Əlaqə Arxiv
news Image
2014.07.03
18:26
| A A A
Respublika Baytarlıq Xidməti: "Xəstəlik olan ət şadlıq evlərinə, dönərxanalara, ət satışı məntəqələrinə verilir”

"Azərbaycanda ət sektorunun inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur. Bunun üçün hazırda Avropa Şurasından dəvət olunmuş ekspertlərlə birgə iş görülür". Bu sözləri APA TV-də efirə gedən "Sosium" proqramının qonağı, Respublika Baytarlıq Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib.Qonaq ət və ət məhsullarının istehsalı sahəsində Avropa təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb: "Biz beynəlxalq ekspertlərlə birgə vahid strategiyanın hazırlanması üzərində çalışırıq. Oradakı qanunların Azərbaycanda tətbiqinə ehtiyac var".
Ramiz Salmanov son günlər Respublika Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb müsadirə olunan 3 ton ətlə bağlı məsələyə aydınlıq gətirib: "Etiraf edək ki, Bakıya bəzən müxtəlif yollarla ət gətirilir. Bu məsələ daim Baytarlıq Xidmətinin nəzarəti altında olsa da, bəzən istisnalar da olur. Laborator analizlər nəticəsində aşkarlanan həmin ətdə insanlarda müxtəlif xəstəliklərə səbəb ola biləcək bakteriyalar tapıldığından 3 ton ət müsadirə olunaraq heyvanat parkına verilib. Lakin təəssüf ki, bəzən belə məhsullar dönərxanalara, iaşə müəssisələrinə, şadlıq evlərinə, hətta ət satışı məntəqələrinə və kolbasa sexlərinə də verilir. Nəzərinizə çatdırım ki, Bakının 27 bazarında sanitar nəzarət məntəqəsi var. Lakin əhalidə belə bir fikir formalaşıb ki, ətin üzərində nəzarət damğa nişanı varsa, bu ət kombinatının məhsuludur. Bir çox alıcılar belə əti almaq istəmirlər. Əksəriyyət gözü qarşısında kəsilən əti almağa üstünlük verir. Lakin bilmirlər ki, heyvanlardan keçən ən ağır xəstəliklər – brüselyoz, dabaq, quduzluq və s. məhz belə heyvanlarda daha çox olur. Bu məsələnin ətin göz qabağında kəsilib kəsilməməsi ilə əlaqəsi yoxdur. Bu işdə alıcılar həmişə, xüsusilə də infeksiyaların sürətlə yayıldığı yay mövsümündə diqqətli olmalıdırlar. Ət alarkən onun üstündə nəzarət nişanının olmasına, aldıqları yerdə sanitar-gigiyenik qaydalara riayət olunmasına fikir verməlidirlər".
Qonaq bu sahədə məmur səhlənkarlığının da ola biləcəyini istisna etmir, lakin onun sözlərinə görə belə hallar çox az ola bilər: "Bütün sahələrdə olduğu ki, bizim işimizdə də öz işinə diqqətlə yanaşmayanlar ola bilər. Lakin mən inanmıram ki, kimsə özü də başda olmaqla, insan sağlamlığını hansısa maraqlara qurban versin. Bunun qarşısının alınması üçün baytarlarla tez-tez görüşlər keçirilir. Onların da işinə rəhbərlik tərəfindən ciddi nəzarət var. Bəzi xəstəlikləri ixtisaslı həkimlər laborator analizlər olmadan da müəyyənləşdirə bilirlər. Heyvanın tükünün sığallı olmasına, gözünün islaq olub-olmamasına və s. xarici əlamətlərə görə onda xəstəlik olduğunu aşkarlayan heç bir baytar həkim həmin heyvanın ətinə sağlam ət kimi möhür vurmaz".
Ramiz Salmanov dövlətin bu sahədə təhlükəsizliyin təmin olunmasına böyük diqqət yetirdiyini bildirib: "Hər il dövlət tərəfindən heyvanlarda olan xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması üçün büdcədən vəsait ayrılır. Məlumat üçün qeyd edim ki, hal-hazırda Azərbaycan Respublikasının ərazisi epizodik xəstəliklərə görə tamamilə təhlükəsizdir. Qida təhlükəsizliyinin qorunması üçün həm ölkə rəhbərliyi, həm də baytarlıq idarəsi bütün lazımi tədbirləri görür".
Qonaq əhalini ictimai iaşə obyektləri və açıq dönərxanalarla bağlı diqqətli olmağa çağırıb: "İnsanlar ətin tam emal olunmadığı dönərxanalarda, yeməkxana və kafelərdə çox diqqətli olmalıdırlar. Kolbasa sexlərinə gəldikdə isə, burada ət termik işləmədən keçir və emal olunur. Düzdür, əgər xəstəlik varsa, bu heç bir təqdirdə qida sektoruna düşməməlidir, amma həmin məhsulların kolbasa sexlərinə getməsi, dönərxanalara getməsindən yaxşıdır".
Ramiz Salmanov ət kəsimi ilə bağlı görülən işlərdən də danışıb: "Yaxın 5 il ərzində beynəlxalq ekspertlərlə birlikdə ət sektorunun inkişaf konsepsiyasının hazırlanması nəzərdə tutulur. Hazırda Gəncə şəhərində Qafqazda analoqu olmayan müasir standartlara uyğun kəsimxana tikilir. Ət kəsiminin tamamilə yığışdırılıb bir mərkəzdə cəmlənməsi üçün müəyyən zamana ehtiyac var. əgər birdən-birə bunu qadağan etsək, ət böhranı yaranar. Ümidvaram ki, yaxın 1,5 - 2 ilə bu problem aradan qalxacaq".

Qonşu respublikalarda mal-qarada xəstəliyin aşkar olunması ilə bağlı narahatçılığa əsas olmadığını deyən qonaq belə halın olmaması üçün tədbirlərin görüldüyünü də deyib: "Biz bu məsələ ilə bağlı qonşu İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlamışıq. Bu məsələdə xüsusi əməkdaşlıq çərçivəsində işləyirik. Əlbəttə, İranda mal-qarada belə xəstəliyin olması yaxşı hal deyil. Bu xəstəlik hava və həşəratlar vasitəsilə keçən xəstəlikdir. Yalnız heyvanlar üçün zərərli olan bu infeksiya insanlar üçün qorxulu deyil".

Sizin Reklam Yeriniz