Əlaqə Arxiv
news Image
2013.10.23
23:45
| A A A
Yeni müdafiə naziri: “Biz dağlarda müharibəyə hazırlaşırıq”
Daxili Qoşunların komandanı, general-polkovnik Zakir Həsənovun müdafiə naziri postuna təyin edilməsi bu gün ən çox müzakirə olunan mövzulardan biridir.

DİN sistemində nümunəvi qoşun bölmələri yaratmaq sahəsində müəyyən uğurlar qazanmış Z.Həsənov ordu quruculuğu sahəsində nəyə nail olacaq? O, hansı konsepsiyalara əsaslanır? Karyerasına sovet zabiti kimi başlamış Z.Həsənov NATO-ya inteqrasiya tərəfdarıdır, yoxsa üzünü daha çox Rusiyaya tərəf çevirib? Z.Həsənov peşəkar (müqavilə əsaslı) ordunun yaradılmasının tərəfdarıdır, yoxsa Silahlı Qüvvələrdə çağırış-səfərbərlik sisteminin qalmasında maraqlıdır?

Biz bu suallara cavab tapmaq və yeni nazirin portretini yaratmaq üçün onun müxtəlif KİV-lərə, o cümlədən Rusiyanın "Военно-промышленный курьер" nəşrinə verdiyi müsahibədəki bəzi fikirlərinə istinad etməyə lüzum gördük. Müdafiə naziri öz baxışlarını həmin müsahibəsində daha müfəssəl şəkildə açıb.

Virtualaz.org saytı Z.Həsənovun həmin fikirlərini təqdim edir:

***

"Köhnə qaydalar və nizamnamə tələbləri bu gün bizə bəzi məsələlərdə əngəllər yaradır. Ona görə də biz müasir döyüş qaydalarını öyrədərkən, döyüş hazırlığını təşkil edərkən artıq NATO standartlarına tələb verən sənədləri əldə rəhbər tutur, onlardan bəhrələnirik. Bununla əlaqədar bəzi sənədlərə dəyişikliklər etmək zərurəti yaranıb.

Silahlı Qüvvələrin bugünkü və gələcək quruculuğu prosesi məsələsi bütün ölkələrdə yerli ictimaiyyəti həmişə maraqlandırır. Ermənistanla müharibə vəziyyətində olmağımız bu məsələni Azərbaycandan ötrü daha aktual problemə çevirib. İnsanlar bunu anlamalıdırlar ki, NATO standartları Şimali Atlantika alyansına daxil olan dövlətlərin Silahlı Qüvvələrinin heç də yekcins olmasını nəzərdə tutmur. Məsələn, NATO-ya üzv ölkələrin dağ-piyada briqadaları öz təşkilati-ştat quruluşuna və silahlanma göstəricilərinə görə heç də eyni ola bilməz. Doğrudur, o da var ki, birgə əməliyyatlar zamanı müxtəlif ölkələrin hərbi strukturlarının fəaliyyətinin uzlaşdırılması da vacibdir. Fərdi Tərəfdaşlıq Proqramında (PARP) iştirak edən Azərbaycan NATO-nun bəzi standartlarına uyğun gəlməlidir. Lakin bu, o demək deyil ki, biz öz Silahlı Qüvvələrimizin sərəncamındakı bütün silah və hərbi texnikadan tamamilə imtina etməliyik.

Hərb elminin inkişafı bir neçə şərtin yerinə yetirilməsini nəzərdə tutur. Onlardan birincisi və ən başlıcası budur ki, Silahlı Qüvvələr onun qarşısına qoyulmuş vəzifəni sürətlə və mütləq şəkildə yerinə yetirməlidir. Bu məqsədlə də son illər baş vermiş silahlı münaqişələr, döyüş əməliyyatları tərəfimizdən öyrənilib təhlil edilir. Beləliklə də uğurlu döyüş əməliyyatları təcrübə qazanmaq və onun yerli döyüş şəraitində tətbiq etmək baxımından qiymətli predmetə çevrilir. Bu səbəblərdən bizim İraqda, Əfqanıstanda, Rusiyanın cənubunda aparılmış və aparılmaqda olan hərbi əməliyyatları, onların bizim ölkəmizdəki yerli şəraitdə tətbiqi yollarını, mümkünlüyünü ciddi şəkildə təhlil edib öyrənməyimiz çox vacibdir.

Bir hərbçi kimi demək istəyirəm ki, biz müharibəyə, onun aparılmasına hər an hazır olmalıyıq. Biz şəxsi heyəti dağlıq şəraitdə, Dağlıq Qarabağın coğrafiyasına uyğun ərazidə hərbi əməliyyatlar aparmağa gecə-gündüz öyrədirik.

Bizim idarənin təşkilati-ştat strukturu bu gün inkişaf etmiş dövlətlərin müvafiq qurumlarının strukturlarına çox uyğundur. Biz bu istiqamətdə Türkiyənin təcrübəsindən geniş istifadə edirik. Türk jandarmeriysının zabitləri xidməti və döyüş hazırlığı zamanı bizə həmişə yardım edirlər. Döyüş hazırlığı, buna nail olmaq üçün lazım gələn normativ sənədlər bizdə Avropa, NATO standartları səviyyəsinə gətirilib çatdırılıb. Bizim təlim və hazırlığımız hərbi nöqteyi-nəzərdən NATO standartlarına tam uyğundur.

Silahlı Qüvvələrin peşəkar-müqaviləli xidmət sisteminə keçirilməsinə gəlincə isə mən həmişə qarışıq sistemin tərəfdarı olmuşam. Məncə, döyüş hazırlığını təmin edən, müasir silahlarla və hərbi texnika ilə davranmaq sahəsində dərin hərbi bilik və bacarıq tələb edən aparıcı vəzifələri müddətdən artıq xidmət edənlər, gizirlər və zabitlər tutmalıdırlar. Lakin elə vəzifələr də var ki, orada dərin hərbi bilik tələb olunmur. Bu vəzifələri müddətli xidmət edən əsgərlər tutmalıdır.

Beləliklə, biz vətəndaşları daim orduya çağırmaqla və ordudan təxris etməklə Silahlı Qüvvələr və digər hərbi strukturlar üçün ehtiyat yaratmış oluruq. Bu da müharibə şəraitində olan bir dövlət üçün çox vacibdir.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, vətəndaşların orduya daimi şəkildə çağırılması və təxris edilməsi xalqla ordu arasındakı əlaqələri möhkəmləndirməyə xidmət edir. Bu möhkəm əlaqələr vətənin müdafiəsi zamanı özünü müsbət cəhətdən göstərir, eləcə də cəmiyyətin Silahlı Qüvvələrə nəzarətini gücləndirməyə yardım edir. Mən Silahlı Qüvvələrin və digər hərbi strukturların istisnasız olaraq yalnız peşəkar muzdlulardan yaradılmasının əleyhinəyəm. Muzdlu üçün əsas məsələ maddi maraqdır. Bu da özlüyündə hər şeyi deyir..."
Sizin Reklam Yeriniz