Əlaqə Arxiv
news Image
2015.02.20
17:40
| A A A
"Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimatı keçirilib
Movqe.az xəbər verir ki, bu gün "Lent.az" İnformasiya Agentliyinin "Əsir düşərgəsi" layihəsinin materialları əsasında nəşr edilmiş "Cəhənnəmdə böyük çığırtı" adlı kitabın təqdimat mərasimi keçirilib.  Tədbirdə millət vəkilləri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, dövlət qurumlarının təmsilçiləri, baş redaktorlar iştirak ediblər. Tədbirin aparıcısı İlham Tumas bildirib ki, "Cəhənnəmdə böyük çığırtı" 23 il əvvəl azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edir. Daha sonra kitabın müəllifi Vüsalə Məmmədovanın təqdimatında "APA TV"nin hazırladığı süjet təqdim olunub.  Təqdimat mərasimində çıxış edən "APA Holding"in prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən artıqdır Azərbaycan dövləti və prezidenti Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: "Biz bu əsərlə həm də "Xocalıya Ədalət" kampaniyasına dəstək vermək, bu istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək istədik. Kitabın nəşrini "TEAS Press" Nəşriyyat Evi həyata keçirib, bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın aid olduğu Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Biz də insanlıq üçün necə bir təhlükənin mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün kitabın bir çox xarici dillərə tərcümə edilməsinə çalışacağıq".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Hadı Rəcəbli, Ərəstun Cavadov, Musa Qasımlı, Xocalı faciəsi zamanı girov düşmüş və 3 il girov həyatı yaşamış Müşfiq Əliyev kitabı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirib, kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür ediblər.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə çıxışında "Cəhənnəmdə böyük çığırtı" kitabının Dağlıq Qarabağmünaqişəsi, münaqişə zamanı ermənilərin törətdiyi qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edub: "KitabınXocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550 nəfərin qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var. Ümumilikdə 1400 nəfər şəxs əsir və girovluqdan azad edilib. Bu insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr "Cəhənnəmdə böyük çığırtı" kitabında o şəxslərin öz dilindən təqdim olunur. O insanların yaşadıqları faciəni oxuyanda görürsən ki, onlara verilən işgəncələr İkinci Dünya Müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir. Çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunmayıb, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar. Biz Dağlıq Qarabağmünaqişəsi ilə analoq təşkil edən münaqişələr zamanı necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa strukturlarının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür".

Mətbuat Şurasının sədri Əflatun Amaşov əsas mənbəyin münaqişə zamanı faciələri yaşayan insanlar olduğunu vurğulayıb: "Bu kitab müxtəlif xarici dillərə tərcümə olunmalıdır. Əsir və girov düşmüş insanlarımız tapılmalı, belə kitablar hazırlanmalıdır. Çünki tarix üçün bu kitablar əsas mənbə olacaq".




Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli kitabda əsas məqsədin nifrət aşılamaq olmadığını qeyd edib: "Müharibələr bütün hallarda faciə gətirir, əziyyətini dünya çəkir. Bu kitabda isə insanların, insanlığın faciəsi əksini tapıb".

H. Rəcəbli xüsusilə gənclərə kitabı oxumağı məsləhət görüb.


Tarixçi alim, millət vəkili Musa Qasımlı da belə kitabların mühüm olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, bu cür kitablar tarixi faktdır və gələcək araşdırmalar üçün önəmli mənbə rolunu oynayacaq: "Kitabda əks olunan bizim gerçək, ürək ağrıdan tariximizdir".


Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın növbəti təqdimat mərasiminin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında təşkil ediləcəyini söyləyib.

Kitabın müəllifi Vüsalə Məmmədova müsahiblərinin gözlərindəki görüntüləri kitaba köçürə bilməməsindən çox təəssüfləndiyi vurğulayıb: "Siz bu kitabı oxuyub bitirənə qədər layihə çərçivəsində ikinci kitabı sizə təqdim edəcəyik. Hesab edin ki, bu da mənim vətənə hərbi xidmətimdir".

Qeyd edək ki, "Cəhənnəmdə böyük çığırtı" kitabı "APA Holding"in dəstəyi ilə "TEAS Press" Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru "Lent.az" İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.
Sizin Reklam Yeriniz