Əlaqə Arxiv
news Image
2015.02.17
08:27
| A A A
Rusiya Qarabağ münaqişəsini həll edir?!
Aydın Ağayev: “Münaqişənin həllində Rusiyanın rolu, imkanları hamıdan çoxdur” Elman Məmmədov: “Moskva nə vaxt istəsə, onda da bu problemin həllinə nail olacaq”

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Vladimir Nikitin bu günlərdə açıqlamasında maraqlı bir fikir səsləndirib. Belə ki, o Moskvanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini artırdığını deyib: "Mən bilirəm ki, Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin hazırda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilmələri üçün bir sıra məsələlər üzərində işləyirlər. Dalıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Ümid edirəm ki, tərəflər münaqişənin həlli yolunu tapacaqlar".

Rusiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin olduğunu deyən Nikitin növbəti illərdə Azərbaycan və Rusiyanın bir-birlərinə daha da yaxın ölkələr olacağını da qeyd edib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin çözümündə Rusiyanın imkanları böyükdür. Moskva onldan asılı olan Ermənistana təsir etməklə münaqişənin ədalətli həllinə nail ola bilər.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev məsələ ilə bağlı qeyd edir: "Bu məsələyə münasibətdə həmişə eyni fikirdə olmuşam ki, münaqişənin həllində Rusiyanın rolu, imkanları hamıdan çoxdur. Bunun səbəbi də aydındır. Bu gün Ermənistana ən effektli təsir göstərə bilən dövlət varsa, o da Rusiyadır. Sadəlövh olmaq lazım deyil. Ermənistan Rusiya üçün çox vacibdir. Orada Moskvanın güclü hərbi bazası var. Həm də bu baza gündən-gücə gücləndirilir. Həmin bazanın orada yerləşməsi də təkcə Ermənistanla bağlı olan məsələ deyil. Bu, böyük geopolitik qarşıdurmanın təzahürlərindən biridir. Ermənistanın Rusiya üçün bütövlükdə heç bir əhəmiyyəti yoxdur. Təkcə baza məsələsi istisna olmaqla. Rusiya həm də çalışır ki, Ermənistanı öz orbitindən buraxmasın. Bu, baş verərsə, həmin bazanın da Ermənistan üçün elə bir əhəmiyyəti olmayacaq. Rusiya heç zaman nəyin bahasına olursa-olsun buna yol verməyəcək. Bəzilərinin xoşuna gəlməsə də, Azərbaycanın Rusiya ilə münasibətdə seçdiyi siyasət ən doğru siyasətdir. İndiki vəziyyətdə daha doğru addımdır. Bu siyasət ölkə daxilində, xaricdə kimin xoşuna gəlmirsə, nahaq yerə. Həyata keçirilən bu siyasət real vəziyyətə uyğun ən dolğun siyasətdir. Bu gün Rusiyada kimsə etiraf edirsə ki, Moskvanın münaqişənin həllində imkanları böyükdür, bu, artıq ictimai rəy, Rusiyadakı siyasi dairələrdəki atmosfer üçündür. Bizdə də bunu izləyirlər. Digər bir tərəfdən Ermənistan hakimiyyəti üçün də belə informasiyalar siqnal kimi səslənir. Əsasən də indiki şəraitdə Ermənistanda hakimiyyətdə olan klan özünü tamamilə siyasi və bütün digər parametrlər üzrə müflisləşdiyini görür. Bu hakimiyyət iflasa uğrayıb, Sarkisyan iqtidarı ermənilərə də lazım deyil. Getdikcə də bu məsələ dərinləşəcək. Hadisələrin məntiqi bunu göstərir. Belə bir şəraitdə Rusiyanın münasibətindən çox şey asılıdır. Rusiya əleyhinə heç bir iş görməyən istənilən hakimiyyət ona lazımdır. Ermənilər də hərbi, siyasi, iqtisadi, maliyyə, ümumiyyətlə, bütün parametrlərə görə Rusiyadan asılıdır. Ermənistanda faktiki olaraq, dövlət mövcud deyil. Yeni müstəqil dövlətlər arasında, ən çox müflis olan, iflasa uğramış bir ölkədir. Ermənistan tamamilə xarici faktordan asılıdır. Buna heç kəsin şübhəsi olmasın. Azərbaycan isə milli mənafeyimizə uyğun olaraq Rusiya ilə siyasətdə ən ağıllı siyasət aparır. İstədiyimiz ədalətli istiqamətdə Rusiyanın hər hansı bir ciddi addıma getməsi məsələsi çox ciddi məsələdir. Rusiya bunu istəyəcəkmi? Onun geopolitik maraqları var. Hazırda böyük geopolitik qarşıdurma gedir. Burada söhbət təkcə Ukraynadan getmir. Bu böyük bir qarşıdurmadır. Hansı ki, uzun illərdir Qərblə Rusiya arasında qarşıdurmanın ilkin şərtləri özünü bu cür partlayışla göstərdi. Bu cür informasiyaların ictimai rəydə düzgün başa düşülməsi üçün adekvat da şərh olunmalıdır".

Millət vəkili Elman Məmmədov bildirdi ki, Rusiya həll prosesində ciddi addım atarsa, Azərbaycanın timsalında özünə çox etibarlı dost qazanacaq: "Vladimir Nikitinin səsləndirdiyi fikir çox maraqlıdır. Burada diqqət çəkən məqam odur ki, həmin fikri səsləndirən şəxs bu məsələlərə bələd olan Rusiya dövlət rəsmilərindən biridir. Dağlıq Qarabağ probleminin yaranma tarixi Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-cü ildə yaradılması ilə başlanıldı. Bu, heç bir hüquqi əsas olmadan yaradılan və ermənilərin gələcək məqsədlərini həyata keçirmək üçün o zamanlar bir bomba kimi qoyulmuş bünövrə idi ki, XX əsrin sonunda da nəticəsini göstərdi. O dövrdə bu problemin bünövrəsinin qoyulması və sonradan ermənilərin arzusunun reallaşmasında şimal qonşumuzun xüsusi rolu olub. Problemin yaranmasında Rusiyanın "xidmətləri" danılmazdır. Bunu Rusiya istəsə də, inkar edə bilməz. Çünki, faktlar göz önündədir. Ondan qaçmaq olmaz. Bu, bir danılmaz həqiqətdir ki, problemin həlli, açarı Rusiyanın əlindədir. Həmsədrlərdən ABŞ, Fransa, BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlar nə qədər ciddi-cəhd göstərsələr də, konfliktin həllinin açarı Moskvadadır. Moskva nə vaxt istəsə, onda da bu problemin həllinə nail olacaq. Problemin ədalətli həllində bir maraqlı tərəf var, o da Azərbaycandır. Ermənistan problemin ədalətli həllində maraqlı deyil. Ermənistan işğalçıdır, təcavüzkardır və o problemin ədalətlə həll olunmasına hər cür maneə olur. Burada Rusiya faktoru danılmazdır. Çünki, Ermənistan özü Rusiyanın bir quberniyasıdır, dayaq nöqtəsidir. Onun iqtisadiyyatının 70-80 faizi Rusiyaya məxsusdur. Ermənistanı qoruyub saxlayan, Rusiyanın bu ölkədə yerləşdirdiyi, ən müasir silahlarla təchiz olunan ordusudur. Ermənistanın təhlükəsizliyinə zamin duran da Rusiyadır. Bu gün iqtisadiyyatı darmadağın olan, heç bir imkanı olmayan, əsgərin gülləsini, silahını, yeməyini Rusiya verən ölkə təbii ki, konfliktin həllində də müstəqil siyasət yeridə bilməz.

Bu gün bütün dünya Rusiyanın üzərinə düşərək, ona sanksiyalar tətbiq edir. Ancaq Azərbaycan buna baxmayaraq, öz dostluq və əməkdaşlığını hər zaman olduğu kimi, bu günlərdə də Rusiyaya münasibətdə nümayiş etdirib. Azərbaycan mərdlik, kişilik nümunəsi göstərir. Biz Rusiyadan da belə bir jest gözləyirik. Fikrimcə, Rusiya bu addımı atsa, səhv etməz. Özünə çox etibarlı bir tərəfdaş qazanmış olar. Bunun baş verməsi əlbəttə ki, hamımızı sevindirər. Ancaq nə bilmək olar, kim nə siyasət yürüdür". 

Sizin Reklam Yeriniz