Əlaqə Arxiv
news Image
2013.11.27
16:39
| A A A
Azərbaycan-NATO əməkdaşlığına dair seminar keçirilib
Seminarda Avropa İttifaqı-Azərbaycan əməkdaşlığında NATO-nun rolu, Azərbaycan - NATO dialoqunda rəsmi Bakının mövqeyi kimi məsələlər müzakirəyə çıxarılıb Noyabrın 26-da Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçikadakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Parlamentindəki Azərbaycanın Dostları Qrupunun bir neçə üzvünün iştirakı ilə seminar keçirilib. ANS PRESS-in məlumatına görə, tədbiri keçirməkdə məqsəd Azərbaycanın NATO qarşısındakı öhdəliyinə dair informasiya və fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlığın perspektivlərini işıqlandırmaq olub. Seminarda NATO-nun hazırkı fəaliyyəti və perspektivləri, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığında NATO-nun rolu, Azərbaycan - NATO dialoqunda rəsmi Bakının mövqeyi kimi məsələlər müzakirəyə çıxarılıb.

Çıxış edənlər vurğulayıb ki, Azərbaycan NATO-nun ən ümidverici və etibarlı tərəfdaşları arasında yer alıb və hazırda Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) əsgəri və təchizat yardımı edir. Bu, transatlantik əməkdaşlıqda Bakının əhəmiyyətini artırır. 

Seminarın əsas məruzəçilərindən, Avropa Parlamentinin Slovakiyadan olan millət vəkili Katarina Nevedalova bildirib ki, ötən bir neçə il ərzində Avropa Parlamentinin bir çox üzvü Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı inkişafdan xəbərdar olub. Katarina Nevedalovanın sözlərinə görə, Avropa ilə Azərbaycan arasında informasiya mübadiləsini intensivləşdirmək və yeni müstəviyə çıxarmaq lazımdır. 

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Xəzər İbrahim cari münasibətlərin icmalını verərək deyib ki, NATO və Azərbaycan demokratik, institusional və müdafiə islahatlarında fəal əməkdaşlıq edirlər. Ötən 10 il ərzində tərəflər arasında mülki müdafiənin planlaşdırılması, elmi mübadilə, ətraf mühitin mühafizəsi və ictimai informasiya kimi sahələrdə birgə çalışmaları olub. Azərbaycan NATO-nun ən ən etibarlı tərəfdaşlarından biri kimi qəbul olunur.
X.İbrahim çıxışını davam edərək qeyd edib ki, Azərbaycanın NATO ilə dialoqu sadəcə müxtəlif missiyalar zamanı insani və təchizat dəstəyini təmin etmək kimi sırf siyasi öhdəlikdən ibarət deyil. Azərbaycan mənəvi və hüquqi məsələləri əhatə edən planlarda da fəal iştirak edir və NATO-nun ambisiyalarına sadiqdir. 
Azərbaycanlı diplomat həmçinin gələcək iki il üçün əhəmiyyətli olacaq Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı haqqında da ətraflı məlumat verdi.

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı Fuad İsgəndərov və Avropa Parlamentinin Latviyadan olan millət vəkili İnes Vayder öz çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının Avropa İttifaqının təhlükəsizlik siyasəti arasındakı bağlardan bəhs ediblər. Xanım Vayder vurğulayıb ki, Azərbaycan Avro-Atlantik standartlara nail olmağın və Avropa təsisatlarına yaxınlaşmanın yollarını araşdırır və bu məsələdə ona köməklik etmək lazımdır.

Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı Nümayəndəliyinin rəhbəri Roman Huna vurğulayıb ki, Avropa Azərbaycan Cəmiyyətinin ən mühüm prioritetlərindən biri Azərbaycan və onun Avropa üçün əhəmiyyəti haqqında Avropa ictimaiyyətini səmərəli şəkildə məlumatlandırmaqdır. NATO Azərbaycanın öz etibarlılığını və əməkdaşlıq sahəsində yaradıcı mövqeyini nümayiş etdirdiyi ən qabaqcıl beynəlxalq təşkilatlardan biri sırasında yer alır. 1990-cı illərdə həm Əfqanıstan, həm də Kosovoda Azərbaycanın NATO qarşısındakı öhdəçiliyinə verdiyi töhfələr beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Sizin Reklam Yeriniz