Azərbaycan parlamenti "İcbari tibbi sığorta haqqında"
qanun qəbul etsə də, o həyata keçirilmir. Movqe.az xəbər verir ki,
bunu Milli Məclisin Sosial-siyasət komitəsinin sədri, millət vəkili
Hadi Rəcəbli bu gün Milli Məclisin plenar iclasında Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair
illik hesabatı ətrafında aparılan müzakirələr zamanı
deyib. H.Rəcəbli bildirib ki, bir neçə il öncə səhiyyəyə
büdcədən ayrılan vəsait 2 milyon manat idisə, indi bu rəqəm 669
milyondur: "Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm
ki, bu sahəyə deputat həmkarımız Əli Əhmədov rəhbərlik edir".
Millət vəkili qeyd edib ki, tibbi sığorta ilə bağlı qanun hələ
1999-cu ildə qəbul olunub: "Amma başıbəlalı qanun hələ də icra
olunmur. İcbari tibbi sığorta ilə bağlı xüsusi agentlik yaranmalı
idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə
hökumətə əsasnamə verilib. Əgər bu qanun qəbul olunubsa, deməli
icra edilməlidir. Uzun illərdir ki, bu qanun qəbul edilib, amma
işləmir".
Onun sözlərinə görə, sosial sahədə islahatlar aparmaq digər
sahələrə nisbətən daha çətindir. Çünki, bu daha çox insanların
həyatına təsir edir. H.Rəcəbli bu baxımdan yeni təyin edilmiş əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun gördüyü işləri
təqdir edib: "Mən sevinirəm ki, yeni əmək və əhalinin sosial
müdafiə naziri bu sahədə yeni islahatlara başlayıb. Orada olan
neqativ halları aradan qaldırır".