Əlaqə Arxiv
news Image
2013.05.02
18:55
| A A A
Gediş haqqının artırılması təklifinin əsas səbəbi üzə çıxdı
Şəhərdaxili sərnişindaşımada tariflərin artırılması yeni nömrələmə sisteminə keçidlə əlaqələndirilib Artıq bir neçə gündür ki, şəhərdaxili sərnişindaşımada qiymət artımı ilə bağlı narahatlıq davam edir. Şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılması ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət edən Nəqliyyat Nazirliyinin bu təklifinə müsbət cavab verilməyib. Buna baxmayaraq, hələ də əhali arasında ictimai nəqliyyatda gediş haqqının artacağı ilə bağlı narahatlıqlar qalmaqdadır. Bəs görəsən şəhərdaxili sərnişindaşımada gediş haqqının artacağı ehtimalları varmı? Nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib ki, sərnişindaşıma şirkətlərinin nazirliyə müraciət edərək qiymətlərin artırılmasını istədiklərini bildirib: "Onlar bunu hazırki tariflərin xərclərini ödəmədiyi ilə əsaslandırırlar. Xidmətin səviyyəsini daha da artırmaq üçün gediş haqqını artırmaq lazımdır".
İqtisadi İnkişaf Nazirliyindən isə Nəqliyyat Nazirliyinin qiymət artımı ilə bağlı təklifini belə əsaslandırdığını söylədilər: "Şəhərdaxili sərnişindaşımada tariflərin artırılması yeni nömrələmə sisteminə keçidlə əlaqələndirilib. Yeni nömrələmə sisteminin tətbiqi ilə paytaxtda marşurutların əksəriyyəti ixtisar olunub. Nəticədə fəaliyyətdə olan xətlərin məsafəsi artırılıb. Bunun isə xərclərə təsir etdiyi əsas gətirilərək gediş haqqının artırılması təklif olunub. Amma bildiyiniz kimi, Tarif Şurası qiymətləri olduğu kimi saxlayıb".
İqtisadçı Vüqar Bayramov isə deyir ki, bir sıra marşurutları ixtisarı sərnişindaşıma xidməti göstərən sahibkarların yox, sərnişinlərin xərclərini artırıb: " Şəhərdaxili sərnişindaşımada xərclərin strukturunda heç bir dəyişiklik baş verməyib. Yanacağın qiyməti də sabit qalıb. Əksinə xətlərin ixtisarı sərnişinlərin xərclərini artırıb. Əvvəl bir avtobusla mənzil başına çatan sərnişin, xətlərin ixtisarından sonra məcbur olub ki, iki-üç avtobus dəyişsin. İndi əmək qabiliyyətli sərnişinlərin şəhərdaxili sərnişindaşıma üçün xərclədiyi vəsait daha çoxdur. Bu əmək qabiliyyətli şəxsə bir ay üçün 25 manat təşkil edir. Bu isə kifayət qədər böyük məbləğdir. Nəqliyyat Nazirliyinin sahibkarların adından qiymət artımı üçün etdiyi müraciət əsassızdır".
  
Sizin Reklam Yeriniz