Əli Əhmədov: "Milli Şura ideyasının ortaya atılması siyasi təxribatdan başqa bir şey deyil"
"Milli Şura yaradılsa belə, o, kağız üzərində qalan, heç bir
siyasi perspektivi olmayan, 5-10 nəfər siyasi dəstəyi olmayanların
yaratdığı bir qurum olacaq ki, bunun da hər hansı siyasi
perspektivindən söhbət gedə bilməz".
Ə.Əhmədov deyib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər: "Milli Şuranın siyasi perspektivləri və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün nə Azərbaycan müxalifətini, nə də müxalifətə müxtəlif tərəflərdən qoşulanları Azərbaycan xalqı ciddi şəkildə dəstəkləmir. Buna görə də ciddi dəstəyə malik olmayan insanların ciddi bir siyasi qurum yaratmaq şansı da təbii ki, yoxdur. Milli Şuranın yaradılması ideyasını ortaya atanlar da bu reallığı dərk etməlidirlər".
YAP rəsmisi qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı aparılan bütün müşahidələr seçicilərin mütləq əksəriyyəti birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini göstərir: "Belə olan halda qondarma, hər hansı ictimai və ciddi əsaslara söykənməyən Milli Şura ideyasının az da olsa, perspektiv qazanacağına inanmaq çox çətindir".