Əlaqə Arxiv
news Image
2014.03.29
19:03
| A A A
Əbülfəs Qarayev vətəndaşları qəbul edib (FOTO)
Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsu şəhərindəki Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından vətəndaşları qəbul edib.

Movqe.az ans press-ə istinadən xəbər verir ki, qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə çatdırıblar.

Müraciətlərin əksəriyyəti sözügedən rayonlardakı mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı olub.

Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi, Şamaxı rayonunun Kələxana kəndində türbələrin, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən kurqanların təmir-bərpası, Qobustan rayonunda xalçaçılıq sexinin açılmasına yardım göstərilməsi kimi məsələlər qaldırılıb. Bölgədəki mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmadığı, musiqi məktəblərində yeni şöbələrin açılmasının zərurəti də diqqətə çatdırılıb. Turizmlə bağlı təşəbbüslər - Qəbələ şəhərində turizm informasiya mərkəzinin yaradılması, Şamaxı şəhərində suvenir dükanının açılması, Oğuz rayonu Xalxal kəndində turizm rekreasiya zonasının təşkili və digər təkliflər də səsləndirilib. 

Vətəndaşların belə əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirlə qarşılayan Əbülfəs Qarayev bütün xahiş, təklif və təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini deyib. 
Nazir mətbuata açıqlamasında bildirib ki, tarixi abidələrin bərpası ilə bağlı məsələ hər zaman prioritetdir. Azərbaycanın bu bölgəsi tarixi abidələrlə zəngindir. Onların bir qismi təmir-bərpa olunsa da, digərlərinin də restavrasiyaya ehtiyacı var və bu istiqamətində müvafiq dövlət proqramına əsasən işlər görüləcək.

Əbülfəs Qarayev ikinci prioritet məsələnin regionda turizm infrastrukturunun genişləndirilməsi ilə bağlı olduğunu deyib: "Bildiyiniz kimi, bu bölgə ölkənin mühüm turizm marşrutu üzərində yerləşir. Bu baxımdan turizm inkişafı ilə bağlı səsləndirilən təkliflər aktualdır. Turizm informasiya mərkəzlərini yaradılması, daha çox turist cəlb edən tarixi abidələrin bərpası diqqət mərkəzindədir". 

Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini bildirib.





Sizin Reklam Yeriniz