Əlaqə Arxiv
news Image
2016.04.08
16:52
| A A A
ADNSU Şəhidləri qürurla andı

Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) çoxsaylı kollektivi başda rektor Mustafa Babanlı olmaqla, müəllim və tələbələr aprelin 2-5-də cəbhənin təmas xəttində erməni təxribatına layiqli cavab verərkən şəhadət qazanan Şəhidlərimizin ruhunu anıb. Akt zalında baş tutan mərasim öz izdihamı və ürəyi qələbə ruhu ilə döyünən tələbələrin bu tarixə şərəf, qürur hissi ilə yanaşmaları ilə diqqət çəkib.Mərasimdə Azərbaycan Dövlət Himni səslənib, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rektor M.Babanlı erməni təxribatına qarşı layiqli cavab verən Azərbaycan ordusunun rəşadətindən danışıb və bu tarxi dövlətimizin, xalqımızın milli-mənəvi qələbəsi kimi dəyərləndirib. Bildirib ki, bu gün hər bir insanın ürəyi Azərbaycan eşqi ilə döyünür və bu gün heç bir zaman olmadığı kimi mütəşəkkildir. Dağlıq Qarabağ və ondan kənar 7 rayonun ərazi və əhalisi haqqında, rayonların azad olunması istiqamətində aparılan danışıqlar prosesindən danışan rektor, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini vurğulayıb. "Bu gün cənab Prezidentin də dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil"- deyə, M.Babanlı Azərbaycanın güclü, nizamlı, işğal altında qalan torpaqları daim azad etməyə qadir olan ordusunun olduğunu bildirib. Rektor beynəlxalq missiyanın münaqişədə rolu barədə bir sıra nüanslara toxunmaqla, Azərbaycanın öz siyasətini məhz dünya strategiyasına uyğun qurduğunu qeyd edib: "Bu gün biz hamımız əsgərik. Canımızı vətən üçün verməyə hazırıq. Ölkə başçısı bu qüruru özümüzdə hiss etməyi bizə yaşatdı. Bu qələbə Azərbaycan ordusunun gücünü, nizam-intizamı nümayiş etdirdi. Biz şəhidlərin qanları hesabına yaranan bu nizamı qorumalıyıq. Azərbaycan tolerant ölkədir, xalqımız humanistdir. Biz müharibə istəmirik. Biz erməni işğalçılarının torpaqlarımızdan çıxmasını istəyirik. Lakin düşmən öz çirkin niyyətindən əl çəkməyib təxribatlar törətməkdə davam edəcəksə, bizə başqa yol qalmayacaq. Ali Baş Komandan çağırış edəcəksə, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşməyə hazırıq. Qələbəmiz üçün yalnız yumruq kimi birləşib, vahid komanda altında mütəşəkkil hərəkət etməliyik".Rektor tələbələri təhsillərində güclü olmağa səsləyib. Bildirib ki, universitetdə yetişən insanların yaxşı vətəndaş olduqları sübuta yetirildi. Vətənin müdafiəsini qurmaq üçün yaxşı mühəndis kimi də yetişməlidirlər.

Sizin Reklam Yeriniz