Üzü çürüyən əsgərin ölümündə təqsirli bilinən həkim həbs edildi
Azərbaycan Silahlı Qüvvələri Baş Klinik
Hospitalının tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlov
həbs edilib. Movqe.az APA-ya
istinadən xəbər verir ki, V. Adıgözəlov Bakı Hərbi Məhkəməsinin
hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə
onun 500 manat məbləğində cərimə olunması barədə də qərar qəbul
edib. Həmin hökmdən narazı qalan V. Adıgözəlov isə Bakı Apellyasiya
Məhkəməsinə müraciət edib. Hazırda Bakı Apellyasiya Məhkəməsində V.
Adıgözəlovun şikayətinə baxılır. Qeyd
edək ki, 2011-ci il sentyabrın 29-da vəfat edən əsgər Eldar
Novruzovun valideynləri KİV-ə açıqlamalarında övladlarına həkim
Vasif Adıgözəlov tərəfindən səhv diaqnoz qoyulduğu üçün vəfat
etdiyini bildirmişdilər. Bundan sonra Respublika Hərbi
Prokurorluğunda əsgərin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Lakin V. Adıgözəlov həmin ittihamları qəbul etməyib.
Onu da qeyd edək ki, Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Eldar Novruzov Mingəçevirdə "N" saylı hərbi hissədə xidmət edib. Burnunda aparılan əməliyyatdan sonra vəziyyəti ağırlaşan E. Novruzov sentyabrın 29-da Gülhanə Tibb Akademiyasına aparılarkən yolda dünyasını dəyişib. V. Adıgözəlov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi) və 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə ittiham edilib.