Əlaqə Arxiv
news Image
2013.12.16
19:46
| A A A
Xanimanı dağılanların məmləkəti: uçurumdan aşağı baxanlar nə görürlər?
Ermənistandakı demoqrafik problemlər elə bir səviyyəyə çatıb ki, artıq milli təhlükəsizliyin sütunlarının ləngər vurmasından danışmaq gərəkdir.

Ölkədə doğulan ermənilərin sayı azalır, qocaların sayı artır, üstəlik, mühacirət edən hayların sayında sürətli artım müşahidə olunur.
 

Ermənistanın viranə qalmış ölkəyə çevrilməsində Yerevanın ağası, hamisi, sahibi, "strateji tərəfdaşı" və sairi olan Rusiya da önəmli rol oynayır.


Səbəb bəlli: Rusiya bundan belə Ermənistanın təhlükəsizliyinin qarantı olduğunu bildirib.

Rusiya və Ermənistan arasındakı "tərəfdaşlıq, əməkdaşlıq və işbirliyi"nin ermənilər üçün nə qədər təhlükəli olduğunu prezident Serj Sarkisyanın dəstəsi xalqdan gizləməyə çalışsa da, haylar gerçəkləri gec də olsa, anlamağa başlayıblar.


Həqiqət çox sadədir: Yerevandakı rejimi buyruq quluna çevirmiş Rusiya asan və asudə şəkildə Ermənistanı talan etməkdədir.
 

İlk baxışdan bütün bunlar Ermənistanın hakimiyyət dairələrinin Rusiya qarşısında müdafiəsiz, naçar, köməksiz və heç bir çıxış yolu olmayan vəziyyətdə qalmasına dəlalət edir.


Amma ilkin rəy yanlışdır, Yerevan bivec durumda deyil. Sadəcə olaraq Sarkisyan rejimi əhalini "Rusiyanın qəzəbi" ilə qorxudaraq ölkəni sosial baxımdan təminatsız insanlardan "təmizləməyə" çalışır.
 

Ermənistanı tərk edərək Rusiyaya yollananlar pul qazanıb vətənlərinə göndərirlər və düşünürlər ki, hakimiyyət dairələri onların mümkün qədər tez şəkildə geri qayıtmalarını istəyir.


Əsla belə deyil: rəsmi Yerevan bu adamların ailələrini də Rusiyaya aparmalarını, orada qalmalarını, vətəndaşlıq almalarını - ümumiyyətlə, Ermənistandan uzaq durmalarını istəyir.
 

Bu minvalla Sarkisyan rejimi hakimiyyətini potensial təhlükədən, narazı kütlədən qorumaq istəyir. Yəni Yerevandakı rejim insanların kütləvi şəkildə ölkəni tərk etməsinə razıdır: təki iqtidardakı qüvvə varlanma, harınlama, xalqı zillətə düçar etmə rıçaqlarını itirməsin.
 

...Təxminən iki il əvvəl Ermənistan hökuməti Çin və Hindistanla viza rejimini yüngülləşdirdi. Ermənilər indiyədək anlaya bilmirlər ki, axı niyə məhz bu ölkələrlə?

İş ondadır ki, Hindistanla Çində əhali artımı az qala fantastik səviyyədədir, insanlar çox, ərazi və resurslar isə azdır. Həmin ölkələrdən də hinduslarla çinlilər çox böyük məmnuniyyətlə Ermənistana üz tuturlar.
 

Axı qonşu dövlətdə kəndlər və qəsəbələr boşalır, yaşayış məntəqələri adlanan məkanlarda itlər ulayır, yiyəsiz qalmış evlərin qapılarını külək çırpır.
 

Bundan başqa, Hindistanla Çində əhalinin tam əksəriyyəti yoxsuldur və yetərincə qidalanmır.
 

Onlar Ermənistanda varlı və tox olmayacaqlar, amma sıxlıq içində də yaşamayacaqlar.

Qonşu ölkənin qəsəbələrində Rusiyaya yollanmış ermənilər indi çinlilərlə, hinduslarla əvəzlənir. Gələnlər üçün iş yerləri də yaradılır. Məsələn, Ermənistandakı mədənləri satın alan Çin şirkətləri tərəfindən.
 

Və ən nəhayət, Ermənistanda belə gəlmələrin sayının artımı Sarkisyan rejimi üçün də əlverişli məsələ olardı.
 

Çünki hinduslarla çinlilər aclıqdan şikayətlənsələr, onlara qarşı polislərlə hərbçiləri yollamaq, döymək, həbs etmək olar və Serj Sarkisyanı da kimsə "öz xalqına qarşı amansızlıqla güc işlətmək"də suçlamaz.
 

Bütün bunlar fantastik ehtimallar təsiri bağışlaya bilər. Amma Ermənistanda yaşanan olayların məcrasına, proseslərin təmayülünə baxmaq yetər ki, vəziyyətin bəhs etdiyimizdən də ağır olduğu görünsün.
 

İdarə etdiyi ölkənin sürətlə boşalmasını sevinclə izləyən hakimiyyətin davranışını normal saymağın özü anormallıq olardı hər halda.
 

...Ötən ilin bu günlərində Serj Sarkisyan başçılıq etdiyi, ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyasının qurultayında çıxış etmişdi və iqtidar da bu çıxışı "ölkədə çox ciddi, köklü islahatlarla yeniliklərin startı" kimi təqdim etmişdi.
 

Sarkisyanın yumruğunu masaya vurub qəzəblə "Bəsdir, yetər artıq!" dediyinə erməniləri inandırmaq üçün hər şey edilir. 

Cəmiyyət də çətin durumda qalmışdı. Çünki Serj Sarkisyanın çıxışı gerçəkdən də "korrupsiya, qanunsuzluq, məmur özbaşınalığından bezmiş dövlət başçısının sinirli açıqlamaları" kimi qəbul oluna bilərdi.
 

O, həqiqətən də rəhbərlik etdiyi ölkədəki biabırçı siyasi, sosial-iqtisadi durumu sərt dəyərləndirdi, korrupsiya və rüşvətxorluğun miqyasından az qala dəhşətə gəldiyini söylədi.
 

Üstəlik, bu çıxışın mətnini Ermənistandakı situasiyadan bixəbər insan oxusaydı, tribunada ölkə prezidentinin yox, müxalifət liderinin danışdığını düşünərdi.
 

Ermənilər fikirləşirdilər ki, bəlkə, doğrudan da, hakimiyyət ölkədəki vəziyyətin dözülməz həddə çatdığını anlayıb. Həmin həddən sonra viranəlik başlayır ki, iqtidarın özü də dağılan sistemin xarabalıqları altında qala bilər.
 

Hakimiyyət ermənilərin, cəmiyyətin gözləntilərindən ruhlandı, daha da həyasızlaşdı, yalanların sayını artırdı və görmədi ki, o çıxışdan sonra formalaşan proseslərin sərhədləri dəqiqləşməkdə, konturları stabilləşməkdədir.


Ölkədəki iqtidar mənsubları ilə yanaşı, müxalifətçilər də cuşa gəlmişdilər və deyirdilər ki, cəmi iki-üç ay keçər, Serj Sarkisyanın qəzəbli çıxışının təsirini cəmiyyət hiss edər.
 

Həmin çıxışdan bir il keçir.
 

Ermənilər ölkədəki mənhus durumun düzəlməsi üçün köklü dəyişikliklərə ümid etsələr də, S.Sarkisyanın onları yenə aldatdığını, növbəti yalanlarına qurban etdiyini dərk etdilər.
 

Ermənilər başa düşdülər ki, Yerevandakı bandokratiyanın ölkənin rifahı üçün nə isə edəcəyini düşünmək abdal, mənasız və əbəs işdir.
 

Ötən il ərzində praktiki olaraq heç bir ciddi və ya qeyri-ciddi, fundamental və ya səthi hadisə baş vermədi, hakimiyyət önəmli addım atmadı ki, ermənilər iqtidarın dəyişikliklər istəyində olduğunu görsünlər, sosial-psixoloji və siyasi-iqtisadi böhrandan çıxmaq üçün nəsə etməyə çalışdığının şahidi olsunlar.

"Rüşvətxorluq və korrupsiya ilə amansız mübarizə" adı ilə 20, 30 və 100 min dram rüşvət alan bir neçə nəfər tutulur. Halbuki on minlərlə, yüz minlərlə dram məbləğində maaş alan məmurlar milyonlarla dollarlıq varidata malikdirlər, kimsə də onlara bir söz demir.

Nə istefalar oldu, nə cəzalandırılan iribuynuzlu məmurlar.
 

Hər şey olduğu kimi qaldı.

Ermənilər üçün daha bir qara Milad nağılı başa çatır.

Günah kimdədir əcəba?

Sizin Reklam Yeriniz