Əlaqə Arxiv
news Image
2013.01.24
16:40
| A A A
Qripə qarşı vaksinasiya niyə aparılmır?
"Ölkədə qripə qarşı vaksinasiyanın aparılmasına ehtiyac yoxdur". Bu sözləri Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) epidemioloji şöbəsinin müdiri Rəna Yusifi söyləyib. Onun sözlərinə görə, hazırda ölkə ərazisində qrip virusunun hansısa növü aktiv deyil: "Hazırda ölkə ərazisində müşahidə olunan qripəbənzər kəskin respirator xəstəlikdir. Əhali bəzən bunu qrip virusu ilə səhv salır. Amma hazırda Azərbaycanda qripin hansısa növü aktiv deyil. Ona görə də, qripə qarşı vaksinasiya aparılmır və buna ehtiyac yoxdur".
R. Yusifinin sözlərinə görə, ölkədə qriplə bağlı vəziyyət sabitdir: "Ölkədə qriplə bağlı epidemiya və panepidemiya müşahidə olunmadığından əhalinin bu virusa qarşı peyvənd edilməsi zərurəti yaranmayıb. Hazırda stasionar şəkildə müalicə üçün müraciət edən mövsümlə əlaqədar  kəskin respiratop xəstəlikdən şikayətlənənlərdir".
Epidemioloqlar qripə qarşı vaksinin ehtiyac olmadığı təqdirdə aparılmasının insan orqanizminin immuntetinin zəifləməsinə gətirib çıxardığını söyləyirlər. Ölkənin baş epidemioloqu İbadulla Ağayev deyir ki, istənilən halda zərurət yoxdursa, hansısa peyvənd təqviminə daxil edilməyən virusu insan bədəninə yeritmək düzgün deyil: "Hansısa virusu insanın bədəninə yeridərək orqanizmi qıcıqlandırmaq lazım deyil. İnsanlar qripdən qorunmaq üçün əksinə, immuntetlərini artırmaq üçün qidalar qəbul etməli, mövsümə uyğun geyinməlidirlər ki, xəstələnməsinlər. Bədənin soyması kəskin respirator xəstliyin baş qaldırması üçün münbit mühit yaradır. Odur ki, vaksin barədə düşünməkdənsə, hər kəs orqanizminin bu viruslara yoluxmaması üçün immun sisteminin gücləndirilməsi üçün çalışmalıdır".
Qeyd edək ki, son günlər yüksək hərarət, öskürək, gözün sulanması ilə müşahidə edilən, həkimlərin  qripəbənzər kəskin respirator xəstəlik diaqnozu qoyduqları virus əsasən azyaşlı uşaqlar arasında yayılıb. Odur ki, valideynlər bu virusa qarşı peyvəndləmə aparılmamasından narahatçılıq keçirirlər. Ölkənin baş pediatrı Nəsib Quliyev isə qripə qarşı vaksinin peyvənd təqviminə daxil edilməməsinin səsəbini bu vaksinin müvəqqəti təsirini saxlamasından irəli gəldiyini söyləyir: "Qripə qarşı vaksin ona görə aparılmır ki, hər dəfə yayılan qrip virusunun növləri ayrı olur. Tutaq ki, uşaqlar arasında qripin hansısa növünə görə vaksin vuruldu. Az keçməmiş qripin başqa növü yayılır. Qripin növləri dəyişdikcə gərək vaksin də dəyişsin. Ona görə də, peyvəndləmə təqviminə uzun müddət təsirini saxlayan vaksinlər daxil edilir. Müvəqqəti təsirli vaksinlər dünyanın inkişaf etmiş ölkələrində də aparılmır".
N. Quliyev hazırda uşaqlar arasında müşahidə olunan xəstəliyə yoluxma hallarından mühafizə üçün valideynlərin üzərinə düşən bir nömrəli vəzifənin azyaşlıların immuntetinin gücləndirilməsi olduğunu söyləyir.


Sizin Reklam Yeriniz