Qanunvericiliyə görə, nəqliyyat vasitələrinin yol, prospekt və küçələrdən dayanacaq kimi istifadə etməsi qadağandır. Lakin bu qaydaya heç də hamının riayət etdiyini söyləmək də mümkün deyil. Bəzi obyekt sahibləri üçün deyəsən, bu qadağar keçərli deyil. Elə paytaxt küçələrində tıxacların yaranma səbəblərindən biri də avtomobillərin harda gəldi park edilməsidir. Çox vaxt yol kənarındakı iaşə obyektləri, otel və restoranların qarşısından özəl dayanacaq kimi istifadə olunur.
Ərazi xüsusi maneələrlə bağlanır, nəticədə yolun bir hissəsi zəbt olunur. Ümumi istifadədə olan yolun bir hissəsinin tutulması ilk növbədə uzun tıxacların yaranmasına, yolun yüklənməsinə səbəb olur. Buna görə cərimlər tətbiq olunsa da, problemin tam həllini söylmək də mümkün deyil.
Görəsən, buna səbəb nədir və onun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Ekspert Azər Allahverənov bu sahədəki problemin həlli
üçün müvafiq qurumların həyata keçirdikləri reydlərin sayının
artırılmasını təklif etdi: "Azərbaycanın müvafiq icra qurumları,
istər yol polis əməkdaşları, istərsə Nəqliyyat Nazirliyinin müvafiq
idarələri maşınların qadağan edilən ərazilərdə saxlanılması
hallarına qarşı konkret tədbirlər həyata keçirirlər. Baxmayaraq ki,
bu formada yol hərəkətini pozan sürücülərə qarşı vaxtaşırı istər
reydlər təşkil olunur, istər cərimələrin miqyası artır, daha ağır
sanksiyalar tətbiq olunur, amma maşınları harda gəldi saxlamaları,
sərnişin düşürmələri kimi hallar təəssüf ki, yenə də Bakı
küçələrində müşahidə olunmaqdadır. Bu tendensiya heç də azalmır.
Belə bir vəziyyətdə fikrimcə, icra qurumları tərəfindən keçirilən
reydlərin miqyasını
artırmaq lazımdır. Bu reydlər intensiv olmalıdır. Bu məsələ ilə
bağlı ildə bir dəfə deyil, bir neçə dəfə reydlər təşkil
olunmalıdır. Burada habelə maarifçilik işini də gücləndirmək
lazımdır. Həmçinin, həmin sahəyə cavabdeh olan qurumların
məsuliyyəti artırılmalı, səlahiyyətləri genişləndirilməlidir. Bu
məsələyə geniş şəkildə ictimaiyyəti də cəlb etmək lazımdır. Səkinin
üzərində nəqliyyat vasitəsi durursa, bu bilavasitə piyadaların
normal hərəkətinə maneəçilik yaradılması deməkdir. Belə hərəkət
edən sürücülərə qarşı cəza mexanizmi tətbiq olunmalıdır. Bu ölkənin
İnzibati Xətalar Məcəlləsində konkret müddəada öz əksini tapıb.
Amma piyadaların hərəkətinə əngəl olan sürücülərlə bağlı cəza
tədbirlərinin tətbiq edildiyini demək olar ki, eşitməmişəm. Bu gün
sürücülər təkcə maşın yolunda deyil, piyada zolağının üstündə,
səkinin üzərində də saxlayır. Hətta yolun dönmə hissəsində də
saxlamaqda davam edirlər. Bu da bilavasitə qanunla çox sərt şəkildə
cəzalandırılan bir məsələdir. Sürücülərdə belə bir yanaşma var ki,
qanunu pozmaqla ancaq bir və ya iki dəfə cərimələnəcək, yerdə qalan
vaxtı isə o yenə də istədiyini edəcək. Düşünürəm ki, cəza
mexanizmində il ərzində bir neçə dəfə pozma hadisəsinin baş verdiyi
müddəalarla bağlı məqamlara nəzər salmaq lazımdır. İl ərzində bir
neçə dəfə qayda pozulursa, hər dəfə onu tətbiq edilən cərimə də
artmalıdır. Müddəalar üzrə bizdə bu cərimə sanksiyalarını artırma
elementləri var. Amma sadaladığımız elementdə bu yanaşma yoxdur.
Bunu nəzərdən keçirmək lazımdır. Ola bilsin, sadaladığım bu
məsələlər öz həllini tapsa, nəqliyyatın harda gəldi saxlanılması
istiqamətində müəyyən nəticələr əldə etmək olar".
Dövlət Yol Polis İdarəsinin mətbuat xidməti rəhbəri Kamran Əliyev isə problemin kökündə sürücülərin mədəni səviyyəsinin aşağı olmasının dayandığını dedi: "Bəzi sürücülərdə mədəniyyət və düşüncə səviyyəsi olduqca aşağıdır. İnsan var ki, ona eyni yerdə 3-4 dəfə xəbərdarlıq edilib, cərimə də yazılıb, amma yenə təkrarən eyni qayda pozuntularına, hərəkətlərə yol verir. Onlara qarşı qanunvericilikdə nə tələb olunur, həmin addımlar atılır. Qanunvericiliyin tələbindən kənara çıxmaq olmaz. Belə sürücülər gün ərzində 5 dəfə qayda pozsa da, eyni cərimə məbləği, 100 dəfə pozsa da, eyni cərimə məbləği ödəyir. Bu hallarda digər məsuliyyət qanunvericilikdə nəzərdə tutulmayıb. Ola bilsin ki, təkrarən eyni xətanın törədilməsinə görə, cəzanın sərtləşməsi bu növ qayda pozuntularının qarşısının alınmasına müsbət təsir edə bilər. Lakin mövcud qanunvericilikdə hələlik belə bir müddəa nəzərdə tutulmayıb".