Paytaxtdakı cəzaçəkmə müəsisələri köçürülür
"Şəhərin mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək".
Movqe.-ın məlumatına görə, bunu Penitensiar Xidmətin rəisi, ədliyyə
general-leytenantı Mədət Quliyev deyib. O bildirib ki, əvvələr bu
cür müəssisələr şəhərin ətraf rayonlarında yerləşirdi: "Hazırda
şəhərin böyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə
köçürülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə tikintilər gedir.
Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də cəzaçəkmə müəssisələri
tikilir". Mədət Quliyev məhbusların qida rasionundan danışıb. O,
bildirib ki, məhbuslara yüksək kalorili xüsusi rəsion verilir.
"Diabet və şəkər xəstələrinə xüsusi, onlara aid olan qida verilir.
Keçən il biz ölkənin tanınmış kulinarlarına müraciət etdik. Bizim
aşbazların professional hazılıqları yüksək səviyəyə çatdırıldı".
Mədət Quliyev eyni zamanda məhbuslar arasında diabet, şəkər və
vərəm xəstələrinin sayını da açıqlayıb. O bildirib ki, 492 nəfər
şəkər diabet xəstəliyindən əziyyət çəkir: "Ədliyyə Nazirliyinin
tibb xidməti tərəfindən sözü güdən xəstələrə müalicəsi
istiqamətində xüsusi xidmət göstərilir. Vərəm xəstəliyinə tutulan
məhbusların da müalicəsi istiqamətində işlər aparılır. Bizdə bunun
üçün müalicə müəssisəsi var. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti
Azərbaycanda vərəm xəstəliyinin müalicəsinə dəstək göstərir. Bizdə
bu məhbuslar arasında bu xəstələrin sayı dünyanın digər ölkələri
ilə müqayisədə çox deyil. Bu sahədə işlər davamlı olaraq aparılır.
Azərbaycanda məhbuslar arsında 329 vərəm xəstəsi var".