Əlaqə Arxiv
news Image
2013.10.11
15:39
| A A A
ABŞ hökuməti özünü seçkiləri müşahidə etmiş dünya ictimaiyyəti ilə üz-üzə qoydu

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend-ə müsahibəsi

-Əli müəllim, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının bəyanatından dərhal sonra ABŞ Dövlət Departamenti onun rəyinə əsaslanaraq bildirmişdir ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara cavab verməmişdir. Bunu necə izah edərdiniz?

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının ilkin hesabatı açıqlandıqdan sonra ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirmişdir. Bunun ardınca ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd etmişdir. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini demişdir. Həm çoxsaylı müşahidə missiyalarının, həm ATƏT rəsmilərinin, həm də ATƏT-in iki müşahidə missiyası rəhbərinin seçkilərlə bağlı yüksək rəyləri ATƏT DTİHB-nin hesabatını ciddi şübhə altına alan faktorlardır. Bu da bir daha təsdiq edir ki, həmin sənəd ATƏT-in çoxsaylı müşahidəçilərinin rəylərinə, hər hansı ciddi bir fakta deyil, müxalifətin yaydığı yalan məlumatlara, ABŞ səfirliyinin rəhbərliyi altında müşahidə aparan bir qrup şəxsin hazırladığı saxta hesabatlara söykənmiş və açıq-aşkar sezilən kənar iradənin təsirinə məruz qalaraq seçki reallığını tam təhrif etmişdir.

Təbii ki, belə mübahisəli və obyektivliyi şübhə doğuran hesabata əsaslanaraq qərəzli bəyanatlar vermək heç kimə, o cümlədən ATƏT-i təmsil edən rəsmi şəxsə və ABŞ Dövlət Departamentinə başucalığı gətirmir. Ermənistanda prezident seçkilərinin tam saxtalaşdırılmasına göz yumaraq müsbət qiymət verən ABŞ hökumətinin Azərbaycanda dinc və şəffaf şəraitdə keçən demokratik seçkilərə qeyri-obyektiv münasibəti ikili standartların bariz nümunəsindən başqa bir şey deyildir.

Digər tərəfdən, 9 oktyabr prezident seçkilərini müşahidə edən ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin çoxsaylı ekspertləri, bu ölkənin siyasətçiləri, QHT nümayəndələri və s. birmənalı şəkildə qeyd etmişlər ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilmişdir. ABŞ-ın nüfuzlu konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi demokratik seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etmişlər.

ABŞ-ın tanınmış "Arthur J.Finkelstein and Associates" şirkəti exit-poll keçirərək cənab İlham Əliyevin seçicilərin 83.7 faizinin qazandığını təsdiqləmişdir. Dövlət Departamentinin açıqlamasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi adlı yerli təşkilatın donoslarına əsasən seçkilər zamanı qanun pozuntularına yol verildiyi iddia olunur. Amma bu təşkilatın və onun tərəfdaşlarının Azərbaycanın bölgələrini əhatə edən 66 dairədə apardıqları monitorinqə əsasən, seçkilərdə qanun pozuntularına yol verilməmiş, seçici aktivliyi 70-72 faiz təşkil etmiş və seçicilərin 80 faizindən çoxu cənab İlham Əliyevə səs vermişdir.

Hesab edirəm ki, Azərbaycanın seçki reallığı ilə bağlı ABŞ-ın rəyi deyəndə seçkilər haqqında heç bir məlumatı olmayan şəxslərin əsassız donosları əsasında, kabinetdə diqtə altında hazırladıqları qərəzli bəyanat deyil, bu ölkənin seçkiləri müşahidə edən və onu adekvat qiymətləndirən nüfuzlu nümayəndələrinin fikirləri, exit-poll keçirən şirkətinin nəticələri əsas götürülməlidir. Buna görə də ATƏT DTİHB-nin qərəzli hesabatına əsaslanan ABŞ Dövlət Departamentinin subyektiv rəyi Azərbaycan seçicisi ilə yanaşı, bu ölkənin seçkiləri müşahidə edən nümayəndələrinin, konqresmenlərin, senatorların, exit-poll keçirən şirkətinin mövqeyinə hörmətsizlikdir. ABŞ hökuməti qeyri-obyektiv yanaşma ilə özünü Azərbaycanın ictimai rəyi və mövcud seçkiləri müşahidə etmiş dünya ictimaiyyəti ilə üz-üzə qoydu.

Sizin Reklam Yeriniz