Əlaqə Arxiv
news Image
2014.06.03
15:28
| A A A
"Aqrolizinq"in cinayət dosyesi

"Aqrolizinq" ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin saytında yer alan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material araşdırılıb. ANS PRESS Hesablama Palatasısının cinayət işinin açılmasına əsas vermiş hesabatını təqdim edir:

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin Şəki regional logistik bazası tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb.

Audit nəticəsində bir çox hallarda normativ hüquqi aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquqi pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib.

Belə ki, 05 dekabr 2013-cü il tarixə maddi-məsul şəxsin öhdəsində 16,75 ton miqdarında ammofos gübrəsi və 0,15 ton miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının 2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar edilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması Qaydaları"nın tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək qaimə-fakturalarla 186,9 ton, 13 halda fiziki və hüquqi şəxslərin güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatı otlaq, örüş, biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında qaimə-fakturalarla 347,8 ton, 31 halda "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi"nin, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən aidiyyəti dövlət orqanlarından müvafiq razılıq alınmadan icarəyə verilmiş, yerli rayon icra hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqlardan qanunsuz olaraq subicarə müqavilələri ilə icarəyə verilən örüş sahələri üzrə şəxslərə, o cümlədən artıq göstərilmiş əkin sahəsinin icarəyə verilməsinin sənədləşdirilməsi hesabına 812,5 ton mineral gübrənin istehsalçılara satıldığı sənədləşdirilən, lakin faktiki olaraq əkin sahəsinə aid olmayan torpaq sahələrinə və bələdiyyələrin torpaq fondunda əkin sahəsindən artıq icarə müqavilələrinin yazılması hesabına, bəzi hallarda isə təsdiqedici sənəd olmadığı halda və şəxslərin adına qaimə-faktura yazılmaqla ümumilikdə 1347,2 ton mineral gübrə artıq və əsassız olaraq məxaric edilmiş, artıq və əsassız məxaric edilmiş mineral gübrənin 50%-i dəyəri istehsalçıların adından kassaya mədaxil olunmuş, qalan 50%-i dövlət büdcəsinə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt hesabına bağlanıb.

Eyni zamanda, auditlə əhatə olunan dövrdə güzəştlə mineral gübrə alınması üçün müraciət ərizəsinə əkin sahəsinə dair pay torpaqlarının başqa şəxslərə icarəyə verilməsi barədə notarial qaydada təsdiq edilməyən müqavilə əlavə edilib. Bazanın əmtəəşünasının auditlə əhatə olunan bütün dövrdə faktiki işə çıxmadığı və onun tərəfindən heç bir iş yerinə yetirilmədiyi halda, ona əmək haqqı hesablanılaraq ödənilmişdir. Auditin gedişatında Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən mineral gübrə çatışmazlığı üzrə 12788,8 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Auditin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək Kollegiya Qərarı qəbul edilmiş və müvafiq məlumat Milli Məclisə göndərilmiş, Kənd Təsərrüfatı Nazirliyinə təqdimat verilmiş, həmçinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hesabat ilində "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin Şəki rayon aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Şəki Aqroservis Filialı Əsasnaməsinə görə "Aqrolizinq" ASC-nin struktur vahidi olmaqla funksiyalarının bir hissəsini yerlərdə həyata keçirən, hüquqi şəxs olmayan ayrıca struktur bölməsidir. Təqdim olunmuş məlumatlara əsasən auditin əhatə etdiyi dövrdə Filial kənd təsərrüfatı məhsullarının istehsalçılarına, onların sifarişləri əsasında bilavasitə və ya nəzdində olan mexanikləşdirilmiş dəstələrin köməyilə Cəmiyyət tərəfindən verilmiş kənd təsərrüfatı texnikaları vasitəsilə aqrotexniki xidmətlər göstərib, mineral gübrələrin saxlanmasını, daşınmasını və qaydalara uyğun istifadəçilərə güzəştli satışını təşkil edib. 

Audit nəticəsində bir çox hallarda normativ hüquqi aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, 2008-2009-cu illərdə buğda istehsalçılarına satılan mineral gübrənin 70%-nin güzəştlə satılmasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə" 2008-ci il 22 sentyabr tarixli, 226 nömrəli Qərarına və "Aqrolizinq" ASC-nin 2008-ci il 25 sentyabr tarixli əmrinə istinad edilməklə, həmin qərarla təsdiq edilmiş Qaydalardakı prosessual tələblərə əməl edilməyərək təsdiqedici sənədlərin toplanılması, onların ekspertizası təmin edilmədən və qabaqcadan ödəniş həyata keçirilmədən 1224,45 ton miqdarında superfosfat gübrəsinin 2011-ci ildə hüquqi əsas olmadan 70% güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına satıldığı sənədləşdirilib, eyni zamanda satışdan əldə edilməli olan vəsait Filialın kassasına daxil edilməyib.

2011-ci ildə 50% güzəştlə 982,9 ton miqdarında superfosfat gübrəsinin satılmasından əldə edilməli olan vəsaitin yalnız bir hissəsi Filialın kassasına mədaxil edilmiş və Filialın mühasibat sənədlərində debitor borcun yaranması halı göstərilsə də, borcun yığılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməmişdir. 2011-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmalı olan superfosfat gübrəsindən yalnız 400 tonu 3 halda kənd təsərrüfatı istehsalı müəssisəsinə vəkalətnamə əsasında Filialın cavabdeh şəxsləri tərəfindən məxaricə silinərək həmin müəssisə üzrə debitor borca aid edilmiş, qalan superfosfat gübrəsi isə düzgün olmayaraq müxtəlif şəxslərin adına məxaricə yazılmış və 4 hüquqi şəxsin adından güzəşt məbləğinin müəyyən hissəsi "Aqrolizinq" ASC-yə ödənilmiş, qalan məbləğ isə gübrə almadıqları halda müxtəlif şəxslərin adında borcda saxlanılmışdır. Nəticədə Filialın cavabdeh şəxsləri tərəfindən hüquqi qüvvəsi olmayan sənədləşmələr əsasında superfosfat gübrəsi mal dövriyyəsindən və uçotdan yayındırılmış və faktiki mövcudluğu müəyyən edilməyib.

2012-ci ildə 50% güzəştlə 402 ton miqdarında superfosfat gübrəsinin, 2000 ton azot gübrəsinin satışından daxil olmalı olan vəsaitin yalnız bir hissəsinin Filialın kassasına daxil olduğu, nəticədə superfosfat və azot gübrələri üzrə debitor borc yaranmışdır. 2012-ci ildə Filialın cavabdeh şəxsləri tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmalı olan azot gübrəsindən 1486,8 tonu düzgün olmayaraq müxtəlif şəxslərin adına məxaricə yazılmış və güzəşt məbləğindən bir hissəsi 115 nəfərin adından "Aqrolizinq" ASC-yə ödənilmiş, qalan məbləğ isə gübrə almadıqları halda müxtəlif şəxslərin adında borcda saxlanılmışdır ki, nəticədə hüquqi əsası olmayan və hüquqi prosessual tələblər gözlənilmədən azot gübrəsi mal dövriyyəsindən, eləcə də uçotdan yayındırılmış və faktiki mövcudluğu müəyyən edilməmişdir. 06 dekabr 2013-cü il tarixə Filialın anbarında 75 ton miqdarında kalium gübrəsi və 86 ton miqdarında nitroamafoska gübrəsinin çatışmadığı aşkar edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 noyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılması Qaydaları"nın tələblərinə müvafiq olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması zamanı gübrənin dəyərinin güzəşt tətbiq edilməyən hissəsinin qabaqcadan alınmasının və ya 10%-nin əvvəlcədən, qalan hissəsinin isə müəyyən edilmiş qaydada girov (ipoteka) müqaviləsi bağlanılmaqla bir il müddətinə ödənilməsinin təmin olunmaması, həmçinin audit dövrünün əvvəlinə olan borcların ləğv edilmək əvəzinə gübrənin yenidən iri debitor borcu olan şəxslərin adlarına məxaricə yazılması və borc məbləğinin artırılması səbəbindən hesabat dövrünün sonuna əvvəlki illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə satılması rəsmiləşdirilmiş mineral gübrələr üzrə böyük məbləğdə debitor borc qalığı olub.
Debitor borcun reallığının araşdırılması nəticəsində müəyyən edilib ki, Filialın uçotunda mal qalığı olmadığı və məxaric sənədləri siyahısında, habelə gübrənin məxaricinə dair yazılmış qaimə-fakturaların xüsusi qeydiyyat kitabında qeydiyyatda olmayan qaimə-faktura ilə kənd təsərrüfatı istehsalı müəssisəsinə 390 ton ammonium-nitrat gübrəsinin məxaricə verildiyi sənədləşdirilərək gübrə üzrə uçotda göstərilən borc süni şəkildə artırılıb.

Auditlə əhatə olunan dövrün əvvəlinə pestisidlər üzrə amin duzuna, puma superə, Bİ-58-ə, polirama və sumi alfaya görə böyük məbləğdə debitor borcunun olduğu müəyyən edilmiş, 2011-ci ildə istifadəçilərə satıldığı sənədləşdirilmiş pestisidlərin dəyərindən auditlə əhatə olunan dövrdə Filiala yalnız 1 hüquqi şəxs üzrə vəsait ödənilib, Filial ilə dövlət kənd təsərrüfatı istehsalat müəssisəsi arasında mineral gübrə və pestisidlər üzrə aparılan qarşılıqlı üzləşdirmə aktında Filialın pestisidlərdən yaranan debitor borc məbləği ilə hesabatda göstərilən borc məbləği arasında fərq müəyyən edilib, nəticədə pestisidin məbləği əsassız olaraq uçotdan yayındırılıb.

Pestisidlərin satışı üzrə debitor borclarının tərkibində iri debitor borcu olan fiziki və hüquqi şəxslərin borclarının araşdırılması ilə müəyyən edilmişdir ki, audit dövrünün əvvəlinə olan borclar ləğv edilmədiyi halda yenidən həmin şəxslərə pestisid məxaricə verilmiş, nəticədə borc məbləği artmışdır. Kənd təsərrüfatı texnikası üzrə "Aqrolizinq" ASC-yə Filialın kreditor borcu yaranmış və illər üzrə artıb. Auditlə əhatə olunan illərdə Filial tərəfindən kənd təsərrüfatı texnikalarının müvəqqəti istifadəsi üçün müxtəlif fiziki şəxslərlə lizinq müqavilələrinin bir il və ya daha da az müddətində bağlanılmasına baxmayaraq müqavilə müddəti uzadılmadan həmin texnikalar üçün servis xidmətinə görə haqq ödənilmədən uzun müddət fiziki şəxslərin istifadəsində qalmış, kənd təsərrüfatı texnikalarının lizinq müqavilələri ilə servis xidməti üçün müxtəlif fiziki şəxslərə istifadəyə verilməsindən yaranmış debitor borcu məbləğinin Filial tərəfindən uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmayıb.

Kənd təsərrüfatı texnikalarının müvəqqəti istifadəsindən ödəmələrin araşdırılması zamanı 10 nəfər fiziki şəxs üzrə ödənilmiş vəsaitin bir hissəsinin Filialın kassasına az mədaxil olunduğu müəyyən edilmiş, Filialın sərəncamında olan kənd təsərrüfatı texnikalarının Filialda və istifadəçilərdə faktiki qalığının 06 dekabr 2013-cü il tarixə sayılması nəticəsində maddi məsul şəxsin öhdəsində 2 adda 17 ədəd texnikanın faktiki mövcudluğu müəyyən edilməmiş, 26 özüyeriyən texnika, o cümlədən 19 ədəd kombayn, 1 ədəd ekskavator və 6 ədəd traktor Filialın həyətində istifadəsiz saxlanılmış, operativ lizinq müqavilələri ilə servis xidməti üçün müxtəlif fiziki şəxslərə istifadəyə verilmiş özüyeriyən kənd təsərrüfatı texnikalarının əksəriyyətində faktiki məhsuldarlığı müəyyən edən motosaat mexanizminin işləmədiyi müəyyən edilmişdir.
Kassa əməliyyatı üzrə "Aqrolizinq" ASC-nin təqdim etdiyi arayışa əsasən Filial müdirinin təhtəlhesab şəxs kimi 01 yanvar 2011-ci il tarixə yaranmış və hal-hazırda ASC-yə mövcud olan kreditor borcu filialın uçotunda öz əksini tapmamış, auditin əhatə etdiyi dövrdə isə ona təhtəlhesab şəxs kimi verilmiş vəsait təsdiqedici sənədlər olmadan silinib.

"Aqrolizinq" ASC tərəfindən Filialın balansına verilmiş 2 ədəd yanacaqdaşıyan, 1 ədəd Kamaz markalı özüboşaldan, 1 ədəd QAZ-3309 markalı avtoyükləyici, 1 ədəd avtotəmir nəqliyyat vasitəsinin Filialın ərazisində olmadığı, o cümlədən Filialın sürücü ştatının saxlanılmadığı müəyyən edilmiş və Filial ilə kənar şəxslər arasında icarə müqavilələri bağlanmadan nəqliyyat vasitələrinin istifadəyə verildiyi müəyyən edilmişdir. 
Auditin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək Kollegiya Qərarı qəbul edilmiş və müvafiq məlumat Milli Məclisə göndərilmiş, Kənd Təsərrüfatı Nazirliyinə təqdimat verilmiş, həmçinin "Aqrolizinq" ASC-nin Şəki rayon aqroservis filialının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və digər bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq auditin nəticələri üzrə yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

"Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz Aqroservis Filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Təqdim olunmuş məlumatlara əsasən auditin əhatə etdiyi dövrdə Horadiz Aqroservis Filialı kənd təsərrüfatı məhsullarının istehsalçılarına, onların sifarişləri əsasında bilavasitə və ya nəzdində olan mexanikləşdirilmiş dəstələrin köməyilə Cəmiyyət tərəfindən verilmiş kənd təsərrüfatı texnikaları vasitəsilə aqrotexniki xidmətlər göstərmiş, mineral gübrələrin saxlanmasını, daşınmasını və qaydalara uyğun istifadəçilərə güzəştli satışını təşkil edib.

Bununla yanaşı, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilmişdir. Belə ki, Horadiz aqroservis filialının hüquqi şəxs statusu olmasa da, Cəmiyyət və fiziki şəxslərlə lizinq müqavilələri bağlanılmış, lakin faktiki olaraq istifadə hüququ tətbiq edilmiş, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmayan və ya sürücülük vəsiqəsinin vaxtı keçən 5 nəfər fiziki şəxslə müqavilə bağlanmış, Cəmiyyət tərəfindən büdcə vəsaiti hesabına alınmış və Filiala lizinq yolu ilə istifadəyə verilən aktivlərin uçotu hər bir texnika üzrə fərdi uçot vərəqəsi açılmadan siyahıyaalma üsulu ilə aparılmış, inventarizasiya nəticəsində Filialda texnika artıqgəlməsi və əskikgəlməsi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən Filialın istifadəsinə istehsalat zərurəti yaranmadan lüzumsuz olaraq verilmiş yanacaqdaşıyan avtomaşınların xidmətlərindən təsərrüfat ehtiyacları üçün ümumiyyətlə istifadə olunmayıb.

Filial və traktorçu-mexanizatorlar tərəfindən müqavilə öhdəliklərinə əməl edilməyərək lizinq yolu ilə istifadəyə götürülən texnikalar üzrə lizinq ödənişlərinin vaxtında və tam məbləğdə həyata keçirilməməsi, Filial tərəfindən texnikalardan istifadənin səmərəli təşkil edilməməsi, Cəmiyyət qarşısında lizinq ödənişlərinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, istifadə edilən texnikaların dəyərinin ödəniş qrafiklərinə əməl edilməməsi səbəbindən Filialın Cəmiyyətlə hesablaşmalar üzrə böyük məbləğdə kreditor borcu yaranmış və audit dövrünün əvvəlinə nisbətən sonunda 2,5 dəfə artıb.

36 ədəd kombaynın dəyərinin ödənişinə görə Filialın öhdəlik üzrə ödəniş əmsalı 52,72% kəsirdə qalaraq borc qalığı yaranmış və kombaynların dəyərinin ödənişi üzrə borc qalığı Filialın texnikaya görə ümumi borcunun 41,78%-ni təşkil etmiş, 2008-ci ildə Filiala 8 il müddətinə istifadəyə verilmiş 2 ədəd kombayn lizinq yolu ilə istifadəyə götürüldüyü halda, istifadəyə yararsız texnika kimi 6 il müddətində açıq şəraitdə saxlanılıb, istifadəyə yararsız olduğu halda, bəzən Cəmiyyətə onların dəyərinin ödənişi üzrə cüzi lizinq ödənişləri aparılıb. 

29 kombayn üzrə yanacaq sərfinə və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş müvafiq məlumatlar əsasında aparılan hesablamalar, həmçinin iş məlumatları və uçot sənədlərində olan məlumatlar nəzərə alınmaqla mövcud imkanlardan az taxıl biçildiyi, biçinə cəlb edilmiş kombaynların iş məlumatlarında görülmüş işlərin həcminin az göstərilməsi, taxıl biçininə cəlb edilmiş kombaynların gördüyü işlərin dəyərinin sifarişçi tərəfindən ödənilməsinə baxmayaraq, texnikanın dəyəri üzrə ödənişlərin aparılmaması səbəbindən kombaynların dəyərinin ödənişi üzrə öhdəliyin Filial tərəfindən kəsirlə icra olunduğu, 4 istifadəçi-kombaynçının hər biri üzrə müvafiq sahədə taxıl biçini işləri aparılmasına baxmayaraq, Cəmiyyətə həmin kombaynlar üzrə dəyərinin ödənişinin həyata keçirilmədiyi müəyyən olunub.
Müvafiq məlumatlar əsasında aparılan təhlillə gübrə səpini, şumlama işləri və dənli bitkilərin toxum səpini işlərinin hesabatlarda az göstərildiyi, taxılsəpənlər vasitəsilə müəyyən sahədə taxıl səpini aparılmasına baxmayaraq, Cəmiyyətə onların dəyəri üzrə heç bir lizinq ödənişi həyata keçirilmədiyi müəyyən olunub.

Şirvan logistik bazasından saxlanca götürülmüş 1 ədəd ekskavator və 1 ədəd özüyeriyən otbiçən 4 il müddətində açıq havada saxlanılaraq istifadə olunmamış, Filialın istifadəsinə verilmiş texnikaların lizinq müqavilələrinə əlavə edilən ödəniş qrafikinə əsasən lizinq öhdəliklərinin tam icrası üçün tələb olunan sahəyə nisbətən şumlanma, çiləmə, toxum səpini və taxıl biçini işləri az həyata keçirilib. Hər hektara iş vahidinin dəyərinin azaldılması hesabına nağd hesablaşmalarda gəlirlər azaldılıb, görülən işlərin həcmi barədə məlumat formaları Filialın kassasına faktiki mədaxil olunan pul vəsaitinə görə tərtib edilmiş, bəzi hallarda, görülmüş işlərin həcmi faktiki göstəricilər əsasında deyil, mexanizatorlar arasında bərabər həcmdə bölünmüş və buna müvafiq olaraq hər bir mexanizator tərəfindən eyni məbləğdə vəsait Filialın xəzinəsinə mədaxil edilmiş, mexanizatorların iş məlumatlarında texnikanın motosaat göstəriciləri barədə müvafiq qeydlərin aparılması və uçota alınması işi tam və dəqiq həyata keçirilməmiş, rayon ərazisində aqroservis xidmətlərinin göstərilməsinə tələbatın yüksək olmasına baxmayaraq, bəzi texnikalardan az istifadə edilib.

Cəmiyyətin aqroservis filialları tərəfindən xidmətlər göstərilməsinə dair müvafiq qaydalar mövcud olmamış, fərdi kənd təsərrüfatı istehsalçılarına servis xidmətləri şifahi müraciətlər əsasında göstərilmiş, görülmüş işin həcmini təsdiq edən hər hansı sənəd tərtib edilməmiş, aqroservis xidmətlərindən daxilolmalar kassaya nağd formada mədaxil edilmiş və nağd qaydada xərclənmiş, göstərdikləri aqrotexniki xidmətlərin ümumi həcminə görə Filial tərəfindən 2011-ci ildə 44 nəfər mexanizatora, 2012-ci ildə 36 nəfər mexanizatora artıq xidmət haqqı ödənilmiş, ehtiyat hissələri qanunvericiliyin tələblərinə uyğun olmayan alış və ödəniş sənədləri tərtib etməklə və alınmasını təsdiq edən hesab-fakturalar və dəyərinin ödənilməsini təsdiq edən ödəniş sənədləri olmadan alınmış və təmirə ehtiyacı olan hər bir texnikaya qüsur aktı yazılmadan istifadə olunduğu sənədləşdirilib.

Mineral gübrənin alınması barədə istehsalçılar tərəfindən ərizə ilə Filiala müraciət edilmədiyi, həmçinin rayon ərazisində əkin-səpin işləri aparılmadığından mineral gübrəyə ehtiyac olmadığı halda, Filialın cavabdeh şəxsləri tərəfindən 29 nəfər fiziki şəxsin adından mineral gübrə alınması barədə ərizələr yazılmış, imzalanmış və xüsusi kitabda qeydiyyata alınıb və dəyərinin 50%-i məbləğində vəsait onların adından Filialın xəzinəsinə qabaqcadan ödənilib, nəticədə gübrə güzəştdən istifadəyə hüququ və aidiyyəti olmayan şəxslərə satılıb.
Mühasibat müxabirləşmələri, dövriyyə cədvəlləri tərtib edilməmiş və Baş kitab aparılmamış, bütün xərclərin bir nəfər (Filialın müdiri) tərəfindən təkbaşına və nağd qaydada həyata keçirilməsi Filialdaxili "nəzarət riski"ni artırıb, gəlirlərin uçotunun aparılmasında təhriflərə və ya qüsurlara yol verilmiş, texnikaların, əsas vəsaitlərin analitik uçotu aparılmayıb. Filial tərəfindən auditlə əhatə edilən dövrdə büdcə təsnifatı üzrə xərclərdə təyinat dəyişikliklərinə yol verilib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə Qərar qəbul etmiş, həmin Qərar icra üçün Kənd Təsərrüfatı Nazirliyinə, "Aqrolizinq" ASC-yə və Horadiz Aqroservis Filialına göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Kollegiya Qərarının icrası üzrə təqdim edilmiş məlumatda 14645,7 manat məbləğində vəsaitin Cəmiyyətə, 31145,2 manat məbləğində vəsaitin müəssisənin kassasına ödənildiyi, 445,0 manat məbləğində əsas vəsaitin uçota bərpa edildiyi, 59865,0 manat məbləğində vəsaitin kassaya mədaxil edilməklə ehtiyat hissələri alınaraq anbara natura ifadəsində bərpasının təmin olunduğu qeyd edilib. Həmçinin Qərarın bəzi bəndlərinin icrası ilə əlaqədar tədbirlərin davam etdirildiyi və nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilib. 

Cinayət işinin açılmasına baxmayaraq "Aqrolizinq" ASC-nin sədri Əli Bayramov səhhətində yaranmış problemlə bağlı ölkəni tərk edib.

Sizin Reklam Yeriniz