Əlaqə Arxiv
news Image
2013.05.02
18:10
| A A A
Azərbaycanda tropik malyariya xofu
Süleyman Məmmədov: "1930-cu illərdə Azərbaycanda da tropik malyariya ocaqları alovlanıb" "Azərbaycanda üç nəfərdə tropik malyariya aşkarlanıb. Tropik malyariya 1930-cu illərdə də bizim ölkəmizdə qeydə alınıb".
Bu sözləri Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov deyib. S. Məmmədov bildirib ki, tropik malyariya xəstəliyi qeydə alınan şəxslər Afrikada bu xəstəliyə yoluxublar: "Bizdə o xəstəliyi yayan ağcaqanadlar yoxdur. Düzdür, əvvəllər olub.  1930-cu illərdə Azərbaycanda da tropik malyariya ocaqları alovlanıb. Amma görülmüş tədbirlər nəticəsində bu xəstəliyin qarşısını almağa nail olmuşuq".
S. Məmmədovun sözlərinə görə,ötən il malyariyaya yoluxma halı üç nəfərdə qeydə alınıb: "Ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət təhlükəli deyil. Malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki, ölkədə malyariya ilə bağlı ciddi təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır".
Həkimlər isə malyariya xəstəliyinin təhlükəli olduğunu söyləyirlər. Həkim parazitoloq Nərminə Hacıyeva deyir ki, malyariyaya yoluxmuş şəxsin əks müalicəsi, yaxud vaxtında müalicə edilməməsi qaraciyərin sıradan çıxması ilə nəticələnir: "Malyariya "anofoles" ağcaqanadlarının sancması nəticəsində baş verir. Bu ağcaqanad malyariyaya yoluxmuş bir adamı dişləyib digərinə qonandan sonra o da xəstəliyə yoluxur. Qızdırma ilə müşahidə olunan xəstəliyi müəyyən etmək üçün analiz verilməlidir. Əgər infeksiya aşkarlanarsa, mütəxəssisə müraciət olunmalıdır. Malyariya üşütmə, fasiləli qızdırma tutmaları ilə müşahidə edilən, retikuloendotelial sistemin (dalaq, qarciyər, ilik) zədələnməsi ilə özünü büruzə verən infeksion xəstəlikdir. Xəstəliyi təkhüceyrəli orqanizmlər törədir, malyariya ağcaqanadları (anopheles) yayır. Malyariya ağcaqanadı insanın qanını sorarkən plazmodilər ağcaqanadın orqanizminə düşür və burada cinsi çoxalma siklini keçirir. Nəticədə xəstəliyin inkubasiya dövrü bitir. Bu dövr üçgünlük malyariyada 7-21, dördgünlük malyariyada 21-42, tropik malyariyada 9-16 gün davam edir. Bundan sonra titrətmə, hərarətin yüksəlməsi və şiddətli tərləmə ilə müşahidə edilən qızdırma tutmaları baş verir. Titrəmə 20-30 dəqiqədən 2-4 saata kimi davam edir. Başağrısı, əzginlik, təngnəfəslik, öskürmə, bəzən də qusma ilə müşahidə edilir. Xəstənin hərarəti birdən-birə 40-41 dərəcəyə yüksəlir. Bu hal 8-12 saat davam edir. Xəstə bərk tərlədikdən sonra yüksək hərarət yavaş-yavaş enir. Xəstədə remissiya (tutmalar olmayan dövr) baş verir. Xəstəliyin formasından asılı olaraq, bu mərhələ 48-72 saat davam edir. Sonra tutmalar yenidən təkrarlanmağa başlayır. Bir neçə tutmadan sonra dalaq, qaraciyər böyüyür, xəstələrdə zəif sarılıq müşahidə edilir. Ağız, burun ətrafında uçuqlar əmələ gəlir. Xəstəlik malyariya koması kimi ağırlaşmalar verir. Əgər vaxtında müalicə aparılmazsa qaraciyər serrozu yarana bilər. Tam müalicə və effektiv nəticə əldə etmək üçün xəstə ən azından bir kurs, yəni 17 gün müalicə almalı və həkim nəzarətində olmalıdır".


Sizin Reklam Yeriniz