Hava kəskin dəyişəcək, sulu qar və qar yağacaq
Uzun müddət Azərbaycan ərazisində davam edən anomal isti hava
şəraitindən sonra yanvar ayının son günlərində havanın dəyişiləcəyi
gözlənilir. Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentinin sayt;na istinadən xəbər
verir ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8
dərəcə aşağı enəcək. Yanvarın 27-si axşam və 28-dən 29-na keçən
gecədən fevralın 2-dək Azərbaycanın rayonlarında fasilələrlə
yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq
və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək,
arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında isə yanvarın
26-da havanın dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə
duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında
arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın
temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti olacaq. Yanvarın
26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb
küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8,
gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 4 dərəcə
şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, bəzi yerlərdə 12
dərəcəyədək isti təşkil edəcək.