Əlaqə Arxiv
news Image
2014.03.26
15:01
| A A A
Öldürülən azərbaycanlı səhra komandirinin atası: "Oğlum Bakıda oxuyurdu"
"Turalın öldürülməsindən xəbərsizik". Bunu APA-ya açıqlamasında Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən Balakən sakini Tural Atayevin atası Murtuzəli Atayev deyib.

M. Atayev qeyd edib ki, oğlu 3-4 il əvvəl evdən gedib, bundan sonra onunla əlaqələri olmayıb: "Tural Bakıda kollecdə oxuyurdu. Bir neçə il əvvəl dərsə getmək adı evdən çıxdı, sonradan səsi Dağıstandan gəldi. Turalın yaralı olduğunu eşitmişəm, ancaq öldüyündən xəbərsizəm".

M. Atayev oğlunun nə vaxtdan radikal qruplaşmalara qoşulduğunu bilmədiyin qeyd edib: "Biz onun kimlərlə əlaqədə olduğunu haradan bilərdik? Bakıda oxumağa qoymuşduq, sonrada səsi Dağıstandan gəldi".

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.

Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən silahlılar arasında "Xasavyurt bandası"nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb.

Əməliyyat zamanı öldürülən 1988-ci il təvəllüdlü Atayev Tural Murtuzəli oğlu Balakənin Mahamalar kəndində doğulub. Bir neçə il əvvəl o, radikal dini qruplaşmalara qoşularaq Azərbaycanı tərk edib. T. Atayev silahlı qruplaşma üzvləri arasında "Yəhya" ləqəbi ilə tanınırmış.
Sizin Reklam Yeriniz