. Sadəcə olaraq, bir məsələ var ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış nikahların rəsmi qeydiyyatdan keçməsi məsələsi. Əvvəllər buna bir qədər önəm verilmirdisə, indi aparılan maarifləndirmə, təbliğat işlərinin nəticəsi olaraq bağlanan nikahların rəsmiləşdirilməsi, sənədlərin qaydasında olması məsələsinə çox ciddi önəm verilir. Ona görə də düşünmürük ki, bu prosesin özü hansısa demoqrafik problemə gətirib çıxara bilər. Bəlkə də bu təhlükə başqa ölkədə ola bilər. Amma indiki şəraitdə Azərbaycan üçün elə də real deyil".
Sosioloq Rafiq Təmrazov isə əksinə,
boşanmaların istər-istəməz müəyyən demoqrafik problemlərə yol
açacağını düşünür: "Ailə cəmiyyət üçün çox mühüm təsisatdır.
Ümumiyyətlə, cəmiyyətdə baş verə biləcək istənilən proses
dəyişiklik formasında öz təsirini göstərir. O mənada, demək olmaz
ki, istər yerli, istər xarici vətəndaşlarla olan nikahlardan
boşanmalar hansısa problemi yaratmayacaq. Problemlər öz-özlüyünə
mütləq yaranır. Məsələn, əgər həmin ailələrdə uşaq dünyaya gəlibsə,
boşanma ən çox uşaqlara təsir edir. Bu təsir həm maddi durum, həm
də psixoloji durumla bağlı ola bilər. Boşanmalara səbəb isə çox şey
ola bilər. Məsələn, təhsil səviyyəsində və dünyagörüş baxımından,
xarakter baxımından uyğunsuzluq və s. bunun kimi çox müxtəlif
amillər boşanmaya gətirib çıxara bilir. Boşanandan sonrakı
həyat isə Azərbacanda qadınlar üçün daha çətin olur. Həm ictimai
münasibət, həm müxtəlif maddi tələbatların ödənilməsi, uşaqlar
varsa, onları böyütmək və s. kimi problemlər ortaya çıxır.
Eyni zamanda demoqrafik baxımdan da müəyyən problemlər ortaya
çıxır. Məsələn, cəmiyyətdə boşanmış şəxslərin sayı artır,
atasından ya anasından uzaq düşən uşaqlar çoxalır və s".