Elektron ticarətə vergi güzəşti
Elektron ticarət yolu ilə daha qiymətli mal və
əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük
qaydaları yenidən işlənib. Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə,
bununla bağlı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən
keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təsdiq
edilib. Yeni Qaydalarda öz əksini
tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki,
beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30
gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti
məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən
qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli
qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən
keçirilməklə poçt vasitəsilə gətirilə
bilər. Məlumdur ki, əvvəllər bu
güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir
yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin
olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız
həmin həddən artıq olan məbləğə tətbiq ediləcək. Bundan əvvəlki
qaydalara görə isə, gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı
olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər
vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə
qənaət etməsinə gətirib çıxardıb. Bununla bərabər, yeni qaydalar vətəndaşlarımıza şəxsi
istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan
mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə
gətirilməsinə şərait yaradacaq. Bu sahədə poçt müəssisələrinin
üzərinə də ciddi vəzifələr düşür. Ona görə də "Azərpoçt" MMC
tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir. Belə ki,
internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin
çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də yeni
"SMS-bildiriş" xidmətinin göstərilməsinə
başlanılıb. Poçt müəssisələrinə daxil
olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi
olduqda, həmin nömrəyə operativ olaraq "SMS-bildiriş" göndərilir və
bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və
göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin
zəruriliyi barədə məlumat verilir. Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və
beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli
dərəcədə sürətləndirib.