Əlaqə Arxiv
news Image
2013.01.18
17:40
| A A A
Ali məktəblərin kampusları nə vaxt tikiləcək?
"Ali məktəblərin paytaxtdan kənara köçürülməsi yüksək vəsait tələb edən bir iş işdir. Vəsait ayrılarsa biz də bu təklifi dəstəkləyirik. Ali məktəblərin ya Bakı ətrafına, yaxudda regionlara köçürülməsi təhsilin inkişafına da müsbət təsir göstərə bilər".
Bu sözləri Movqe.az-a Təhsil nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov deyib. Onun sözlərinə görə, ali məktəblər üçün kampus tikintisi təhsilin inkişafına da töhfə verə bilər: "Amma bunun üçün külli miqdarda vəsait lazımdır. Əgər büdcədən buna vəsait ayrılarsa nazirlik bu işi təbii ki dəstəkləyəcək. Yəqin ki, yaxın gələcəkdə ali məktəblərin şəhərciyi, kampusu olacaq".
Baş məsləhətçi kampus tikintisi zamanı ərazilərin xüsusi seçildiyini və bunun əsaslandırıldığını söylədi: "Ali məktəbləri istənilən rayona köçürmək də olmaz. Bu zaman məsləhətləşmələr aparılmalı, həmin ərazinin hansı üstünlüklərinə görə, yaxud hansı müsbət irəliləyişlərə səbəb olacağı əsaslandırılmalıdır".
"Müasir Təhsil və Tədrisə Yardım" Mərkəzinin proqram rəhbəri Elmina Kazımzadə də, kampusların tikintisinin təhsilin inkişafı baxımından səmərə verdiyini söyləyir. Təhsil eksperti deyir ki, kampusların tikintisinə Türkiyə və digər ölkələrin təcrübəsində rast gəlinir. Onun sözlərinə görə, ali təhsil ocaqlarının bir yerdə qərarlaşması elmi təcrübələrin, akademik tədqiqatların aparılmasına şərait yaradır ki, bu da təhsilin inkişafına gətirib cıxardır: "Kampuslar mühit baxımından da tələbələrin təhsilə marağını artırır. Ətrafında bütün günü akademik, professorları görən tələbələr elmə daha çox maraq göstərirlər. Kampuslar eyni zamanda tələbələrin vaxt itgisinin də qarşısını alır. Tələbə yataqxanalarının da həmin məkanda yerləşməsi, onların yollarda itirdikləri vaxtı dərslərini öyrənməyə sərf etmələrinə imkan verir. Amma təbii ki, belə şəhərciklərin salınması milyonlarla manat pul tələb edir".
E. Kazımzadə kampusların tikintisi zamanı yer seçiminin də önəm daşıdığını, bu zaman əsasən infrastrukturu olan, iqtisadi inkişafında geriləmə müşahidə edilən rayonların seçildiyini söylədi.
Xatırladaq ki millət vəkilləri dəfələrlə kampusların müxtəlif rayonlarda tikilməsi barədə təkliflər səsləndiriblər.

Sizin Reklam Yeriniz