Əlaqə Arxiv
news Image
2015.02.16
09:55
| A A A
TQDK ərizə qəbuluna başladı
Movqe.az-ın xəbərinə görə, bu gündən rezidentura imtahanaları üçün sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, namizədlərin ərizələrinin qəbulu fevralın 16-dan 23-dək internet vasitəsilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən, PİN kodundan və "TQDK-nın virtual ödəmə kartı"nda göstərilən iş nömrəsi və şifrədən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur. 

Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. 

Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib, "Namizədin elektron ərizəsi" formasını təsdiqlətdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər. 

Namizədlər "Namizədin elektron ərizəsi" formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.

Namizədlər ərizələrini təsdiqlətmək üçün fevralın 16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır. İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.
Sizin Reklam Yeriniz