Əlaqə Arxiv
news Image
2016.10.25
12:44
| A A A
Dəm qazı "kabusu"ndan necə yaxa qurtaraq?

Havalar soyar-soymaz demək olar ki, az qala hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il payız-qış mövsümündə xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir. Dəm qazından boğulub dünyasının dəyişənlərin ayrıca statistikası aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda yayılan xəbərlər də təsdiqləyir. Hələ havalar kəskin soymasa da, artıq dəm qazından zəhərlənənlər də var. Oktyabr ayı başlayandan dəm qazından zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 18 nəfər müraciət edib. Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, havalar təzə-təzə soyduğundan, dəm qazından boğulma ilə bağlı müraciətlər əvvəlki aylarda qeydə alınmayıb: "Mənzillərdə istiliyə tələbatın artmasına bu aydan başlanılıb. Elə oktyabr ayı başlayandan dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 18 nəfər müraciət edib. Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib. 7 nəfərə ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 2-si uşaqdır".
A. Maqsudov dəm qazından boğulma diaqnozu ilə ölüm halının hələki baş vermədiyini söyləyib. Amma baş toksikoloq qış aylarında dəm qazının xeyli sayda can aldığını da təsdiqləyir. Həmsöhbətimiz deyir ki, dəm qazından zəhərlənmə vaxtında aşkar olunmadıqda, bu ölümlə nəticələnir: “Hələ payız ayı olsa da, dəm qazından zəhərlənmələrin baş verməsi, qış aylarında müraciətlərin daha da çox olacağından xəbər verir. Dəm qazı yarandıqda vaxtında ilkin tibbi yardım edilməzsə insanın ölümünə belə səbəb ola bilir. Ötən mövsüm bu cür hadisələrin tez-tez baş verməsi bir daha göstərdi ki, insanlar bəzən dəm qazının "ölüm kabusu" olduğunu unudurlar".
A. Maqsudov havaların soyması ilə bağlı dəm qazından zəhərlənmə ehtimalının artdığını, əhalini ehtiyatlı olmağa çağırır. Həmsöhbətimiz deyir ki, məişət zəhərlənmələri arasında dəm qazı ilə zəhərlənmə daha tez-tez baş verir: “Deməli hər birimiz belə hallara hazır olmalı, zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq. Belə hallarda ilkin tibbi yardımın köməyi ilə zəhərlənəni həyata qaytarmaq mümkündür. Hər kəs bilməlidir ki, əgər yanacaq məhsullarının xaric olması üçün yer yoxdursa, və ya həmin yer tutulubsa, natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Ona görə də yanacaq yandırarkən çox ehtiyatlı olmalıyıq. Qaz iysiz, rəngsiz olduğundan insan bunu hiss etmir. Oksigendən fərqli olaraq, qazın havada az bir miqdarda olması belə kifayət edir ki, 5-6 dəqiqəyə insan zəhərlənsin. Dəm qazının oksigenlə birləşməsi nəticəsində karboksihemoqlobin yaranır.Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır. Zəhərlənmə 3 dərəcədə yüngül, orta, ağır ola bilər. Belə halda ilk növbədə zəhərlənən həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə amonimum tərkibli məhlul qoxudulmalıdır. Üstü isə isti yorğanla örtülməlidir. Əgər bütün bunlar düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq".
Statistik rəqəmlərdən də görünür ki, artıq dəm qazı cəmiyyət üçün kifayət qədər təhdid yaradan amilə çevrilib. Ani ehtiyatsızlıq dəm qazından zəhərlənməyə və boğulmaya yol aça bilər. Qeyd edək ki, dəm qazından zəhərlənmə və boğulma hallarının baş verməsini əngəlləmək bir tərəfdən hər bir insanın öz əlində olsa da, digər tərəfdən heç kəs bu cür bədbəxt hadisələrdən sığortalanmayıb. Aidiyyatı qurumlar dəm qazı “kabusu”ndan yaxa qurtarmaq üçün ehtiyatlı olmağa, təbii qazdan istifadə zamanı bir sıra amillərə diqqət yetirməyin vacibliyini vurğulayırlar. Bunlardan biri, hətta birincisi qaz cihazlarının təhlükəsizliyi məsələsidir. Aidiyyatı qurumlar vanna otaqlarında qaz cihazı yerləşdirməyin düzgün olmadığını, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklərin olmasının vacibliyini vurğulasalar da çoxları bu vacib qaydalara əməl etməyərək öz həyatlarını təhlükə altına atmış olurlar. Amma qeyd edək ki, əvvəllər qışda əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısı aidiyyatı qurumlar tərəfindən də alınırdı. Qaz təchizatı idarələrinin əməkdaşları mənzillərə baxış keçirməklə qeyri-standart qaz cihazlarının mənzillərdə istifadəsinin qarşısını alırdılar. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kəlbalıyev deyir ki, bu ilin may ayından sözçüsü olduğu qurum qaz cihazlarının mənzillərdə istifadəsi zamanı təhlükəsizlik məsələsinin yoxlanılmasına dair səlahiyyətini itirib: “Bu səlahiyyət bizim qurumdan alınaraq Nazirlər kabinetinin müvafiq qərarı ilə Fövqəladə Hallar Nazirliyinə və Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinə tapşırılıb”.
Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva mənzillərdə təhlükəsiz, standarta cavab verən qaz cihazlarının isfadəsi ilə bağlı tədbirlərin görülməkdə olduğunu söylədi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı bazarda standartlara uyğun olmayan qaz cihazları ilə bağlı hər hansı yoxlama aparılmadığını söylədi. Onun sözlərinə görə, vətəndaşlara sertifikatlaşdırma orqanlarının təhlükəsizliyinə sertifikat verdiyi qaz cihazlarından istifadə etmək tövsiyyə olunur. F. Talıblı deyir ki, çünki, sertifikatlaşdırma orqanları həmin qaz cihazlarına sertifikat verərkən öz sınaq labaratoriyalarında həmin cihazların təhlükəsizliyini yoxlayırlar. Əgər cihaz təhlükəsizdirsə, sertifikat verilir.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz