Əlaqə Arxiv
news Image
2013.12.06
16:25
| A A A
Bank reklamları vətəndaşları çaşdırır, yoxsa...? (ARAŞDIRMA)
Bank mütəxəssisi: "Aldanma halları baş verirsə, bu bankların səhvi yox, vətəndaşların maliyyə savadsızlığından irəli gəlir" Ölkənin bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 % civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, bəzən də üç dəfə yuxarı olur. Bundan başqa bir çox bank reklamlarında faizlərdə bir müddətlik endirimlər və ya dəyişikliklər olduğunu söyləyirlər. Təbii ki, əhali də reklamda qeyd olunan faizlərlə daha sərfəli kreditlər əldə edə bilmələri üçün həmin banklara müraciət edir. Bizə daxil olan şikəyətlərdən də anlamaq olur ki, bəzi banklar əhalini çaşdıra biləcək reklam üsullarından istifadə edirlər. Həmçinin kredit verilərkən komisyon haqlarının əlavə olaraq müştərinin kredit məbləğindən çıxılması kimi hallar da müşahidə olunur. 

Ekspertlərin araşdırması isə göstərir ki, müştərilərin əksər hissəsi kredit müqavilələrini oxumadan müqaviləyə qol çəkirlər. Əslində onlar bankların aldadıcı elanlarına inanaraq gəlirlər və daha ağır şərtlərlə hazırlanmış kredit müqavilələrinə özləri də bilmədən imza atırlar. Bu da bankların vətəndaşları aldadaraq onlardan daha çox vəsait almasına gətirib çıxarır. Burada uduzan tərəf isə vətəndaşlar olur. 

Bank mütəxəssisi Ramil Bayramov ANS PRESS-ə açıqlamasında bildirdi ki, belə hallar baş verirsə, bu bankların səhvi yox, vətəndaşların maliyyə savadsızlığından irəli gəlir. Bank nümayəndəsinin fikrincə, bank sahəsində ağır terminlərin olması da vətəndaşlarda bəzən çaşqınlıq yaradır:

"Bizim bankın saytında bank kreditləri və faiz dərəcələri ilə bağlı ətraflı məlumatlar yerləşdirilir. Ola bilər ki, bu məlumatlar vətəndaşlar tərəfindən düzgün anlaşılmır. Bizim bank saytımızda kreditin düsturu da verilir. Müştəri bank mütəxəssisinə yaxınlaşdıqda, ona ətraflı məlumat verilir. Mən düşünmürəm ki, bu faiz hesablanarkən faizin göstəriləndən yuxarı göstərilməsi halları olsun. Əgər bu cür hallar baş verirsə, deməli bu müştərinin maliyyə savadsızlığından irəli gəlir. Çünki bank mütəxəssisi daha dəqiq hesablayır və orada səhv etimalı yoxdur".

Mərkəzi Bankın İnkişaf departamentinin sədri Asim Cahangirov isə ANS PRESS-ə müsahibəsində, ölkədə vətəndaşların maliyyə savadlılığını artırmaq üçün genişmiqyaslı işlərin görüldüyünü söylədi: 

"Artıq bu maliyyə savadlılığı ilə bağlı məlumatlandırıcı bukletlər hazırlamışıq. Biz bu təbliğatı sosial şəbəkələr vasitəsi ilə də yayırıq. İnsanlar bankların faiz dərəcələrini Mərkəzi Bankın təqdim etdiyi faiz kalkulyatorları ilə də müəyyənləşdirə bilərlər. Bu isə vətəndaşların yanlış hesablamarının və yaranan səhvlərin qarşısını ala bilər. Mərkəzi bankın əsas fəaliyyəti ona yönəlib ki, vətəndaşların aldanma halları baş verməsin". 

Qeyd edək ki, vətəndaşların hüquqları "Reklam haqqında" qanun və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunan əsasən qorunur.
Sizin Reklam Yeriniz