Əlaqə Arxiv
news Image
2012.06.10
12:01
| A A A
Misir Mərdanov İtaliyada səfərdə olub
Bu il 4 – 6 iyun tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın təhsil və tədqiqatlar naziri professor Françesko Profumonun dəvətilə bu ölkədə rəsmi səfərdə olub. 

Azərbaycanın İtaliyadakı səfirliyindən lent.az-a verilən məlumata görə, nazir Avropanın ən böyük universitetlərindən olan "La Sapienza"da olub, rektor Luici Frati ilə görüşüb, universitetlə Azərbaycan ali məktəbləri arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. 

Görüşdə birgə layihələr nəzərdən keçirilib, bu ilin sonuna qədər Bakı və Romada bir sıra tədbirlərin təşkil olunması ilə bağlı razılıq əldə edilib. 

Naizr italiyalı həmkarı Françesko Profumo ilə görüşündə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycanda təhsilin inkişafına ölkə rəhbərliyinin diqqətindən bəhs edib. 

Görüşdə Azərbaycanın təhsil ocaqlarında İtaliyan dilinin tədris olunması, təhsil ocaqları arasında əlaqələrin qurulması, iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafı məsələləri müzakirə olunub. M. Mərdanov F. Profumonu Azərbaycana səfərə dəvət edib. 

Nazir F.Profumo təhsil sahəsində geniş əməkdaşlıq əlaqələrinin təşkili və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Nazir İtaliyada təhsil alan bir qrup azərbaycanlı tələbə ilə də görüşüb. Nazir prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş xaricdə Azərbaycan gənclərinin təhsili haqqında proqramının uğurla həyata keçirilməsi haqda geniş məlumat verib, xaricdə təhsil alan tələbələrin yaşadıqları ölkələrdə Azərbaycan haqqında məlumatın və biliklərin yayılması işində əhəmiyyətli rolunu qeyd edib. 

M.Mərdanov İtaliya Senatının təhsil, elm və mədəniyyət daimi komissiyasının sədri, Senatın YUNESKO ilə əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa və komissiya üzvlərilə də görüşüb. 

Görüşdə İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan parlament dostluq qrupunun sədri xanım Rozanna Boldi iştirak edib.

Nazir "Dante Aliqyeri" Cəmiyyətinin baş katibi Alessandro Mazi ilə görüşüb. Görüşdə A.Mazi Azərbaycanda öz mərkəzinin açılması təklifini irəli sürüb. 

Görüşlərdə Azərbaycan İtaliyadakı səfiri Vaqif Sadıqov da iştirak edib.
Sizin Reklam Yeriniz