Əlaqə Arxiv
news Image
2014.01.31
09:53
| A A A
Paytaxta yağan qar avtobus qıtlığı yaradıb
Paytaxta yağan güclü qar Bakıda hərəkəti iflic edib. Sərnişindaşımada ciddi problemlər yaranıb. Bakıətrafı kəndlərdən şəhərə işləyən avtobusların sayının azalması nəqliyyat problemi yaradıb. Movqe.az xəbər verir ki, sürücülər sərnişinlərə qar bu templə yağarsa saat 16:00-dan sonra işləməyin mümkün olmayacağını söyləyiblər. Hazırda Köhnə Günəşli, Masazır, Binəqədi, Mehdiabad, Novxanı istiqamətindən sərnişin daşıyan avtobusların hərəkəti iflic olub. Yaranmış problem taksilərdə qiymət artımına da yol açıb. Paytaxtın müxtəlif istiqamətlərindən şəhərə taksi xidməti 20-30 manata təklif olunur. Avtobus tapa bilməyən sərnişinlər piyada hərəkət etmək məcburiyyətində qalıblar. Nəqliyyat Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Movqe.az-a bildirib ki, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxmini 2 minə yaxındır. Lakin gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək. "Hələlik bütü avtobuslar xəttə buraxılıb. Düzdür avtobus qrafikində gecikmələr ola bilər. Hələlik nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin. Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə, biz sərnişinləri təhlükə altında qoya bilmərik", - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi bildirib ki, sərnişin avtobuslarının gediş haqqı qiymətlərində də heç bir artım ola bilməz: "Əgər kimsə süni qiymət artımı ilə rastlaşsa, nazirliyin 012 561 76 28 saylı "Qaynar xətti"nə müraciət edə bilər", - deyə N.Həsənov əlavə edib.
Qeyd edək ki, səhər saatlarında sakinlər avtobusların vaxtında işləməməsindən, bəzi ərazilərdə isə ümumiyyətlə sərnişin avtobusunun olmamasından şikayətlənir.Yolların əksər ərazilərdə keçilməz olması isə qar üstə yıxılanların sayını artırıb.
Sizin Reklam Yeriniz