Əlaqə Arxiv
news Image
2013.03.06
13:14
| A A A
Valideynlərin uşaq polikilinikalarındakı şəraitsizliklə bağlı narazılıqlarına son qoyulacaq
Bu gün Milli Məclis "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsini  qəbul etdi. Qanun layihəsinin müzakirəsi zamanı bəzi mübahisəli məqamlar olsa da, sonda uşaqların müayinəsi ilə yanaşı müalicəsinin aparılması xərclərinin də dövlət tərəfindən qarşılanması qərara gəlindi.  Qeyd edək ki, bu qanunun qəbulu ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı bəzi suallara da yol açır. Valideynlər bildirirlər ki, sözügedən qanunun qəbulu ölkə prezidentinin uşaqların sağlamlığına göstərdiyi qayğısının  nümunəsidir. Amma valideynlər uşaq polikilinikalarında bütün müayinələrin aparılması üçün zəruri tibbi avadanlıqların olmamasından, bəzən dar ixtisaslaşmış həkim qıtlığının olmasından narahatçılıq keçirirlər. Bəs görəsən qanunun  işləməsi üçün, yəni "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun sözün əsl mənasında uşaqların sağlamlığına töhvə verməsi üçün maneə kimi görünən bu problemlər öz həllini hansı şəkildə tapacaq?
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, valideynlərin narahatçılığına əsas yoxdur. Çünki qanunun qəbulu zamanı bu amillər nəzərə alınıb: "Uşaq polikilinikalarında uşaqların  icbari dispanserizasiyasının aparılması üçün lazımi şəraitin yaradılması üçün bütün xərclər qarşılanacaq. Bu qanunun müzakirəsi zamanı da belə bir fikirlər səsləndi ki, uşaqların müalicəsi dispanserizasiyaya salınmasın. Amma biz bu təkliflərlə təbii ki, razılaşmadıq. Çünki, haqqında danışdığımız qanunun qəbulu ölkə prezidentinin tövsiyyəsi idi. Prezidentimiz bu qanunun qəbulunu ona görə vacib hesab edib ki, bütün uşaqların sağlamlığı qorunsun, uşaqlarda olan xəstəliklər erkən vaxtdan müəyyənləşərək vaxtında müalicəsi aparılsın. Əgər biz dispanserizasiyaya təkcə uşaqların müayinəsini salsaydıq bunun elədə səmərəsi olmayacaqdı. Tutaq ki, icbari dispanserizasiya zamanı uşaqda hansısa xəstəlik aşkarlandı. Valideyn məcburdur ki, belə halda onun müalicəsini öz hesabına aparsın. Bu zaman imkanı çatan valideyn bunu edəcəkdi, maddi sıxıntısı olanlar yox. Amma müalicənin də icbari dispanserizasiyaya salınması uşaqların sağlamlığının dövlət tərəfindən qorunmasını özündə ehtiva etdi".
M. Quliyev deyir ki, düzdür, bu qanunun işləməsi çox xərc aparacaq. Amma millət vəkili Maliyyə nazirliyi tərəfindən qanunun işləməsi üçün heç bir sıxıntı olmayacağı ilə bağlı razılıq verildiyini söylədi: " "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun büdcə tutumlu bir qanundur. Maliyyə nazirliyi Səhiyyə nazirliyi ilə birgə bu qanunun işləməsi üçün lazım olacaq vəsaiti hesablayıb müəyyənləşdirəcəklər. Amma Maliyyə nazirliyi də bəyan etdi ki, bu qanun ölkə prezidentinin tövsiyyəsi ilə qəbul ediliyindən, prezidentin tapşırığı ilə uşaqlardan pul əsirgənilməyəcək. Təbii ki, biz də buna görə ölkə başçımıza təşəkkür edirik. O ki, qaldı qanunun işləməsi üçün uşaq polikilinikalarında şəraitin yaradılmasına, yəqin ki, hesablamalar aparılarkən bütün bunlar nəzərə alınacaq. Uşaq polikilinikalarında bütün analizlərin aparılması, diaqnozların qoyulması üçün lazimi tibbi avadanlıqlar alınacaq, lazımi kadr potensialı ilə təmin olunacaq".
Ölkənin baş pediatrı Nəsib Quliyev də bu qanunun qəbulunun valideynlərlə yanaşı pediatrları da sevindirdiyini söylədi: "Uşaqların icbari dispanserizasiyası onların sağlamlığının qorunması baxımından çox vacibdir.  Ümumiyyətlə erkən aşkarlanan bütün xəstəliklərin vaxtında müayinəsi müsbət nəticə verir. Bu qanun uşaqlar arasında ölüm həddini də azaldacaq. Dispanserizasiya imkan verəcək ki, hər bir uşaqda müşahidə olunan xəstəlik üzə çıxarılsın və vaxtında müalicəsinə başlanılsın".
Uşaq polikilinikalarının tibbi personalı da qanunun qəbulunun uşaqların sağlamlığı baxımından müsbət nəticə verəcəyi fikrindədir. 11 saylı Uşaq polikilinikasının şöbə müdiri Nailə  İsmayılova deyir ki, sözügedən qanunun qəbulu uşaqların  yaşına uyğun olaraq, icbari qaydada dispanser müayinədən keçirilməsini təmin edəcək: "Elə valideynlər var ki, uşağını vaxtlı-vaxtında tibbi müayinələrdən keçirmir. Bu isə uşaqlarda yaranan xəstəliklərin erkən dövrdə aşkarlanmamasına gətirib çıxardır. Amma yeni qanun səhiyyə işçiləri ilə yanaşı, valideynlərin də məsuliyyətini artıracaq. Mən əminəm ki, bu qanun uşaqların sağlamlığının qorunmasına böyük töhvə verəcək. Bu qanunun ölkə  prezidentinin tövsiyyəsi ilə qəbulu bir daha göstərdi ki, "Uşaqlar bizim gələcəyimizdir" sözləri əbəs yerə işlənilməyib, dövlət öz gələcəyinin sağlamlığına qayğı göstərir".
Qeyd edək ki,  bu qanun icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin aparılması qaydalarını da müəyyənləşdirib. İcbari dispanserizasiyadan keçmiş  uşaqların registrində uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri və sağlamlıq vəziyyəti barədə qısa məlumat, aldığı tibbi yardımlar haqqında göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.
 Uşaqların icbari dispanserizasiyası tədbirləri aşağıdakılardır:
11.1.1. uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla);
11.1.2. müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsinin davam etdirilməsi;
11.1.3. uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi;
11.1.4. sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə edilməsi;
11.1.5. xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;
11.1.6. tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi;
11.1.7. xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə götürülməsi.

Sizin Reklam Yeriniz