Əlaqə Arxiv
news Image
2014.03.17
18:07
| A A A
Mir Şahin MTRŞ-ya qarşı?
Azərbaycan ziyalıları bir sıra verilişlər barədə Mir Şahinin HESABAT-dakı məşhur çıxışını dəstəkləyirlər Tanınmış jurnalist, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahinin ANS TV-nin HESABAT verilişində Milli Tele Radio Şurasının (MTRŞ) bir sıra populyar televerilişləri bağlamaq istəyini ilə bağlı çıxışı Azərbaycanın bir çox ziyalıları tərəfindən dəstəklənib. ANS PRESS-ə zəng edərək fikirlərini ifadə edən ziyalılar tanınmış jurnalistin haqlı olduğunu bildiriblər. 


Qulu Məhərrəmli: "Bizim teleməkanımız qeyri-standart nümunələrlə zəngindir. Bu baxımdan təcrübədə verilişlərin, kanalların bağlanması, onlara müəyyən qadağaların qoyulması və s. çox mənfi haldır. Niyə Milli Teleradio Şurasında "Ümid var" və "Adam içində" verilişlərə qıcıq yaranır. Bu tip verilişlər hansı ehtiyacdan yaranır. Biz deyirik ki, televiziya güzgüdür və bu güzgüdə cəmiyyətin müxtəlif qatları, xarakterlər, hadisələr özünü göstərə bilir. Yəni mən demirəm ki, cəmiyyətdə nə baş verirsə, onların hamısını ekrana düşımalıyıq. Lakin bu tip verilişlərə ehtiyac var.

Əgər bu gün cəmiyyətdə gedən çox ciddi proseslərlə bağlı bir neçə diskusiya verilişlər yoxdursa, olanları da məhdudlaşdırırıq, müəyyən qadağa qoyuruqsa, onda telekanallar hansı çıxış yolu tapmır. Biz tələb edirik ki, televiziyalar auditoriyaya keyfiyyətli məhsul təqdim etsin. Əgər həmin verilişləri yaratmaq üçün televiziyanın imkanları məhdudlaşdırılırsa, onlar müəyyən bir çərçivəyə salınırsa, təbii ki, kanallar başqa variantlar axtarır. Bax belə əyləncə. Şou xarakterli verilişlərin çox olmasının əsas səbəbi odur ki, digər məzmunlu proqramlara, xüsusən ictimai məzmun daşıyan verilişlərin meydanı daraldılıb.

Baxın, ANS-in özündə, 10 iləvvəlki proqramının cədvəlinə baxanda, görəndə hər şeyi başa düşürük. Axı tamaşaçı özü bilir, prosesləri izləyir. Tamaşaçı televiziyalar üçün hansı qadağaların olduğunu anlayır".

Xalq artisti, tarzən Möhlət Müslümov: "Əslində bu tipli verilişlərin bağlanması yaxşı deyil. Bu senzuradır. Yaxşı olardı ki, bu tipli verilişlər davam edərdi. Düzdü, çərçivəni aşmamaq şərtilə, bu tipli verilişlərin olması, yerli kanallara tamaşaçıları daha çox bağlayır. Onsuz da sadə insan digər xarici kanallarda bu tipli verilişlərə baxır. Yerli kanallarda belə verilişləri bağlamaq, yerli kanallara qarşı antikampaniyadır. Məni də arada bu tipli verilişlərə çağırırdılar. Orada ziyalılarımız öyüd-nəsihət verirdilər. Biz indi qloballaşma dövründə yaşayırıq. Pisi də, yaxşını da görürük. Sovet dövrü deyil ki, gözümüz bağlı olsun. Biz ekranda göstərilən pisi görüb, qınaq obyekti olmaqdan qorxmalı və yaxşını seçməliyik. Bu baxımdan belə verilişlərin olması vacibdir".

"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı: "Bu verilişləri bağlamaqla cəmiyyətdə olan problemləri həll etmək mümkün deyil. Biz cini şüşədən çıxarmışıq, artıq ona nəzarət etmək mümkün deyil. Bu tip verilişlərə qadağa qoymaq senzuradır. Biz əvvəldən deyirik ki. senzura yoxdur. Amma sonradan kanallara senzura qoyuruq. Belə verilişləri bağlamaqla Sovet dövründə olan konfliktsizlik şəraitinə gəlib çıxacağıq. O vaxtlar ziddiyyətli məqamlar işıqlandırılmırdı. Ancaq bu o demək deyildi ki, o vaxtlar problemlər yox idi. Biz indi də özümüzü problemsiz göstərmək istəyirik və indi həmin problemləri işıqlandıran verilişlər bağlamaq istəyirik".

Musiqişünas, tar müəllimi Əsab Əliyev: "Düşünürəm ki, "Adam içində" tipli verilişlərin olması vacibdir. "Hesabat" verilişində Mir Şahin həmin məsələni çox gözəl şərh edib. İndi belə götürəndə, kanallara hamı baxır. Savadlı da. Savadsız da, evdar qadın, ziyalı, işçi və s. Həmin Azərbaycan tamaşaçısı yerli kanallarda öz istədiyini tapmalıdır. Əgər tapa bilməsə, onda xarici kanallara üz tutacaq. Bəs onda bu qədər kanal nəyə lazımdır? Sovet dövründəki kimi 1 kanal olardı, həmı ona baxardı. Belə verilişlərin bağlanması Azərbaycan teleməkanının boğulması deməkdir".

İlahiyyatçı Hacı Şahin: "Əslində cəmiyyətdəki problemlərin işıqlandırılması kanalların vəzifə borcudur. Bu verişlərdə səslənən problemlərə baxan məmurlar da, televiziyalara baxıb mövcud problemləri həll etməlidirlər. Bəzi qanunazidd hadisələrin baş verməsi həmin kanallarda yayımlandığı üçün ictimailəşir və bunun həll olunmasına da xüsusi şərait yaranır. Ümumilikdə belə verilişlərin bağlanması yaxşı hal deyil". 

Paytaxt sakini Elşən Məmmədov "Mən həmişə "Adam içində", "Ümid var" və başqa, bu tipli verilişlərə baxırdım. İndi belə verilişləri bağlayandan sonra, ümumiyyətlə yerli kanallara baxmayacağam. Çünki mənim sadə insanların problemlərini işıqlandıran verilişlərdən daha çox xoşum gəlir. Bazar günü ANS-də "Hesabat" verilişində də bu barədə çox yaxşı danışıldı. Əslində belə verilişlərin bağlanmasının bir adı var, o da, həmin kanalları batırmaq niyyətidir".

Təqaüdçü Şöhlət Kərimov: "Bilirsiz əslində belə verilişlər çox baxımlıdır. İndi 80-cı illər deyil ki, millət oturub ancaq 1 kanala baxsın. Mindən çox kanal var. Yerli kanallarda bağalayacaqlar, xarici kanallardan baxacağıq. Mən əslində bu tip verilişlərin bağlanmasına qərar verən hər kəsi şiddətlə qınayıram. Bu barədə ən yaxşı fikirləri ANS-də "Hesabat" verilişində səsləndirdilər. Əslində bu addım Azərbaycanda insanaları naraz salmaqdan başqa bir şeyə qulluq etmir".

Müəllimə Qənirə Məmmədova: "Dünən ANS-dən "Hesabat" verilişinə baxdım. Verilişdə Mirşahin Ağayev çox yaxşı izah etdi. Doğrudan da, Teleşura "Ümid var" və "Adam içində" verilişlərinin bağlanması barədə qərar qəbul edib. Bu verilişlərin nəyi pisdir ki? Burada Azərbaycan reallıqları əks olunur. Əgər həqiqətən də, cəmiyyətimizdə qızını zorlayan ata, qardaşının arvadına göz dəkən binamus varsa, televiziyada onu göstərməyin qəbahəti nədir? Əksinə həmin şəxs biabr olacaq, ictimai qınağa tuş gələcək. Bundan utanan digər insan da, onun yolu ilə getməkdən qorxacaq. Əslində bu verilişləri bağlamaq yox, cəmiyyətdəki neqativləri, çatışmazlıqları aradan qaldırmaq lazımdır. Bu tipli verilişlər güzgü idi. Məmurlar bu güzgüyə baxıb, problemləri həll etməlidirlər. Daha ayıbları göstərən güzgünü sındırmaq olmaz".

Müəllimə Məlahət Ələkbərova: ""Mən tərəfdarı deyiləm ki, belə verişlər bağlansın. Əslində bu tipli verilişlər məktəbdir. Mən həmişə şagirdlərimə həmin verilişlərə baxmağı tapşırıram. Çünki həmin verilişlərə baxıb ibrət götürmək lazımdır. Orada cinayətkar, pis iş görənin əməlini görüb, həmin işi təkrar etməmək ən azından müsbət bir haldır. Bundan nəticə çıxartmağın özü bir dərsdir. Şəxsən mən çalışırdım bütün günü işimi görüm, qurtarım, veriliş başlayanda, həmin verilişə baxırdım. "Ümid var" verilişinin bağlanmasına çox təəssüflənirəm. İstəmirəm ki, "Adam içində" verilişi də həmin aqibəti yaşasın"

Taksi sürücüsü Samir Aslanov: "Deyirlər ki, bu tipli verilişlər milli mənəvi dəyərlərə ziddir. Axı milli mənəvi dəyərlərimizi kim müəyyən edir? Bir nəfər? Həmin şəxs axı necə mənim mənəvi dəyərimi müəyyən edə bilər? Məncə milli mənəvi dəyərləri xalqın problemlərini işıqlandıran verilişləri bağlamaqla qorumurlar. Əslində həmin verilişləri yayımlayan kanalların özü milli mənəvi dəyərləri qoruyur. Düşünürəm ki, əgər mən hansısa insanın ailə probleminə baxıram və sonradan onun etdiyi səhvi təkrar etmirəmsə, bunun özü milli mənəvi dəyəri qorunmasıdır. Həmin verilişlər sayəsində insanlar yol verdikləri səhvləri anlayırlar. Həmin verilişə baxan insan sonradan addığı addıma diqqət yetirir və səhvə yol verməkdən çəkinir".
Sizin Reklam Yeriniz