Əlaqə Arxiv
news Image
2014.03.13
22:22
| A A A
"Əkrəm Əylisli başa düşür ki, yazdığı cızmaqara «Nobel»lik deyil" (MÜSAHİBƏ)
Bu sözləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın saytına müsahibə verib. ANS PRESS həmin müsahibəni təqdim edir. 

- Mubariz müəllim, Qara dəniz regionunda, xüsusilə Krımda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Bəzi "analitiklər" bu tipli hadisələrin Azərbaycanda da baş vermə ehtimalını iddia edirlər. Bu iddialara münasibətiniz necədir?

- Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarının təmin edilməsi üçün həm daxili, həm də xarici siyasətində praqmatik kurs həyata keçirməkdədir. Hər hansı bir ölkədə baş verən hadisə bütövlükdə həmin ölkənin özünə aiddir. Bu və ya digər ölkələrdə baş verən hadisələrin digər ölkədə təkrarlanacağını düşünmək politoloji baxımdan da doğru deyil. Azərbaycanın müstəqilliyinin ideya prinsipləri, dövlətçilik prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu gün həmin siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, ölkəmizdə hansısa bir qarşıdurma, o cümlədən xaotik vəziyyətin yaradılması ehtimalı sıfıra bərabərdir. Ona görə də, müxalifətin radikal qanadında olan dairələrin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağı fikirləri başdan ayağa fantaziyadır, cəfəngiyatdır. Ukrayna hadisələri artıq öz müstəvisindən çıxaraq beynəlxalq bir qarşıdurma səviyyəsinə çatıb. Nəticə etibarı ilə bu hadisələr Ukraynanın ərazi bütövlüyünü təhlükə altına alıb. Ölkənin daxilində gedən proses elə daxildə də həll edilməlidir. Daxildən çıxaraq kənardan dəstək axtarmaq ölkə üçün, eyni zamanda siyasi dairələr üçün ağır fəsadlar törədir. Bu gün Ukraynada siyasi hakimiyyəti ələ alan dairələr əslində xarici amillə bağlı olduqlarından, o cümlədən, bu ölkə geopolitik çərçivədə maraqların toqquşduğu məkana çevrildiyindən, Ukraynada baş verən hadisələr istər hakimiyyəti tərk edən Yanukoviç, istərsə də hakimiyyəti ələ almış dairələr üçün ümummilli baxımdan ağır nəticəyə gətirib çıxarıb. Digər tərəfdən, siyasi hakmiyyəti ələ almış dairələr hadisələrin gedişini proqnozlaşdırmadan Ukraynanı iki böyük güc arasında döyüş meydanına çevirdilər. Bu da həmin ölkə üçün, həmin xalq üçün böyük fəlakət deməkdir.
Hazırda orada gedən prosesi tam proqnozlaşdırmaq mümkün deyil. Fikrimcə, yeganə çıxış yolu tərəflərin, qlobal toqquşma meydanında olan oyunçuların danışıqlar masası arxasında məsələni həll etməsidir. Ümid edirəm ki, Ukrayna məsələsi sülh yolu ilə həll olunacaq. Hər bir ölkə rəhbəri dövlətin milli maraqlarını qorumağa qadir olmalı, ölkəsini çarpışma meydanına deyil, barış meydanına çevirməlidir. Barış meydanına çevrilməsən, təcrübə meydanına çevriləcəksən. Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyevin siyasi hakmiyyətə gəlməsinədək ölkəmiz az qala böyük dövlətlərin çarpışma meydanına çevrilirdi. Onun ağır nəticələri Dağlıq Qarabağ problemində bizim ziyanımıza olan proseslə müşahidə olunmaqda idi. Ancaq Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin olundu, Azərbaycan çarpışma meydanından barış meydanına çevrildi. Bu gün də bu siyasət davamlı olaraq ölkə başçısı İlham Əliyev tərəfindən düşünülmüş, balanslı şəkildə həyata keçirilir.
Yəni dövlətimiz bütün məsələlərdə öz marağından çıxış edərək hərəkət edir. Ölkəmizin daxilində olan bəzi dairələr bütün bunlardan bir nəticə çıxarmalıdırlar. Demokratiya, insan haqları adı altında bu və ya digər ölkələrdə qarışıqlıq yaratmaq istəyən qrupların alətinə çevrilməməlidirlər.

- Ukrayna problemi ilə bağlı dünya birliyi, xüsusilə ABŞ və Avropa dövlətləri bu ölkənin ərazi bütövlüyünün dəstəkləndiyini bəyan edir və burada beynəlxalq hüquqa istinad edirlər. Ancaq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etsə də, bu dövlətlər analoji bəyanaları səsləndirmir, işğalçı dövlətə qarşı hər hansı addımlar atmırlar. Sizcə, bu, baş verən proseslərə ikili yanaşmanın təzahürü deyilmi?

- Azərbaycan tərəfi dəfələrlə dünya birliyinin ikili standartdan çıxış etdiyini qeyd edib. Ölkə başçısı, o cümlədən Azərbaycanın digər rəsmi nümayəndələri BMT-nin Baş Məclisində çıxışlarında münaqişələrin mövcud olmasının və onun beynəlxalq hüquqa uyğun şəkildə həll edilməməsinin beynəlxalq münasibətlər sisteminə ağır zərbə vurduğunu qeyd ediblər. BMT-nin Təhlükəsizlik Şurası adlı qurum mövcuddur ki, onun tərkibində də 15 ölkə təmsil olunur. Onlardan 10-u iki il müddətində qeyri-daimi üzv kimi fəaliyyət göstərir, 5-i isə (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya) qurumun daimi üzvüdür. Dünyada yeganə qurum BMT Təhlükəsizlik Şurasıdır ki, onun çıxardığı qərarları BMT-nin üzvü olub-olmamasından asılı olmayaraq bütün ölkələr yerinə yetirməlidir. Çünki dünyada sülhün, təhlükəsizliyin qorunması bu qurumun çiyinləri üzərində dayanır. Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı məsələsində BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələr indiyədək yerinə yetirilmədiyi üçün Azərbaycan tərəfi dəfələrlə BMT, ATƏT, Avropa Şurası tribunasından bəyan edib ki, bu cür yanaşma beynəlxalq münasibətlər sistemində acınacaqlı nəticələrə gətirib çıxara bilər. Zamanında Azərbaycan torpaqları işğal edildikdə işğalçını barmaqla göstərməyənlər bu gün bumeranqı üzərlərində hiss etməkdədirlər. Ona görə də, beynəlxalq hüquq normalarını pozanlar vaxtında cəzasını almalı idilər. Bu edilmədiyi üçün ikili yanaşma bumeranq rolunu oynamaqdadır. Beynəlxalq hüququn norma və prinsiplərinə bütün ölkələr əməl etməlidir. Əks halda, bu cür fəsadlarla ölkələr üz-üzə qalır. Ümüd edirəm ki, dünya birliyi bütün məsələlərə kompleks yanaşacaq, o cümlədən də, işğal edilmiş Azərbaycan torpaqları məsələsi də öz həllini tapacaq.

- Krım məsələsinin gərginləşməsi fonunda Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri fəallıq nümayiş etdirirlər. Həmsədrlərin bugünlərdə Parisdə Azərbaycanın, Moskvada isə Ermənistanın xarici işlər nazirləri ilə görüşməsi və müzakirələr aparmaları bunu deməyə əsas verir. Bütün bunlar münaqişənin həlli prosesinin irəliyə getməsi üçün əsas yarada bilərmi?

- Qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallaşmanı normal hesab edirəm. Çünki hazırkı şəraitdə başqa bir yerdə yanan ocağın müqabilində başqa bir ocağı söndürmək ehtimalı gözləniləndir. Ola bilsin ki, bu fəallaşmada müsbət nəticə əldə olunsun.
Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir. Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar müsbətə doğru gedən prosesə təkan verə bilər. Buna görə də, danışıqların davam etdirilməsi daha məqbuldur.

- Yeri gəlmişkən, ölkəmizdə bir müxalifət partiyasının təmsilçilərinin Krıma səfər etmək cəhdinə münasibətiniz necədir? Öz ölkəsində bir işə yaramayanların, başqa yerlərdə proseslərə müdaxilə etmək cəhdləri nə dərəcədə məntiqlidir?

- Hesab edirəm ki, hansısa partiya nümayəndələrinin Krıma getmək cəhdi sadəcə, piar kampaniyasından başqa bir şey deyil. Biz həmin bölgədə vəziyyəti gözəl bilirik. Əgər Krıma ATƏT-in nümayəndələri buraxılmırsa, gediş-gəliş tam nəzarətə götürülübsə və bunu bilə-bilə kimlərsə Krıma getməyə cəhd göstərirlərsə, təbii ki, burada piar kampaniyasının elementləri görünməkdədir. Yəqin ki, Müsavat Partiyasından olan həmin adamlar yola çıxanda onların həmin əraziyə buraxılmayacağını dəqiq bilirdilər. Çünki qeyd etdiyim kimi Krıma hətta Qərbi Ukraynadan gələn adamları buraxmırlar. Krım əslində bu gün elə məkana çevrilib ki, bu məkan beynəlxalq münasibətlərdə nifaq zonası təsəvvürü yaradır. Belə bir şəraitdə həmin əraziyə getməyə cəhd etmək yalnız və yalnız özünü reklam addımı ola bilər. Sonra da gəlib mətbuatda bu cür açıqlamalar vermək də gündəmdə qalmaq istəyinin təzahürüdür.
Məlumdur ki, Krımda tatarlar əhalinin 12-15 faizini təşkil edir. Bu gün Krım tatarlarının rəhbərliyi Rusiya rəhbərliyi tərəfindən dəvət alır, danışıqlar aparırlar. Krım tatarlarının maraqlarına gəldikdə isə əvvəla, tatarlar öz maraqlarını qorumaq üçün müəyyən dərəcədə təşkilatlanmış bir toplumdur. Digər tərəfdən, NATO-nun üzvü və Rusiya ilə yaxşı münasibətləri olan Türkiyənin bu məsələdə mövqeyi də aydındır. Belə olan şəraitdə, Azərbaycanın özünün ərazi bütövlüyü ilə bağlı problemi olduğu bir vaxtda, həmçinin, ermənilərin bizim Rusiya ilə münasibətlərimizi pozmağa çalışdığı bir şəraitdə, bu cür addımların atılması qarşı tərəfə təbliğat üçün dəstəvuz vermiş olar. Müxalifət nümayəndələrinin Krıma səfər etmək cəhdləri ilə bağlı Rusiya saytlarında da məlumatlar verilib. Həmin məlumatlara verilən şərhlərdə Azərbaycanda bəzi qüvvələrin Krım tatarlarını qızışdırmaq üçün fəaliyyətə keçdiyi haqqında yanlış fikirlər yayılır. Bu fikirlərin yayılmasında erməni izi var və onlar Rusiyada anti-türk, anti-Azərbaycan təbliğat maşınını işə salmaq istəyirlər. Onlar hətta Türkiyənin Krım tatarları ilə bağlı yeritdiyi siyasət haqda şişirdilmiş, yalan məlumatlar yayırlar. Təbii ki, bu prosesdən sui-istifadə edərək bizim ölkəmizin də adının bu məsələlərdə hallanmasına cəhd göstərirlər.
Hesab edirəm ki, belə bir şəraitdə bu cür addımların atılması milli maraqlarımız baxımından xeyir verən məsələ deyil. Nəhəng güclərin toqquşduğu bir məkanda və məqamda özünü qoruma instinkdi yüksək olmalıdır. Milli maraqlardan çıxış edərək bizim bu məsələlərə müdaxilə etməyimizə ehtiyac yoxdur. Dövlətimizin Ukraynada baş verən hadisələrlə əlaqədar mövqeyini Xarici İşlər Nazirliyi ifadə edib. Ona görə də, bu məsələlərdə hər kəs həssas, diqqətli olmalı və milli maraqlarımıza ziyan vuracaq addımlar atmamalıdır.

- Mübariz müəllim, başqa bir məsələyə də münasibətinizi bilmək istərdik. Bəzi dini təriqətlərin fəaliyyətinin Azərbaycandakı mövcud sabit ictimai-siyasi mühitə təsir imkanları ola bilərmi?

- Ümumiyyətlə, dünya ölkələrində dindən siyasi məqsədlər üçün istifadə cəhdi yeni deyil. Müxtəlif zamanlarda dindən siyasi məqsədlər üçün istifadə cəhdləri olub. Yəni bütün dövrlərdə dinlərdən istifadə edərək siyasi prosesə təsir göstərmək istəyən dairələr olub və hazırda da var. İslam dini formalaşdıqdan, eyni zamanda xristianlıq yaranandan sonra da bu hallar olub. Tarixin müəyyən dövründə xristian dini dövlət idarəçiliyində hegemon rol oynamaqla, hətta, bu hegemonluq kralların öz hakimiyyətlərinin təsdiqi üçün Roma Papasından xeyir-dua almaq həddinə belə gəlib çatmışdı. Bütövlküdə isə, bütün ölkələrin hamısında dinin dövlət idarəçiliyində iştirakının azaldılmasına çalışılıb. Amma bu gün hələ də tam dini idarəçiliyin olduğu ölkələrə rast gəlinir. Demokratik ölkələrdə din dövlətdən ayrılaraq din-dövlət münasibətləri qanunla tənzimlənir. Azərbaycan da demokratik dövlətdir və Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Konstitusiyada dövlətimizin əsasları müəyyənləşdirilib: Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu prinsipdən biri Azərbaycanın dünyəvi olmasını təsbit edir. Dövlətimizin dünyəviliyi ondan ibarətdir ki, qanunla insanların dini azadlığı və vicdan azadlığı təmin edilir. İnsanların öz dini ayinlərini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Müstəqil dövlətimizin quruculuğunda dinin cəmiyyətdə yeri və rolu tam şəkildə konstision yolla təminat altına alınıb.
Təəssüf ki, bəzi xarici və daxili dairələr dini amildən istifadə edərək digər ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər. Amma bu heç bir nəticə verməyib, verə də bilməz. Çünki dövlətimiz güclüdür, cəmiyyətimiz sağlam prinsiplərə söykənən cəmiyyətdir, əhalimizin dünyagörüşü, intellekti, mədəniyyəti, mentalı hər hansı bir formada dini amildən sui-istifadəyə şərait üçün zəmin yaratmır. Ulu öndər Heydər Əliyevin dini məsələlərlə bağlı müəyyən etdiyi siyasət uğurla davam edir. Azərbaycanda dini tolerantlığın təminatında və dini adət-ənənələrimizin təbliğində Heydər Əliyev Fondu xüsusi rol oynamaqdadır. Qeyd etmək istərdim ki, ölkəmizdə bəzi qrupların müxtəlif adlar, müxtəlif dini cərəyanlar adı altında fəaliyyəti cəmiyyət tərəfindən inkar edilərək, heç bir dəstək almır. Ona görə də, Azərbaycanda bu yöndə hansısa ciddi problemin olması gözlənilən deyil.

- Bugünlərdə Əkrəm Əylislinin "Daş yuxular" romanının Nobel mükafatına namizəd göstərilməsi üçün müraciət olunub. Sizcə, bu hansı məqsədlərdən irəli gəlir?

- Əslində, adını çəkdiyiniz yazıya əsər deməyə adamın dili gəlmir. Fikrimcə, Ə.Əylisli həmin cızmaqaraya görə heç vaxt bu mükafatı ala bilməz. Çünki Nobel mükafatını verənlər belə cızmaqaralara heç vaxt imza atmayıblar və atmazlar da. Ədəbiyyat üzrə namizədlərin siyahısına baxsanız, Ə.Əylislinin adının hallanması sadəcə, hansısa qrupların piar kampaniyasının olduğunu açıq-aydın görmək mümkündür. Bütün bunlar müəyyən qrupların Ə.Əylisliyə və onun anti-Azərbaycan xarakterli yazdığı yazısına olan "xidmətdir". Əslində, Ə.Əylislinin özü də başa düşür ki, yazdığı cızmaqara "Nobel"lik deyil. Biz hələ əvvəlcədən də demişdik ki, Ə.Əylisli bu cızmaqaranı yazmaqla hansısa mükafat almaq iddiasındadır. Şöhrətpərəst adamlar bu xəstəlikdən uzaqlaşa bilmir. O da bu tip insan olduğundan belə yazı yazıb. Ə. Əylisini yaxşı tanıyanlar onun bu xasiyyətinə bələddir.
Ümumiyyətlə, hesb edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazım deyil. Çünki, bir neçə nəfər sadəcə, Ə.Əylislinin namizədliyi üçün müraciət edib. İndi də bundan istifadə edib kimlərsə, hansısa kampaniya aparırsa, bunun heç bir mənası və əhəmiyyəti yoxdur.


Sizin Reklam Yeriniz