Bir qrup deputat facebook sosial şəbəkəsində
yaradılmış "Deputat 2015" səhifəsinin adminləri"nə müraciət edib.
Movqe.az-ın məlumatına görə, həmin müraciət
millət vəkilləri Azay Quliyev, Fazil Mustafa, Vahid Əhmədov
tərəfindən edilib: "Əməkdaşlarımız sizin səhifənizdə "Son 5 ilin ən
yaxşı deputatı kimdir?" adlı sorğu keçirildiyini bildirdilər.
Məlumat verildi ki, həmin facebook səhifəsində səsvermənin hətta
ikinci mərhələsi başlayıb və orada bizlər- Azay Quliyev, Fazil
Mustafa və Vahid Əhmədovla yanaşı daha iki həmkarımız yer alıb.
Əlbəttə biz sosial şəbəkələrdə belə bir rəy sorğusunun
keçirilməsinə marağı başa düşürük. Biz həmçinin bizə dəstək olan və
fəaliyyətimizi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimizə
öz minnətdarlığımızı bildiririk. Lakin səhifədə digər millət
vəkillərinin ünvanlarına etikadan kənar, həqiqətləri əks etdirməyən
ifadələr, təhqirlər söylənilir və belə hesab edirik ki, bu cür
yanaşma onlara qarşı haqsızlıqdır. Bununla yanaşı, millət
vəkillərinin qarşı-qarşıya qoyulmasını və tərəfdarların arasında
lüzumsuz mübahisələri doğru hesab etmirik. Ümumiyyətlə bu cür
subyektiv sorğuları elmi-metodologiyaya əsaslanmadığı üçün aktual
hesab etmirik.Bütün bunları nəzərə alaraq bizim adlarımızın
sorğudan çıxarılmasını xahiş edirik!. Hörmətlə,millət vəkilləri
Azay Quliyev, Fazil Mustafa, Vahid Əhmədov".