Əlaqə Arxiv
news Image
2012.12.07
19:14
| A A A
Uşaq qidaları ilə bağlı ciddi problem
Ekspert: «Maraqlı hal ondan ibarətdir ki, eyni şirkətə məxsus olan uşaq qida məhsullarının qiyməti Azərbaycanda qonşu dövlətlərə nisbətən bahadır» Körpə orqanizmi üçün ana südündən daha xeyirli bir qidanın olmadığı hamıya məlumdur. Lakin heç də bütün analar körpələrinə lazımi həcmdə süd vermək iqtidarında deyillər. Keçmişdəki kimi süd anaları da olmadığından uşağın qidalanması üçün tək çarə uşaq qidalarından istifadəyə qalır. Bu isə həm körpəyə, həm də büdcəyə zərərdir.
Azərbaycana uşaq qidaları xaricdən gətirildiyi üçün baha qiymətə satılır. Bəs qiymət bahalığının qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? Uşaq qidaları ilə bağlı yerli istehsal niyə yoxdur?
İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Mövqe. Az-a aşağıdakı açıqlamanı verib: "Maraqlı hal ondan ibarətdir ki, eyni şirkətə məxsus olan uşaq qida məhsullarının qiyməti Azərbaycanda qonşu dövlətlərə məsələn, Gürcüstana, Türkiyəyə nisbətən bahadır. İllərdir bu problem var. Bir neçə dəfə bu problem mətbuatda da qaldırılıb. Hətta keçən ilin əvvəllərində "Nestle" şirkəti bir şirkət olaraq da bu problemi qaldırdı. Sonra Azərbaycan bazarından çəkiləcəyi haqqında bir bəyanat da verdi. Amma çox güman ki, sonradan hər hansı bir danışıqlar yolu ilə bu problem yoluna qoyuldu. Bəzi məlumatları analiz edərkən belə məlum olur ki, Azərbaycanda uşaq yeməklərinin qiymətlərinin baha olmasının səbəbi müəyyən neqativ hallarla, birdə ki, yerli istehsalın olmaması ilə bağlıdır. Çünki, digər ölkələrdə, hətta qardaş Türkiyənin özündə belə xarici şirkətlərlə yanaşı yerli şirkətlərin də çox ciddi bazar tutumu var. Yerli şirkətlər xaricdən gətirilən mallarla rəqabət yarada bilir. Bu da qiymətin aşağı düşməsinə səbəb olur. Azərbaycanda yerli istehsal demək olar ki, sıfır səviyyəsindədir. Bizdə yerli istehsal ilə rəqabət olmadığı üçün xarici şirkətlərin nümayəndəlikləri burada qarşılarına çıxan neqativ halın dəyərini həmin məhsulun üzərinə qoyurlar. Bu da qiymət artımına gətirib çıxardır.
Problemin köklü həllinin 2 yolu var. Birincisi gömrük və vergi tariflərinin uşaq məhsularını istehsal və yaxud da idxal edən şirkətlər üçün aşağı salınması ilə ola bilər. İkincisi, bu sahədə çox yaxşı kreditlərin verilməsi yolu ilə yerli istehsalı yaratmaqla, bu sahədə rəqabət mühiti formalaşdırmaqla problemin həll edilməsi mümkün ola bilər.
Yerli istehsalın olmamasının əsas səbəblərindən biri ondan ibarətdir ki, uşaq qidalarının istehsalı elə bir sahədir ki, yeni texnologiyaların gətirilməsi vacibdir. Çünki, uşaqların sağlamlığı və inkişafı əsas məsələ olduğu üçün iri şirkətlərin istehsal elədiyi texnologiyaların gətirilməsi vacibdir. Bu isə heç də ucuz bir məsələ deyil. O texnologiyaların alınması, istehsal sahələrinin yaradılması ucuz başa gəlmir. Ona görə də kiçik və orta biznes bu sahədə çətinlik çəkir. Bu sahədə gəlirlərin aşağı olması, sahibkarları bu sahəyə yox, daha gəlirli sahələrə investisiya yatırmağa sövq edir. Bunu təşviq etmək üçün dövlətin müəyyən proqramı və bu sahəyə yanaşması olmalıdır. Düşünürəm ki, bu məsələyə kompleks şəkildə yanaşılsa, Azərbaycanda yerli istehsalın yaranmasına da şərait yarana bilər".
Sizin Reklam Yeriniz