Əlaqə Arxiv
news Image
2014.04.07
00:03
| A A A
Zamandan kənar ölüm (VİDEO)
Kəlbəcərin işğalı günü bundan sonra başqa bir itki ilə də yadımızda qalacaq. İsa Muğanna əbədiyyətə qovuşdu. O həmişə deyərdi ki, kosmosdan gəlib. Deyərdi ki, Allah bilirdi məni hansı gün dünyaya gətirmək lazımdı. Məhz elə bir gündə ki, məhz həmin gün insan kosmosa uçacaq. Ora uçan Qaqarinin bədəni idi, mənim isə ruhum. Muğanna bunu mənə demişdi. Afət Telmanqızına isə başqa mətləblərdən danışıbmış. 

Onun keçdiyi yol hamar olmadı. Daşlı-kəsəkli oldu. Amma bu kəsəkli yol onu Muğanna zirvəsinə ucaltdı. Ədəbiyyatın patriarxına çevirdi, əbədi qəhrəmanına döndərdi. O, bizə ideal göstərdi, kamilliyin ən uca zirvə olduğunu, əbədiyyətin əfsanə olmadığını ortaya qoydu. Görəsən, cəhənnəm var, yoxsa yox? Sualı üzərində düşünənlərdən fərqli olaraq çoxdan canını bu sualdan qurtardı. Cəhənnəm var deyib, "Cəhənnəm" romanını yazdı. Nəsimi ucalığı ilə ucalıb kainata qovuşdu. Əsərlərində ölümsüzlüyü yaşatdı. 

Ədəbiyyatın tapıntısı saydığım bu yazıçının əsərlərini oxuyanda nə qədər təsirlənirdimsə, 16 il bundan əvvəl onunla müsahibəyə gedəndə bir o qədər həyəcan keçirmişdim. O vaxt mətbuatda çalışırdım. Yazıçı ilə söhbət əsnasında onun qəhrəmanları demək olar ki, gözlərim önündən bir-bir keçdi. Qılınc Qurbanın, oğlunun ruhunu sazda qanadlandıran, onun ölüm xəbərini aldıqdan sonra da yol gözləyən atanın dəhşətli iztirabları, Cümrünün dağılan dünyası, yoxa çıxmış ümidinin tütək səsində yayılması, Teymurləngin yürüşləri dövründə olanlar, Sultan Səməd əmirlilərin, Nəsiminin xarakteri və daha nələr. Nəsimi məsləkindən çıxan bir insanın "Məhşər"i anlatması sonunda Nəsimi filmi ilə kinomatoqrafiyanın gizli fonduna imza atması da yalnız onun qismətinə düşdü. Seçilmişlərdən oldu. 

Yaşadıqlarını yazdı. Ssenarisi əsasında çəkilən "Tütək səsi" filmi haqqında yazıçı bunları deyirdi. "Mən eynilə həmin mühitdə yaşamış, o dövrün ağır yükünü qəlbimdə gəzdirmiş, hər gün atamın yoxluğunu, anamın əzabını yaşayırdım. Gəmiçilikdə uzaq səfərlər kapitanı deyilən bir anlayış var. Belə kapitanlar həmişə nəhəng gəmiləri idarə edirlər. İsa müəllimin yaradıcılığı da belə uzaq səfərlər gəmisinə bənzəyir. Mənə gecələr ilham gəlir. Həmişə yazı yazanda gərək yanımda çaynik mızıldansın, çayım əskik olmasın deyirdi. 

İsa Hüseynovun həyat yoldaşı Firuzə Hüseynova onun belə xatırlayır: "Mətbəxdə işləyərdi səhərə kimi çayını qoyardı. 2 saat yatardı, durardı işə gedərdi-gələrdi yenə işləyərdi".

İşləri, yaratdığı əsərləri kimi özü də əvəzedilməz idi. Həm də qeyri-adi. Onu hər kəs anlamazdı. Əsərlərini hər kəs dərindən başa düşməzdi. Qeybdən səslər eşidirəm, İsa peyğəmbərlə danışıram deyəndə onu dəli də adlandırmışdılar. O, bu dünyanın adamı deyildi axı. Bir dəfə ona siz dəlsiniz ya ağıllı sualı veriləndə isə demişdi ki, mən yerlə-göy arasında olan neytral adamam.

Xalq yazıçısı İsa Hüseynov deyərdi: "Mən yer üzərində yeganə adamam ki, ün eşidirəm. Ün eşitdiyim adamı da tanıyıram. İsa adında Eysar adında olduğunu bilirəm".

İki dəfə kliniki ölüm keçirən bu insanla nə yaxşı ki, sağlığında görüşmək mənə də nəsib oldu. Ondan ədəbiyyatımız üçün dəyərli əsərlər qaldı. Mənə isə bu əsərlərdən əlavə, həm də xatirə kimi ondan götürdüyüm müsahibə qaldı. Bir sualıma yazıçının cavabı isə heç vaxt yadımdan çıxmayacaq. Onun qəhrəmanları olan iki aşığın Səmədlə Gülgəzin hətta əllərinin, tellərinin belə bir-birini sevməsini yazması bu sualımı qaçılmaz etmişdə o vaxt. Siz elə bir sevgini yaşadınızmı? Təkcə Firuzə xanımı sevdim. Sevmək odur ki, gərək insan bir-birinin həmişə yanında olsun dedi. Firuzə xanım da həmişə onun yanında oldu. O, isə bu gün Firuzə xanımın yanında deyil. Əfsanə saymadığı əbədiyyətdədir. Muğanna haqda yazarlardan biri belə dedi. O, zamandan kənar, zamanın sıfırlandığı anda dünyadan köçdü. 00:00-da. Əsl İsa ölümü. Həm də fərqli bir ölüm. Özünün vəsiyyətinə əsasən qəbri üzərində çalınan hay-haraylı "Ruhani" havası ilə Muğanna köçünü çəkdi. (Hesabat)



Sizin Reklam Yeriniz