2020-ci ildə əhali bütün xidmətləri "Elektron-Hökumət"dən alacaq
"2020-ci ilədək dövlətin əhaliyə təqdim etdiyi
xidmətlərin bütünlüklə "Elektron Hökumət" vasitəsilə həyata
keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin
80 faizə çatdırılması nəzərdə tululub." Bunu YAP Siyasi Şurasının
üzvü, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yeni
Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycan 2013-2018:
Yeni hədəflərə doğru" mövzusunda keçirilən konfransda deyib. O, bir
çox məsələlərə toxunaraq həmçinin bildirib ki, bu gün Azərbaycanda
İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən,
Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri
arasında 70 faizlik göstərici ilə birinci yerdədir. Azərbaycanda
İKT-dən əldə edilən gəlir təxminən 2 milyard dollardır və 2020-ci
ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir.
Beləliklə, hədəf ümumi daxili məhsulun formalaşmasında İKT-nin
payını 10 faizə çatdırmaqdır. Buna nail olmaq üçün orta illik
artımın 15-18 faiz təşkil etməsi planlaşdırılıb. Ümumiyyətlə
telekommunikasiya, internet və radio-televiziya yayım
infrastrukturunun inkişafı əsas hədəflər sırasına daxildir. Rabitə
və informasiya texnologiyaları naziri qeyd etmişdir ki, 2020-ci
ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl
sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı
gözlənilir.