Əlaqə Arxiv
news Image
2014.02.13
18:39
| A A A
Saytların müdafiə sistemi yenə tələblərə cavab vermir
Osman Gündüz: «Maraqlar olanda, rəqabət olanda hücumlar olur və nəticədə dayanıqsz sistemlər buna tab gətirə bilmir» Cahid İsmayıl: «Ümumilikdə monitorinq aparsaq görərik ki, saytların müqavimət gücü o qədər də qənaətbəxş deyil»

Son illər insanların internetə olan marağının və tələbatının artması ilə əlaqədar olaraq, sürətlə bu şəbəkənin genişlənməsi müşahidə olur. Demək olar ki, şəhərin hər yerində cürbəcür internet saytlarının reklamını görürük. Vaxtaşırı yeni saytlar yaradılsa da, bu da bir həqiqətdir ki,  çox az sayt müasir tələblərə cavab verir. Və eyni zamanda saytlar müəyyən vaxtlarda  haker hücumlarına məruz qalırlar. Bu, dünyanın hər bir ölkəsində yaşansa da buna qarşı adətən müvafiq müdafiə sistemi qurulur. Lakin dünyaın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyr-dövlət saytlarının müdafiə sistemi zəifdir. Bəs buna səbəb nədir və prolemin həlli üçün hansı addımlar atılmalıdır?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Mövqe.az saytına verdiyi açıqlamada problemlərin yaşanmasına səbəb kimi şəxslərin bu işə həvəskar şəkildə yanaşmasını və bu sahədə kadr çatışmazlığının yaşandığını göstərdi: "Bizdə özəl saytların hazırlanmasında dayanıqsız sistemlərdən, dayanaqsız proqramlardan istifadə olunur. Bu da işə həvəskar qaydada yanaşmadan irəli gəlir. Son dövrlərdə yeni internet-media sahəsi daha çox maraq dairəsinə daxil olduğundan, burda ciddi rəqabət artdığından, arzuolumaz qüvvələrin bura hücumları da intensivləşir. Hücum olmasa, müdaxilə olmasa, əlbəttə ki, bu tip resurslar davam edə bilər. Amma maraqlar olanda, rəqabət olanda hücumlar olur və nəticədə dayanıqsz sistemlər buna tab gətirə bilmir. Ona görə də, internet-media sahibləri, bu resursları yaradanlar peşəkar kadrlardan, lisenziyalı proqramlardan istifadə etməlidirlər. Sonra bu testdən keçirilməlidir və bu iş mütəxəssislər tərəfindən görülməlidir. Eyni zamanda daha keyfiyyətli xidmət göstərməlidirlər. Əvvəllər hansısa saytın arxasında texniki peşəkarların dayanmasına bəlkə də ehtiyac yox idi. Amma indiki mühit elədir ki, gərək saytların arxasında xüsusi bir komanda dayansın. Saytın sahibi gərək bu komandaya da müəyyən ödəniş etsin, onların haqqı ödənilsin ki, daha yaxşı xidmət göstərə bilsinlər. Bu tədbirlər həyata keçirilsə, düşünürəm ki, saytlarımızın da müqavimət sistemi daha güclü olar".

İKT üzrə mütəxəssis Cahid İsmayıl isə məsələyə belə aydınlıq gətirdi: "Ümumilikdə monitorinq aparsaq görərik ki, saytların müqavimət gücü o qədər də qənaətbəxş deyil. Bunun müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, bəzən internet saytları kustar üsullarla hazırlanır.  Əksər hallarda ilbəil yenilənmə tələb edən proqram təminatları yenilənmir. 4-5 ilin proqram təminatları var ki,  bir sıra saytlara hal-hazırda tətbiq edilir. Bir yandan da texnologiya sürətlə inkişaf edir və hakerlər yeni-yeni metodlar tapırlar. Ona görə də artıq bu saytlar yeni hücumlara, yeni növ viruslara dayanıqsız olurlar. 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahədə kadr çatışmazlığı var. Başqa ölkələrdə saytların hazırlanması ilə xüsusi şəxslər, mütəxəssislər məşğul olurlar. Dünya təcrübəsində görünür ki, hər bir internet saytının təhlükəsizliyinə nəzarət edən xüsusi şəxslər olur. Universitetlərdə bunun üçün ayrıca kadrlar yetişdirilir. Bizdə həmin kadrların çatışmazlığı mövcuddur. Hətta bəzən kadr çatışmazlığından dolayı bir proqramçı bir neçə saytın təhlükəsizliyinə nəzarət etməyi öhdəsinə götürür. Nəticədə bunu həm fiziki, həm vaxt cəhətdən çatdırmadığı üçün saytların proqram təminatının təhlükəsziliyi geridə qalır. İkincisi isə, istər fiziki şəxslər, istərsə də sahibkarlar saytların təhlükəzliyi məsələsinə ciddi yanaşmırlar. Sayt işləyirsə, düşünürlər ki, hər şey qaydasındadır. Halbuki, sayta qulluq tələb olunur. Necə ki, avtomobili istifadə edərkən ona mütəmadi olaraq qulluq həyata keçirilməlidir, veb saytlarda da bu tələb olunur. Buna görə də sahibkarlar saytlara da qulluq tələb edildiyini dərk etməli, heç olmasa 6 aydan bir saytın proqram təmnatını yeniləməlidirlər". 


Sizin Reklam Yeriniz