Əlaqə Arxiv
news Image
2012.07.27
11:30
| A A A
Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, bu gün eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) də qəbul imtahanı keçirilir. 

Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək imtahana 1174 nəzarətçi-müəllim və 115 imtahan rəhbəri cəlb olunub. Bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. 

IV ixtisas qrupu üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edir. 7758 nəfər orta ümumtəhsil məktəblərinin builki, 5320 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 415 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir. 

Bakıda 9197, Naxçıvanda 1626, Gəncədə 1762, Sumqayıtda 1340, Şəkidə 713, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. 

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. 

IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. 

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
 
Sizin Reklam Yeriniz