Əlaqə Arxiv
news Image
2013.01.18
15:16
| A A A
Səhiyyə nazirliyi özəl klinikalardan artan şikayətlərə münasibət bildirdi
Lətafət Əlizadə: "“Bir ətək pul alıb xəstəni müalicə edən və əməlliyyat edən özəl klinika hər hansı arzuolunmaz hadisə zamanı yaxasını asanlıqla kənara çəkə bilir, çünki pasiyentin hüququnu qoruyan qanun yoxdur”. Səhiyyə nazirliyi son günlər özəl klinikalardan edilən şikayətlərin artmasına münasibət bildirib. Bu barədə Movqe.az-a danışan nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, əgər sözügedən klinikalardan Səhiyyə Nazirliyinə şikayət daxil olarsa, mütləq həmin özəl tibb müəssisələrində yoxlama aparılacaq:"Ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin özəl olması o demək deyil ki, onlar nəzarətdən kənarda qalırlar. Həmin tibb müəssisələrində sanitar-gigiyenik, maddi-texniki baza, tibbi personalla bağlı vəziyyət nazirlik tərəfindən yoxlanılır. Əgər hansısa özəl xəstəxanada xəstəyə səhv diaqnoz qoyulması, yaxudda, həkimlərin səhvi nəticəsində xəstənin sağlamlığına ziyan vurulması faktı təsdiqlənərsə, həmin tibb müəssisəsini ciddi cəza gözləyə bilər. Odur ki, belə faktlar olarsa, həmin xəstələr özəl klinikalardan şikayətçi olmalarına baxmayaraq, nazirliyə bu barədə müraciət edə bilər. Şübhəsiz ki, nazirliyə edilən bütün şikayət və müraciətlər kimi, həmin məsələlər də  araşdırılacaq".
Qeyd edək ki, iki gündür ki, mətbuatda paytaxtda yerləşən iki özəl klinikadan şikayətlənən xəstələrlə bağlı məlumatlar əksini tapır. Hansı ki, həmin özəl klinikaların adı telekanalların reklam carxlarında bəh-bəhlə təriflənir. Bunlardan biri "Oksigen" klinikası, digəri isə ölkənin maddi durumuna görə sayılıb-seçilən şəxslərinin üz tutduğu Mərkəzi Klinik Xəstəxanadır. Amma unutmaq olmaz ki, özəl xəstəxanalarla bağlı şikayətlər bu iki klinika ilə məhdudlaşmır.  İki il bundan öncə paytaxtda yerləşən "Diaqnoz" Tibb Mərkəzində burun çəpəri əyriliyindən əməliyyat olunan 31 yaşlı Ruslan Həmidovun vəfat etməsi də özəl klinikalarda üz qaraldan tibbi xidmətin göstəricisi idi. Təəssüfedici məqamlardan biri isə, bizdə hələdə bu cür ölüm faktları ilə bağlı xəstənin yaxınlarının  həmin tibb müəssisələrinə qarşı iddia qaldıra bilməməsidir.
Bunun kökündə isə Azərbaycanda qəbul olunması daşa dirənən "Pasiyent Hüquqları Haqqında" qanunun yoxluğu durur.
"Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədri Lətafət Əlizadə deyir ki, pasiyentlərin hüququnu tənsimləyən qanunvericilik bazasının olmaması Azərbaycanda sağlamlığına zərər dəyən, yaxud yaxınını tibb müəssisəsinin səhvi üzündən itirənləri klinikaların qarşısında hələ borclu qoyur: "Bir ətək pul alıb xəstəni müalicə edən və əməlliyyat edən özəl klinika hər hansı arzuolunmaz hadisə zamanı yaxasını asanlıqla kənara çəkə bilir, çünki pasiyentin hüququnu qoruyan qanun yoxdur".
"Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov da bu qanunun olmaması üzündən pasiyentə dəyən zərərin ödənilməsinin təmin olunmadığını bildirir. Onun sözlərinə görə, bu cür hallarda çox təəssüf ki, istehlakçı hüququnu qoruyan QHT-lər də ancaq xəstəyə və onun yaxınına təsəlli verməklə kifayətlənməli olur. 
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də"Pasiyent Hüquqları Haqqında" qanunun qəbulunun zəruri olduğunu,  hazırda bu istiqamətdə iş aparıldığını bildirdi. Onun sözlərinə görə, bu qanunun qəbulundan sonra həkimlərin üzərinə böyük məsuliyyət düşəcək: "Bu qanun layihəsi müzakirə olunub. Amma təkminləşdirilməsinə ehtiyac olduğu üçün qəbul olunmayıb. Pasiyentin hüququnu müdafiə edən qanun işlədikdə, pasiyent ona dəyən zərəri də tələb edə biləcək".
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq inkişaf etmiş ölkələrdə, xəstə ona dəymiş ziyanı məhkəmə yolu ilə iddia qaldırdığı klinikadan ala bilir.
Hələ bir neçə il bundan əvvəl Amerikanın "Quest Diaqnostik" şirkəti vətəndaşların iddiası ilə 302 milyon ABŞ dolları məbləğində cərimələnmişdi. İddiaya səbəb isə, şirkətin satdığı qalxanabənzər vəzin ifraz etdiyi  parathormonları ölçən labarotor avadanlığın nəticələri yalnış göstərməsi olmuşdu.
Bizdə isə hələki xəstələrin sağlamlığına zərər yetirən klinikalar və onların tibbi personalı bu məsuliyyətdən yaxasını asanlıqla kənara çəkə bilir.
 
Sizin Reklam Yeriniz