Əlaqə Arxiv
news Image
2014.01.17
19:00
| A A A
Evini zibilxanaya döndərənlər...
Silloqomaniya qurbanlarını bu xəstəlikdən necə qurtarmaq olar? Bəzi insanların köhnə və lazımsız əşya, geyim, müxtəlif aksessuar, məişət avadanlıqlarını, hətta köhnə paketi belə atmağa heyfi gəlir və onları yığıb saxlayır. Bu xəstəlik silloqomaniya adlanır. Xəstəliyin ağır formasında insanlar evlərini zibilliyə döndərirlər. 

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, elə adamlar var ki, çox qənaətcil olduğu üçün köhnə əşyaları ata bilmirlər: "Bəziləri isə köhnə əşyalarla həyatının hansısa anını, dönəmini bağladıqlarından həmin əşyalardan ayrıla bilmirlər. Belə adamlar çox vaxt başqaları tərəfindən qınanılır. Belə ki, onlar lazımsız əşyaları yığıb saxladıqları üçün dolabda yer qalmır. Ev lazımsız əşyalarla dolur. Belə adamların yaxınları çox vaxt narazı olur və köhnə əşyaları atmağı tələb edirlər. Lakin təkidlərə baxmayaraq, onları yola gətirmək çətindir. Belə adamlar müxtəlif bəhanələr taparaq köhnə əşyaları saxlayırlar. Çox vaxt da belə adamlar deyirlər ki, "bu əşya mənə lazım ola bilər", "bundan hələ istifadə edəcəyəm", "ata bilmərəm, heyfim gəlir", "bu əşya mənə gənclik illərimi xatırladır" və s". 

E.Bağırova bildirib ki, bu cür xüsusiyyət həm cavanlara, həm də yaşlılara xasdır. Əsasən də qənaətcil adamlar bu cür xüsusiyyətdən əziyyət çəkirlər. Onlar saxladıqları əşyaları heç vaxt işlətməsələr də, onları atmağa heyfləri gəlir. Nəticədə evdə o qədər əşyalar yığılır ki, səliqəni saxlamaq çətinləşir, sonda bu xüsusiyyət xəstəlik dərəcəsinə çatır. Həmsöhbətimizə görə, bu cür pis vərdişlə mübarizə aparmağa ilkin mərəhələdə başlamaq lazımdır. "Bu xəstəliyin əlamətləri əvvəlcə özünü zəif göstərməyə başlayır. Misal üçün, şəxs dəbdən çıxmış ayaqqabıları atmaq istəmir. Sonra isə tədricən cırılmış, dabanı sınmış ayaqqabıları da atmaqdan imtina edir. Ayaqqabı üçün nəzərdə tutulan dolabı tam köhnə ayaqqabılarla dolsa belə onları atmır. Çox maraqlıdır ki, yeni ayaqqabıları aldıqdan sonra da köhnə ayaqqabıları atmağa ehtiyac duymur. Həmin ayaqqabıları geyməsə də, onları uzun müddət, bəzən də bütün ömrü boyu saxlayır. Bəzi hallarda qənaətcil evdar xanımlar qida məhsullarının qablarını, bankalarını da atmaq istəmirlər. Onlar qablara baxaraq "təzə qabdır, bunu niyə atım ki?" düşünürlər. Nəticədə mətbəx mebelində çoxlu sayda boş bankalara, qida məhsulları qablarına rast gəlmək olur. Belə insanlarla yaşamaq çox çətindir. Onlar evi bir növ köhnə əşyalar anbarına döndərirlər. Dolablarında səliqə ilə düzülmüş dəbli və zövqlü qablar, stəkanlar əvəzinə köhnə, sınıq qablara, bankalara rast gəlirsən". 

Qeyd edək ki, Amerika Həyat İnstitutunun həkimləri bu cür xüsusiyyətdən əziyyət çəkən insanları müşahidə etmiş və bunun xəstəlik olduğunu sübut edərək xəstəliyi silloqomaniya adlandırıblar. Bu xəstəlikdən əziyyət çəkənlərdə əşyaları yığıb saxlamaq patoloji formada özünü göstərir. Onlar saxladıqları əşyalara qarşı çox ehtiyatla davranırlar. Bəzən ola bilər ki, onlar saxladıqları əşyaların qablaşdırılmasını belə açmayıb, onu istifadə etmədən təzə saxlayırlar. Silloqomaniyadan əziyyət çəkənlər nə vaxtsa bu əşyaların çox lazım olacağını düşünərək saxlayırlar. Silloqomaniya xəstəliyinə tutulanlar, hətta köhnə jurnal, qəzet və ya paketi belə ata bilmirlər. 

Alimlər belə qənaətə gəliblər ki, bu psixi pozuntu güclü stress nəticəsində, məsələn, yaxın adamın ölümündən sonra yarana bilər. Nəticədə beyində qərar vermə ilə bağlı olan hissələrdə fəallıq azalır. Digər tərəfdən, bu xəstəliyin kökündə müflisləşmək qorxusu da dayanır. Yığıcılıq xüsusiyyəti genetik olaraq da keçə bilər. Bu xəstəlik nəsildən nəsilə də keçir. Məsələn, çox vaxt da müharibə dövründə yaşayan valideynlər bu cür davranışı qızına və ya oğluna keçirir. Amerikalı alimlər xəstəliyin ağırlığını ölçmək üçün 1-dən 5-ə qədər şkala müəyyən edirlər. Xəstəliyin son mərhələsində, insanlar evini zibilxanaya döndərirlər. Onlar evə o qədər köhnə və lazımsız əşyalar yığırlar ki, evdə özlərinə yaşamaq üçün, demək olar, yer qalmır. Evdə tamamilə yer qalmayanda, belə adamlar küçədə və ya maşınlarında gecələyirlər. Evi isə anbar kimi istifadə edirlər. 

Bağırova əlavə edib ki, adətən normal insanlar işləməyən və yararsız texniki avadanlıqları atırlar. Silloqomaniyadan əziyyət çəkənlərsə işləməyən, hətta çoxdan heç kimin istifadə etmədiyi televizor, soyuducu, paltaryuyanın modellərini saxlayırlar. Onlar o qədər köhnə əşya saxlayırlar ki, gündəlik həyatları üçün lazım olan əşyaları tapa bilmirlər. Bəzən çox geyimləri olsa belə, yalnız birini geyinir. Ona görə ki, o, yığdığı əşyaları yadda saxlaya bilmir. Yeni əşyaları, geyimləri və s. köhnə və lazımsızlarla qarışır. Silloqomaniyadan əziyyət çəkən bir qrup insanlar hətta küçədən də əşya yığıb evə gətirməyə başlayır. Bu cür adamlar tanıdığı insanların atmaq istədikləri əşyaları belə götürüb saxlayırlar. Qəribəsi odur ki, onlar kiminsə atmaq istədiyi əşyanı həvəslə götürür. Bu, xəstəlikdir və bunu müalicə etmək lazımdır. 

Psixoloq məsləhət görür ki, silloqomaniya qurbanlarına yaxınları kömək edə bilərlər: "Yaxşı olar ki, onlar həmin adamı lazımsız əşyaları atmağa məcbur etsinlər. Silloqomaniya qurbanı özü isə anlamalıdır ki, lazımsız əşyaları atdıqda evdə boş yer çoxalır. Köhnə əşyaları atdıqdan sonra evi səliqəyə salmaq daha asan olacaq. Həm də nəzərə alın ki, həmin əşyaları istifadə etməyəcəksiz. Onları atsanız və ya kiməsə versəniz, daha faydalı olar. Özünüzə bir qayda qoyun: "Əgər bir əşya iki il istifadə edilmirsə, onu atmaq lazımdır!" Bu qaydaya ciddi əməl edin. Eləcə də yeni bir şey aldıqda köhnəsini atın". 
Sizin Reklam Yeriniz