Əlaqə Arxiv
news Image
2014.07.09
11:04
| A A A
Bölgələrdə ixtisaslı kadr problemi
Məhəmməd Talıblı: «İxtisaslı kadrların yetişdirilməsi təkcə regionlar üçün yox, elə paytaxt üçün də vacibdir» Sahib Məmmədov: «Təhsil məsələsi həll olunduqdan sonra ixtisaslı kadrları regionlara cəlb etmək üçün yollar axtarıla bilər»

Bu gün ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etsə də, müəyyən problemlərin mövcudluğu danılmaz həqiqətdir. Belə problemlərdən biri də ixtisaslı kadr çatışmazlığıdır. Qeyd edilən hal ölkə regionlarında özünü daha  qabarıq surətdə büruzə verir. Araşdırmalar göstərir ki, regionlarımızda ixtisaslı kadr çatışmazlığı problemi paytaxtla müqayisədə daha daha dərindir. Belə ki, ixtisaslı kadrların əksəriyyəti bir qayda olaraq Bakıda iş tapmağa, həyatlarını burda qurmağa çalışırlar. 

İqtisadçı Məhəmməd Talıblı buna səbəb kimi kardların regionlarda öz karyeralarını genişləndirmələri üçün paytaxtla müqayisədə daha az imkan olmasını göstərir. İqtisadçı məsələ ilə bağlı Movqe.az-a açıqlamasında bildirir ki, bu gün   ümumiyyətlə, ixtisaslı kadrların yetişdirilməsi təkcə regionlar üçün  yox, elə paytaxt üçün də vacibdir: "Burda xeyli sayda şirkətlər, dövlət qurumları var ki, onlar ixtisaslı, yüksək rəqabətə davamlı kadrların əldə olunması üçün xeyli çalışmalı olurlar. Məsələn, təhsil müəssisələri ilə əlaqələr yaradılır ki, ixtisaslı kadrları əldə etsinlər. Amma regionlarda bu problem şiddətli formada özünü göstərir. Çünki, əvvəla təhsil müəssisələri daha çox paytaxtda yerləşdiyi üçün burada təhsil alandan sonra, demək olar ki, regionlardan gələn əhalinin çox hissəsi  rayonlara qayıtmır. Bir çox halarda onlar aşağı əmək haqqı ilə olsa belə,  Bakıda qalmağı üstün tuturlar və burda işləyirlər.  Çünki regionlarda həmin kadrların karyera imkanları böyük olmur. Eyni zamanda onların orta aylıq əmək haqları, aylıq gəlir və qonorarları yüksək olmur. Nəticə olaraq da əmək resursları daha çox paytaxtda cəmləşir. Regionlarda fəaliyyət göstərən kadrlarda isə ixtisas dəyişməsi, təkmilləşdirilməsi,  təcrübə mübadilələri kimi mexanizmləri demək olar ki aparılmır. Onlar ünsiyyətdən kənar qaldıqlarından passivləşirlər. İxitsas artımı getmir.  Ona görə də regionlarda olan bəzi dövlət qurumları, şirkətlərdə işləyənlərin bir hissəsi kompüterin elementar proqramlarından istifadə etməyi də bilmir". 

Ekspert məsələnin həlli üçün dövlət qurumları vasitəsilə regionlarda müxtəlif ixtisasartırma proqramlarının həyata keçirilməsini təklif edir:  "Əgər kadrlar üçün regionlarda karyeralarını artırmaq imkanı olsa, bəlkə də bu problem həllini tapar.  Amma indki halda insanlar regionlarda işləməkdən uzaq qaçırlar. Çünki bilirlər ki, rayonlarda çalışmaq onların əldə etdikləri biliklərlə karyeralarını inkişaf etdirməyə hələ tam imkan vermir. Əgər imkan olsa belə, bunlardan istifadə fürsətlərinin dəyərləndirilməsi yoxdur. Ona görə də, məhz regionlarda bu cür kadrların rəqabətə davamlılıq imkanı da aşağı səviyyədədir". 

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə deyir ki, məsələnin həlli üçün ilk növbədə ölkədə təhsillə bağlı problemləri həll etmək lazımdır. Daha sonra müxtəlif stimullaşdırıcı addımlar atıla bilər: "Hesab edirəm ki, əvvəlcə ixtisaslı kadrları hazırlamaq lazımdır. Ali təhsil şərt deyil. Bu gün Azərbaycanda texniki peşə təhsili lazımi səviyyədə deyil. İxtisaslı fəhlələr hazırlanmır. Əsas problem verilən təhsillə bağlıdır. Təhsil məsələsi həll olunduqdan sonra ixtisaslı kadrları regionlara cəlb etmək üçün yollar axtarıla bilər. Bunun üçün müxtəlif ölkələrdə müxtəlif təcrübələrdən istifadə olunur. Əmək haqqının artırılması, torpaq sahələrinin, bundan əlavə mənzil verilməsi, bəzən vergi güzəştləri və s. bu cür stimullaşdırıcı addımlardan ola bilər. Azərbaycanda müəllimlər üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdu. Amma sonradan reallaşmadı.  Bu təcrüələrin hamısı reallaşdırıla bilər. Bundan əlavə, rayonlarda infrastrukturun yaxşılaşdırılması da şərtdir. Əgər güzəştlər olunarsa, düşünürəm ki, kadr çatışmazlığı problemi müəyyən dərəcədə həllini tapar". 




Sizin Reklam Yeriniz